“Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir” Siyasət

“Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir”

Tahir Rzayev: "Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır"

Ötən il 21 dekabr devalvasiyasından sonra ölkənin maliyyə bazarında yaranmış arzuedilməz vəziyyət və bundan yararlanaraq bəzi işbazların süni qiymət artımına yol verməsi vətəndaşlar arasında haqlı narazılığa səbəb olmuşdu. Xüsusilə, indiki halda dolların məzənnəsinin qalxmasının un məmulatları və çörəyə heç bir aidiyyatı olmadığı halda bazarlarda un və un məhsullarının qiymətində baş verən süni artım bu sahədə tənzimlənmə prosesinin həyata keçirilməsini zəruri edirdi. Xüsusilə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyevin həm bu, həm də cəmiyyəti ciddi narahat edən digər məsələlərə toxunması, müvafiq qurumlara süni qiymət artımının qarşısının alınması məqsədilə tapşırıq və tövsiyyələrin verilməsi tezliklə vətəndaşları məmnun edəcək qərarların qəbul ediləcəyindən xəbər verirdi.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir. Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır. Deputat qeyd edib ki, biz nəinki əhalinin tələbatını ödəməli, müəyyən məhsulları xarici ölkələrə ixrac da etməliyik. T.Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bu məsələni diqqətdə saxlayıb və Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu istiqamətdə ciddi tapşırıqlar verib. Deputat qeyd edib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün görüləcək tədbirlərin əsasında duran məsələlərdən biri kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin daha da inkişaf etdirilməsidir:"Bir sıra regionlarda bu istiqamətdə mühüm işlər görülüb. Məsələn, Ağcabədi rayonunda süd kombinatları yaradılıb və həm heyvandarlığın inkişafı, həm də süd məhsullarının istehsalı üçün böyük işlər görülüb. Rayonda taxılçılıqla əlaqədar böyük bir təsərrüfat, o cümlədən, böyük ət kombinatı yaradılıb. Sahibkarlar üçün Azərbaycanda yaradılan şərait ildən-ilə inkişaf etdirilir. Amma bəzi süni maneələr də var, sənədləşmə işlərində müəyyən ləngimələr olur. Prezident İlham Əliyev bildirdi ki, elə çevik idarəetmə strukturu yaradılmalıdır ki, bütün məsələlər tez həll edilsin. Dövlət başçısı bütün nazirlərə, əlaqədar təşkilatlara göstəriş verdi ki, bu işə məsuliyyətlə yanaşılmalıdır. Hər bir vətəndaşın səyi, təşəbbüskarlığı lazımdır. Hər birimiz bu prosesin təbliğatçısı və iştirakçısı olmalıyıq".
Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, bundan sonra da ardıcıl olaraq bütün müvafiq addımların atılacağını əminliklə söyləmək olar: "Bu addımlar sosial, iqtisadi və inzibati xarakterli olacaq və dəqiqliklə insanların rifah halının yaxşılaşdırılmasına hesablanacaq. Prezident İlham Əliyev yanvar ayının 10-da Nazirlər Kabinetinin toplantısında aydın şəkildə bunun anonsunu verdi. Sadəcə, lap qısa zaman səbr etmək lazımdır".
Politoloq bildirib ki, dünyanın bütün ölkələri siyasi, iqtisadi böhran içərisində boğulduğu halda Azərbaycanda sabitlik və inkişaf mövcud olub: "Sözün həqiqi mənasında Azərbaycan təhlükəsizlik adasıdır. Bunu qiymətləndirməmək korluq və xainlikdir. Heç şübhəsiz ki, dünyada süni yaradılmış iqtisadi problemlər Azərbaycana da təsirsiz ötüşmür". Elşad Mirbəşiroğlu bildirib ki, hər bir ölkədə zaman-zaman bu və ya digər xarakterli çətinliklər ola bilər, ancaq bu, etirazlara əsas vermir: "Bir diqqət yetirin. Rusiyaya qarşı artıq iki ildir ki, sərt sanksiyalar tətbiq olunur və ölkənin iqtisadiyyatı hər ötən gün daha dərin böhrana qərq olur. Amma ruslar buna baxmayaraq, iradə, əzm nümayiş