“Avropa dövlətləri satqın, riyakar deputatları geri çağırmalıdır” Siyasət

“Avropa dövlətləri satqın, riyakar deputatları geri çağırmalıdır”

Əli Həsənov: "Bəzisi biznes qurur, bəzisi xəyanət edir"

"Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edildiyi iclasda 638 deputat iştirak edib. Bu deputatlardan 273-ü qətnamənin əleyhinə səs verib, 33 deputat bitərəf qalıb, qalaları isə qətnamənin lehinə səs verib. Əleyhimizə olan qətnamənin qəbuluna səs verən ölkələrə baxanda sual yaranır ki, Azərbaycanın bu ölkələrdəki səfirləri hansı işlərlə məşğuldur, səfirliklərə ayrılan vəsaitlər hara sərf olunur?"
Bunu dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentində Almaniyanın 86 deputatından 46-sı, Avstriyanın 17 deputatından 12-si, Danimarkanın 13 deputatından 8-i, Estoniyanın 5 deputatdan 4-ü, Finlandiyanın 10 deputatından 8-i, İspaniyanın 47 deputatından 34-ü, İsveçin 17 deputatından 14-ü, Portuqaliyanın 19 deputatından 15-i, İrlandiya, İspaniya, İtaliya deputatlarının isə əksəriyyəti Azərbaycanın əleyhinə səs verib: "Bu ölkələrdəki səfirlərimiz nə edir, nə işlə məşğuldurlar?"
Ə. Həsənov bildirib ki, Avropa Parlamentində deputatlarla, fraksiyalara işləmək lazımdır: "Bizim bir çox nümayəndə heyəti bəzi ölkələrlə işləməyib, turist kimi gedib gəlib".
Onun sözlərinə görə, hansı ölkədə iş görülüb, o ölkələrin Avropa Parlamentindəki deputatları Azərbaycanı daha çox dəstəkləyib: "Məsələn, Biz Fransanı ermənipərəst dövlət kimi tanıyırıq. Ancaq Fransanın Avropa Parlamentindəki 62 deputatından cəmi 24-ü əleyhimizə səs verib. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransada gördüyü işlərin nəticəsidir. Fransadan olan deputatlardan 19-u qətnamənin əleyhinə səs verib, 19 nəfər bitərəf qalıb. Çexiyanın 18 deputatından 4-ü, Macarıstanın 19 deputatından 6-ı, Polşanın 42 deputatından 7-i qətnamənin lehinə səs verib, qalanları əleyhinə çıxıb. Bu ölkələrdəki səfirlərin fəaliyyəti də qeyd edilməlidir. Digərlərinə gəlincə, səfirlərimiz illərlə orada oturub, nə iş görürlər? Bəzisi biznes qurur, bəzisi xəyanət edir! Meksikada 2-3 erməni yoxdur, o ermənilərdən biri Meksikanın ABŞ-dakı səfiridir. Biz isə yatırıq, şəxsi işlərlə, xəyanətlə məşğuluq. Diplomatik korpusla bağlı ciddi iş görülməlidir".
Ə. Həsənov bildirib ki, Avropa 50-100 min qaçqının əlində qalıb, hansı qərarı qəbul etmək barədə çətinlik çəkir: "Ancaq Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkünlə bağlı hansı işləri görüb? Bu işlər bir nümunə kimi qəbul edilir. Bacarmırlarsa, bizim Dövlət Komitəsinin işçiləri getsinlər, işləri təşkil etsinlər. Bizim 1 milyon qaçqın və məcburi köçkünlərin hüquqları pozulur, Avropa Parlamenti niyə susur? Ermənilərin vəsaitinə satılmış Avropa Parlamenti niyə susur? Budur onların iç üzü".
O, qaçqın və məcburi köçkünlərin Avropa Parlamentinə etirazını da çatdırıb: "Avropa Parlamentinə müraciət edirəm, öz qətnamələrinə yenidən baxsın. Avropa xalqlarını enerji resursları ilə təmin edirik, onların bəzi ölkələr tərəfindən boğmağa qoymuruq. Heç olmasa, özlərinə yazıqları gəlsin".
Əli Həsənov bildirib ki, iclasda Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə bağlı qaçqın və məcburi köçkünlər adından bu quruma və Azərbaycan prezidenti İlham Əliyevə müraciət olunacaq.
Ə. Həsənov müraciətin mətninin hazırlanması barədə tapşırıq verib.
İclasla çıxış edən millət vəkili Bəxtiyar Əliyev, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Kəlbəcər rayonundan məcburi köçkün Şəlalə Məmmədova, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Avropa Parlamentinin qəbul etdiyi qətnamənin qərəzli xarakter daşıdığını, avroparlamentarların qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarına laqeyd münasibət bəslədiklərini vurğulayıblar.
Millət vəkili Elman Məmmədov deyib ki, Avropa Parlamenti 1988-ci ildə Ermənistan SSR-in qorunmasını SSRİ rəhbərliyindən tələb edib, Azərbaycan torpaqlarının işğalı dövründə də Ermənistana dəstək xarakterli addımlar atılıb: "Avropa Parlamentindəki İtaliya və digər ölkələrin parlamentarları arasında erməni deputatlar var. Bu qətnamələr fraksiyalarda hazırlanır. Biz ilk növbədə özümüzə sual verməliyik ki, niyə fəal işləməmişik?"
E. Məmmədov qeyd edib ki, Avropa Parlamenti səlahiyyətlərini aşaraq Azərbaycanın daxili işlərinə qarışır: "Bu, hüquq pozuntusudur. Biz Avropa Parlamentinin bu addımından BMT Təhlükəsizlik Şurasına müraciət etməliyik. Bunlar Liviyanın, Müəmmər Qəddafinin, İraqın, Səddam Hüseynin, Misirin başına nə oyunlar açdılar, bu ölkələrin milyardlarla vəsaitini mənimsədilər. Bəlkə indi də Azərbaycanın vəsaitlərini mənimsəmək istəyirlər?.."
Komitə sədri Əli Həsənov isə bildirib ki, hər bir dövlət Avropa Parlamentinə göndərdiyi deputatları özü müəyyənləşdirir: "Ona görə də həmin Avropa dövlətləri bu satqın, riyakar deputatları geri çağırmalı, obyektiv mövqeli deputatları Avropa Parlamentinə göndərməlidirlər".