Avropadakı azərbaycanlı gənclər İran təşkilatlarının təsirində Siyasət

Avropadakı azərbaycanlı gənclər İran təşkilatlarının təsirində

Xəzri Abdulayev: "Fars dindarları ilə bərabər mitinq təşkil edən təşəbbüskar "azərbaycanlı" gənclər nədənsə 5 il əvvəl Macarıstan səfirliyinin qarşısında Ramil Səfərovun həbsinə etiraz məqsədi ilə keçirilən mitinqə dəstək vermədilər"

Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan gərginlik təkcə ərəb ölkələrinə deyil, eləcə də xristian ölkələrinə sirayət edir. Belə ki, ayrı-ayrı Avropa ölkələrində yaşayan və ya təhsil alan, İslam dininə xidmət edən insanlar da Ər-Riyad-Tehran məsələsində tərəf tutur, mövqe nümayiş etdirirlər. Hətta bu mövqe bir sıra hallarda yürüş və mitinqlərin keçirilməsi, səfirliklərə hücum halları ilə də müşahidə edilir. Halbuki indiki həssas dönəmdə özünü əsl müsəlman hesab edən birisi tərəf tutmaq deyil, bu gərginliyi yoluna qoymaq istiqamətində fikirləşməlidir. Əgər bunu bacarmırsa, prosesləri kənardan müşahidə etməlidir. Nəinki yanmaqda olan ocağa neft tökməlidir. Təəssüflər olsun ki, bu cür insanlar arasında azərbaycanlılar da var. Və onlar da Səudiyyə Ərəbistanı-İran məsələsində tərəf tutmağa üstünlük verirlər. Hər halda Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Abdullayev bu qənaətdədir. Ukraynada yaşayan və təhsil alan bəzi azərbaycanlı gənclərin belə bir mövqe nümayiş etdirdiyini təəssüf hissi ilə qeyd edən Xəzri Abdullayev onlara müraciət edərək gəncləri bu yanlış yoldan çəkilməyə çağırıb. Xəzri Abdullayev Ukraynadakı bəzi azərbaycanlı gənclər barədə maraqlı faktlar da səsləndirib: "Məndə olan məlumata görə Ukraynada farslar və azərbaycanlılar birlikdə Səudiyyə Ərəbistani səfirliyinin qarşısında mitinq təşkil edəcəklər. Mitinqin keçirilməsinin başlıca səbəbi isə Səudiyyə Ərəbstanında edam edilən din xadimi Nimr əl-Nimridir". Xəzri Abdullayev qeyd edib ki, fars dindarlari ilə bərabər mitinqi təşkil edən təşəbbüskar "azərbaycanlı" gənclər nədənsə 5 il əvvəl, 2011-ci ildə Macarıstan səfirliyinin qarşısında Ramil Səfərovun həbsinə etiraz məqsədilə keçirilən mitinqə dəstək verməyiblər: "Bəziləri də, ancaq "biz azərbaycanlı deyilik" söyləməklə canlarını qurtarmış oldular. Bu azmış kimi həmin şəxslər 2011-ci ildə Kiyevdə fəaliyyət göstərən Iran dini təşkilati ilə birgə Azərbaycana qarşı hicab yürüşü təşkil etmişdilər. Bu insanlar özlərini hər hansı bu və digər dini təriqətlərin fədailəri adlandırırlar. Azərbaycan Slavyan Gənclər Assosiasiyası Ukrayna Nümayəndəliyi adından bu ölkədə yaşayan, təhsil alan azərbaycanlı gənclərimizə və ümumən soydaşlarımıza səslənirik. Ukraynada yaşayan azərbaycanlı gənclərdən xahiş edirik ki, belə bir mitinq keçirilsə və bu mitinqə dostlarınız, yaxınlarınız tərəfindən təşviq edilsəniz, getməyin. Iran və Səudiyyə Ərəbistani arasında baş verənlərin Azərbaycana heç bir aidiyyati yoxdur. Bu məsələni siyasiləşdirən və dini müstəviyə qaldıranlar sadəcə olaraq Islam dininin düşmənləri və ya dini savadi olmayan cahilllərdir. Bizim bir dinimiz var. Islam dini. Dini parçalamaq, məzhəblərarasi ixtilaf yaratmaq özü dinsizlik və cahillikdir. Biz azərbaycanlılar bu dini cəhalətin qurbanlari olmamışıq, olmayacagıq. Inanırıq ki, azərbaycanlı gənclər dini bölücülüyün yox, dini birliyin tərəfdarıdır.
Bizim vətənimiz var. Vətənimizə göz dikən hər kəs düşməndir. Vətənimizin azadlığı uğrunda can vermək isə borcumuzdur. Biz başqa - başqa ölkələrin separatçı təşkilatlarının və siyasətlərinin qurbanları olmamalıyıq. O ki qaldı Ukrayna və digər xarici ölkələrdə azərbaycanlı soydaşımızı müxtəlif yollarla aldadıb, dini və siyasi cəhətdən təhlükəli təşkilatlara cəlb edənlərə və buna uyan cahillərə, onlara qarşı mübarizə aparılacaq". Xəzri Abdullayev təəssüf hissi ilə onu da qeyd edib ki, bu vaxta qədər xarici ölkələrdə Azərbaycana və ümumi şəkildə dövlətimizin siyasətinə qarşı təhlükə yaradan belə hallara qarşı rəsmi şəkildə mübarizə aparılmayıb: "Unutmayaq ki, mübarizə aparmağın ən düzgün forması xaricdə yaşayan və müxtəlif işlərlə məşğul olan soydaşlarımızı nəzarət altında saxlamaqdır".