12:29
371
Rusiya ətrafındakı hadisələrin daha gərgin hal aldığı gerçəyi, ətraf ölkələrin də təhlükəsizliyinə təsir edir. Rusiya daxilində yanacaq çatışmazlığı, səfərbərlik qorxusu, cəbhədə ölən insanların yaxınlarının etirazları fonunda ətraf ölkələrə qaçmağa çalışan insanların varlığı, eyni zamanda, Ukraynaya taktiki nüvə zərbəsi hədələri hadisələrin getdikcə gərginləşəcəyi anlamına gəlir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
O, qeyd edib ki, Rusiya Ukraynada çıxılmaz vəziyyətə düşdükcə ətrafında, xüsusilə də, Şərqi Avropa istiqamətində NATO ölkələri ilə vəziyyəti gərginləşdirərək çalışır ki, onlar da gərgin vəziyyətdə yaşasınlar. Bu da onların müharibəni bitirmək üçün Ukraynaya təzyiqlərinin artmasına səbəb ola bilər. Amma postsovet ölkələri ilə gərginliyin mahiyyəti başqadır:
"Məsələ ondadır ki, Rusiya onları sakit yolla öz nəzarətinə ala bilməyəcəyini bildiyi üçün indidən gərginlik ocağı yaradır ki, gələcəkdə "dostdan" düşmənə keçid üçün vaxt itirməsin. Hər şey hazır olsun. Rusiyaya qarşı ciddi cəbhə formalaşıb. Rusiya isə geri çəkilməkdə maraqlı deyil. Dövlətlərin çoxu Rusiya ilə əməkdaşlıq etməkdə maraqlı olsalar da ondan qorxurlar. Hesab edirəm ki, kiçik dövlətlər Rusiyaya qarşı sakit davranıb hadisələrin sonunu gözləməlidir. Ancaq ehtiyatını da əldən verməməlidir. Rusiya yerə yıxılmış yaralı ayıya bənzəyir. Ayağa durması çətin görünən ayıya. Yaxşısı kənardan baxmaqdır".
Cavid