11:59
371
Bu gün serverlərdə toplanan məlumatların, datanın təxminən 95 faizi istifadə olunmur.
“APA-Economics” xəbər verir ki, bu barədə AZCON Holdinqin Rəqəmsal transformasiya departamentinin Müəssisə arxitekturası şöbəsinin müdiri Fəxri Hüseynov “DataRace” platformasının ilk yarışının mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, milyonlarla məlumatın toplandığı data mərkəzlərindəki datanın cəmi 5 faizindən istifadə olunur, monetizasiya edilir və ondan faydalanılır: “Burada sual ortaya çıxır: Bəs bu 95 faizi kim təmizləyəcək? Bu data ilə kim “danışacaq”, onun içərisindən biznes üçün lazım olan məlumatları kim çıxaracaq? Düşünürəm ki, DataRace platforması məhz bu problemin həlli üçün yaradılıb. Biznesin görmədiyi, istifadə etmədiyi həmin 95 faizlik datanı gənc mütəxəssislər öz təcrübə və biliklərinə uyğun şəkildə emal edə, həmin datadan biznes üçün lazım olan məlumatları əldə edə və nəticədə əlavə dəyər yarada bilərlər”.