etdirirlər və prezidentlərinin ətrafında daha sıx birləşirlər. Hazırda Azərbaycanda da müəyyən çətinliklər mövcuddur və bunların aradan qaldırılması vaxt tələb edir. Yaranmış hazırkı çətinlikləri vaxtında proqnozlaşdırmaq olduqca çətin idi. Çünki, bunların təbii deyil, süni əsasları var və bu qlobal miqyaslı məsələdir. Lakin bu o demək deyildir ki, yaranmış vəziyyətdən çıxış yolu yoxdur. Çıxış yolu var və dövlət lazım olan bütün addımları atmaqdadır. Hazırkı vəziyyətdə kütləvi iğtişaşlar törətməyə cəhd edənlər öz hərəkətləri ilə dövlətə ancaq mane olurlar. Bunun da ziyanı xalqa dəyir. Hesab edirəm ki, biz prezidentin ətrafında əvvəlkindən daha da sıx birləşərək, ona, meydana çıxan problemləri həll etməkdə dəstək verməliyik. Əgər biz uzun illərin əzabı ilə qazanmış olduğumuz, ən böyük dəyərimiz olan sabitliyimizi əldən versək, bir də onu geri qaytara bilməyəcəyik. Mən bunu tam əminliklə qeyd edirəm. Bizim sabitliyimizi, təhlükəsizliyimizi itirəcəyimiz məqamı səbirsizliklə gözləyən məlum qüvvələr var ki, onlar bizim yenidən bu dəyələri qaytarmağımıza imkan verməyəcəklər. Bütün vətəndaşlarımızı kənar təsirlərdən uzaq olmağa və prezidentə dəstək olmağa çağırıram. Düşünürəm ki, bütün vətənpərvər insanlar bu fikirdədirlər". Politoloq onu da qeyd edib ki, indiki həssas dönəmdə ölkə əhalisi olduqca ayıq olmalıdır. Çünki maraqlı qüvvələrin Azərbaycanda fəallaşması ehtimalları böyükdür və onlar ölkədə süni gərglinlik yaratmağa çalışırlar: "Bəzi regionlarda baş verənlərin sosial şəbəkələrdə "ruh yüksəkliyi" və ya canfəşanlıqla paylaşılması bunu aydın sübut edir. Sanki onlar xalqın hər hansı bir probleminin meydana gəlməsini səbirsizliklə gözləyirdilər ki, öz mənfur niyyətlərini həyata keçirsinlər. Xalq belə insanları tanımalıdır və onların təsirindən uzaq olmalıdır. Hamı bilməlidir ki, ölkə rəhbərliyi həmişə xalqın yanında olub və bundan sonra da olacaqdır. Etiraz aksiyaları keçirmək çıxış yolu deyil, bu bizə ancaq zərər gətirər. Hesab edirəm ki, tezliklə, dünya iqtisadi böhranının və siyasi gərginliyinin nəticəsində ölkəmizdə meydana çıxmış müəyyən problemlər səmərəli şəkildə həllini tapacaqdır".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib ki, artıq bir neçə ildir dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Onun sözlərinə görə, bu illər ərzində Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bu böhrandan maksimum dərəcədə qoruna bilib: "Əlbəttə, dunya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. Neftin qiyməti son vaxtlar 3-4 dəfə aşağı düşüb, manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi. Bu hadisələr bizimlə qonşu olan ölkələrdə bir neçə il öncə baş verib və indi də davam edir". R.Əliyev Azərbaycan hökumətinin əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirdiyini və bundan sonra da dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçiriləcəyini vurğulayıb: "Cənab Prezident yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib və müvafiq qurumlara tapşırıqlar verib. 2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın, o cümlədən kənd təsərüfatı məhsullarının və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub. Əhalini ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə Prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilib. Əmək haqqının və pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Göründüyü kimi, ölkədəki ictimai-siyasi və iqtisadi proseslər, xalqın maraqları dövlət başçısının diqqət mərkəzindədir. İnanırıq ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq öz uğurlu inkişaf yolunu davam etdirəcək".