“Potensial tam istifadə olunmayıb” Siyasət

“Potensial tam istifadə olunmayıb”

Elmar Məmmədyarov: "Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır"

Georgi Kvirikaşvili: "Nəqliyyat sahəsində əməkdaşlıqla nəqliyyat koridorunun daha nümunəvi işləməsi üçün səylərimizi əsirgəməyəcəyik"

Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq gündən-günə gücləndirilir".
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir: "Biz görüşdə enerji və Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə bağlı müzakirə apardıq. Bu, önəmli nəqliyyat dəhlizidir. Azərbaycan prezidenti də deyib ki, Azərbaycanla Gürcüstan birlikdə bu dəhlizi dünyaya təqdim etməlidir. Artıq Gürcüstan ərazisində dəmiryol tikilib. Gözləyirik ki, Türkiyə tərəfi onu istifadəyə versin. Ümid edirik ki, Türkiyə bu ilin sonu və ya gələn ilin əvvəlinə kimi təhvil versin".
Elmar Məmmədyarov bildirib ki, gürcüstanlı həmkarı ilə görüşdə prezident İlham Əliyevin noyabrın 6-da Tiflisə planlaşdırılan səfəri də müzakirə edilib.
Onun sözlərinə görə, İlham Əliyevin Tiflisə səfəri zamanı Gürcüstan tərəfi ilə müzakirə oluna biləcək məsələlərdən biri sərhədlərin delimitasiyasıdır:
"Sərhədlərin delimitasiyası üzrə komissiya öz işini davam etdirməlidir. Gürcüstan nümayəndə heyəti mart ayında Bakıda səfərdə olub. Bu ilin sonu və ya gələn ilin əvvəlində məsələ ilə bağlı növbəti görüş keçirilməlidir. Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır".
Georgi Kvirikaşvili isə öz nitqində Azərbaycanla Gürcüstan arasındakı nümunəvi əməkdaşlığı yüksək dəyərləndirdiyini bildirib.
O qeyd edib ki, xalqlar arasında əlaqələr yüksək qardaşlıq münasibətləri əsasında davam edir: "Nazir Elmar Məmmədyarovla görüşdə ikitərəfli əlaqələrin ətraflı müzakirəsini apardıq. Görüşdə bir daha hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörməti qeyd etdik. Siyasi dialoqun davam etdirilməsi prosesinə və strateji əməkdaşlığa sadiqliyimizi bildirdik. İkitərəfli münasibətlərdə əsas sahələrdən biri kimi enerji sahəsində əməkdaşlığı qeyd etməliyik. Gürcüstan Azərbaycanın əsas enerji istehlakçılardan biridir. Biz dəhliz rolunu oynayırıq. Cənub Qaz Dəhlizinin inkişafı etdirilməsinə sadiqliyimizi bəyan etmişik. Nəqliyyat sahəsində əməkdaşlıqla nəqliyyat koridorunun daha nümunəvi işləməsi üçün səylərimizi əsirgəməyəcəyik. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafında maraqlıyıq. Hazırda iki ölkə arasında biznes üçün mühitin inkişafına çalışırıq. Çalışırıq ki, bu sahədə əlaqələrimizi genişləndirək. Çünki potensial tam istifadə olunmayıb".
Qonaq Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirləri formatını yüksək qiymətləndirdiklərini söyləyib: "Bu, beynəlxalq əməkdaşlıqda mühüm mexanizmə çevrilib".