XİN rəsmisi Lyubov Kazarnovskaya etirazını bildirib Siyasət

XİN  rəsmisi Lyubov Kazarnovskaya etirazını bildirib

Hikmət Hacıyev: "Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkilini qəti şəkildə qınayırıq"

"Sentyabrın 2-də Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkilini qəti şəkildə qınayırıq".
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir: "Ədalət və sülhdən danışan Kazarnovkayaya xatırlatmaq istərdik ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralıda yerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırımı törədilib. Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa, bu faciənin qurbanı olmuş azyaşlılardan və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər. Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilib".
Hikmət Hacıyev qeyd edib ki, konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcək.