13:34
945
89 yaşında vəfat edən Norveç kralı V Haraldın oğlu özünə VIII Hokon adını seçə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "VG" nəşri məlumat yayıb.
Tarixçi və kral bioqrafı Tor Boman-Larsenin izah etdiyinə görə, yeni kralın adı o, and içərkən seçiləcək. "Çox guman ki, əksəriyyət onun krallıq adı olaraq VIII Hokonu götürəcəyini gözləyir, - deyə o, nəşrə bildirib. - Formal olaraq ad seçimi kralın öhdəsinə düşür".
Həmçinin yeni monarx krallıq şüarını elan edəcək. Bu şüar ənənəvi "Hər şey Norveç üçün" olaraq qala və ya başqa bir şüar seçilə bilər. Bundan əlavə, konstitusiyaya əsasən, yeni monarx parlament qarşısında and içməlidir, lakin deputatlar hazırda məzuniyyətdə olduqları üçün Hokon yerli vaxtla saat 11:30-da keçiriləcək Dövlət Şurasının iclası zamanı andı yazılı şəkildə verə və oktyabrda palata fəaliyyətini bərpa etdikdə onu deputatlara oxuya bilər.
Norveç mediasının dəqiqləşdirdiyinə görə, Hokon atasının vəfat etdiyi andan avtomatik olaraq kral olub. Dövlət Şurasının iclası onun dövlət başçısı kimi ilk tədbiri olacaq. O, V Haraldın vəfatı barədə hökumətə məlumat verməli və yeni monarx kimi dövlət idarəçiliyini öz üzərinə götürdüyünü elan etməlidir.
"VG" yazır ki, tacqoyma mərasimi Norveçin ən mühüm tarixi rəmzlərindən biri olan, ölkəni xristianlaşdıran Müqəddəs Olafın dəfn edildiyi və Norveç monarxlarının tacqoyma yeri kimi xidmət edən Tronxeym şəhərindəki (keçmiş Nidaros) lüteran kafedral kilsəsi — Nidaros məbədində baş tutacaq.
Məryəm Quliyeva