USCIF-in tənqidləri yersizdir Siyasət

USCIF-in tənqidləri yersizdir

Əgər Azərbaycanı insan hüquqları ilə bağlı tənqid etmək lazımdırsa, bunun dini əsaslar üzrə edilməsi yersizdir və tarixin də göstərdiyi kimi, istənilən nəticələri vermir.

Cavid

Dini tolerantlığına görə tanınan və yüksək qiymətləndirilən Azərbaycan Respublikası son illərdə Beynəlxalq Din Azadlığı üzrə ABŞ Komissiyasının (USCIF) sərt tənqidlərinin hədəfinə çevrilib. Belə görünür, əsl vəzifəsinin nə olduğunu qarışdıran komissiya din və din azadlığı ilə əlaqəsi olmayan siyasi məsələlər haqqında bəyanatlar verir və Azərbaycandakı yer adlarına erməni dilində istinad etməsi istəmədən informasiya mənbələrini ortaya çıxarır. Komissiya, eyni zamanda, ölkəni tənqid edərkən İran mollarının cümlələrindən də tez-tez istifadə edir. Təəssüf ki, bu, komissiyanın şəxsi qərəzi olduğunu və təcrübə azlığını göstərir.
"Washington Post"da gedən məqalədə bildirilir ki, nəticə etibarilə, komissiya verdiyi bəyanatlarda Ermənistandan və İran dövlətinin Azərbaycanı həddən artıq dünyəvi olduğuna görə qınamaq üçün istifadə etdiyi eyni mənbələrlə işləyən QHT-lərdən eşitdiklərini təkrarlayır. Azərbaycanın dini tolerantlıq baxımından problemli ölkələr siyahısında 2-ci kateqoriyaya salınması komissiyanın mühakimə qabiliyyəti və uzaqgörənliyinin olmadığını göstərir. Bu kateqoriyada Azərbaycanı kommunist və ateist Kuba və İslam Əmirliyi olan Əfqanıstan kimi totalitar və qeyri-stabil rejimlər müşayiət edir.
Sıralamada Azərbaycanın bu kateqoriyaya salınmasının əsas səbəbi Azərbaycan parlamentinin 2013-cü ildə ekstremizm və xarici missionerlik fəaliyyətinin yayılmasının qarşısını almaq üçün qəbul etdiyi "məhdudlaşdırıcı dəyişikliklər"dir. Komissiya bu dəyişikliklərin din azadlıqlarını məhdudlaşdırdığını, Azərbaycan polis və rəsmilərinin ekstremist dini qruplara qarşı tətbiq etməli olduqları cərimə, polis reydləri və digər fəaliyyətlərə bəraət qazandırmaq üçün istifadə edildiyini iddia edir.
Komissiya hesabatında hökumətin dini idarə etməsinə misal gətirdikləri:
- Məktəblərdə hicab geyilməsinə qadağa qoyulması. Əslində, bu, bir qadağa deyil, sadəcə bütün dövlət məktəblərində tətbiq edilən vahid forma qaydasıdır. Belə bir oxşar siyasət Fransada da mövcuddur.
- Dini materialların istehsalı, idxalı, ixracı və yayılması üçün dövlət icazəsinin tələb edilməsi.
Hökumətin ekstremist fəaliyyətlər üçün istifadə olunmaqda şübhəli bilinən əksəriyyəti məscidlər olmaqla, bir sıra ibadət evlərini bağlaması.
Komissiyanın başa düşmədiyi odur ki, qoyulan bu məhdudiyyətlər demokratiyanın, eləcə də, Azərbaycan xalqının təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. Qafqaz regionunda yerləşən Azərbaycanın əhatəsində azadlıq və stabillik üçün təhlükə təşkil edən dövlətlər yerləşir: şimalda Rusiya, cənubda İran, cənub-qərb və qərbdə Ermənistan. Azərbaycan əhalinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkələr içində Suriya, Livan, Tunis, Liviya və başqa bir çoxları kimi ekstremist ideologiyaların ələ keçirmədiyi yeganə ölkələrdən biridir.
Azərbaycanda qadınlar hələ də müəyyən səlahiyyətlərə malikdirlər. Yəhudilər kimi dini azlıqlar təhlükəsiz və azad həyat sürürlər. Bu şəraiti yaradan isə hökumətin göstərdiyi səylərdir.
Komissiya tərəfindən verilən hesabatın bir hissəsi tövsiyyələrdəni ibarətdir. Bu tövsiyyələrdən biri də ABŞ hökumətinin Azərbaycanda din azadlığı və insan hüquqları məsələlərini ön plana çəkməsidir.
Azərbaycan üçün mükəmməl sözünü hələ işlədə bilmərik və ölkə tam formalaşmış demokratiyaya çevrilmək üçün hələ çox iş görməlidir. Bununla belə, əgər Azərbaycanı insan hüquqları ilə bağlı tənqid etmək lazımdırsa, bunun dini əsaslar üzrə edilməsi yersizdir və tarixin də göstərdiyi kimi, istənilən nəticələri vermir.
Bundan başqa, hesabatda göstərilən tövsiyyələrdə beynəlxalq platformalarda Azərbaycanın din azadlığı ilə bağlı keçmişinin ictimai nəzarət altına alınması, xüsusilə, Azərbaycan dilində olmaqla, radio, internet və digər vasitələrlə Azərbaycanın insan hüquqları və din azadlığı ilə bağlı keçmiş təcrübələrinin izlənilməsi dəstəklənir.
Administrasiya başqa bir ölkəni araşdırmazdan və qınamazdan əvvəl özünə baxmalıdır. 2007-ci ildə Amerika Qəzzə zolağında demokratik seçkilər keçirilməsinə çağırdığı vaxt Hamas regionu ələ keçirdi. İndi Qəzzə zolağı cinayətlərin bürüdüyü terrorist anklavıdır. 2012-ci ildə ABŞ Misirdə müxalifəti və Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsini dəstəklədi. Misirdə demokratiyanın qeyd edilməsi üçün keçirilən mərasimləri saxlayan "Müsəlman Qardaşlar" tərəfindən ələ keçirilən ölkə hal-hazırda Mübarəkdən də məhdudlaşdırıcı rejim tərəfindən idarə olunur. Amerika İraqda Səddam Hüseyni hakimiyyətdən devirərək ölkəni başsız qoydu. Amerika qoşunlarının ölkədən çıxarılmasından qısa müddət sonra İslam dövləti ölkənin əksəriyyətini ələ keçirdi. Liviyaya gəldikdə isə ABŞ ölkədə stabiliyyin pozulduğunu, regional təhlükəsizliyə qarşı böyük bir təlükəyə çevrildiyini görmək üçün diktator Müəmmar Qəddafinin hakimiyyətdən getməsini dəstəklədi.
ABŞ-da mətbuat azadlığı da olduqca pozulub. Dijital jurnalistlərə qarşı hücumlar və dövlət tərəfindən kütləvi nəzarətlə bağlı ifşalarla yadda qalan 2013-cü ildə "Reporters without Borders" mətbuat azadlığına görə ABŞ-ın 46-cı yerdə olduğunu bildirmişdi. ABŞ-da nifrət cinayətləri də artmaqdadır. Buna misal olaraq bu yaxınlarda dini səbəblərdən dolayı Floridada bir ravvinin bıçaqlanmasını və 2014-cü ilin payızında Kanzas ştatının Overlend-Park şəhərində yerləşən Yəhudi İcmaları Mərkəzində üç nəfərin ölümü ilə nəticələnən və ağdərili bir irqçi tərəfindən başladılan atışmanı göstərmək olar.
Azərbaycan inkişaf üçün yeni fürsətlər və din azadlığının təşviqi üçün yeni yollar axtarıb tapa bilər, ABŞ isə ölkəyə ekstremist meylləri ən yaxşı şəkildə idarə edə bilmək imkanı verməlidir. Və əlbəttə, nə Amerikanın böyük hörmət görən qurumları, nə də onun insan hüquqları və din azadlığına qarşı götürdüyü öhdəliklə ABŞ-ın regional müttəfiqlərin biri olan Azərbaycana qarşı müşahidə olunan qərəzliliyə bəraət qazandırmaq olmaz. Və əgər bu gün dünyanın hər yerində şahidi olduğumuz problemləri nəzərə alaraq Azərbaycanın komissiyanın sıralamasında 2-ci kateqoriyaya layiq görülməsinin haqsızlıq olduğunu deyə biliriksə, Azərbaycanın niyə görə komissiyanın tənqidlərinin baş hədəfi olduğunu heç nə izah edə bilməz.