“Minsk qrupunun cəmiyyət içində heç bir etimadı yoxdur” Siyasət

“Minsk qrupunun cəmiyyət içində heç bir etimadı yoxdur”

Zahid Oruc: "Həmsədrlər öz fəaliyyətləri ilə Dağlıq Qarabağ probleminin tənzimlənməməsinə çalışırlar"

Natiq Miri: "Həmsədr dövlətlərinin fəaliyyəti sadəcə olaraq, status-kvonun qorunmasına xidmət edir"

"ATƏT-in Minsk qrupunun cəmiyyət içində heç bir etimadı yoxdur. Avropa Şurasında Dağlıq Qarabağla bağlı müzakirə olunan məsələyə qarşı çıxmaları həmsədrlərin mövqeyini bir daha göstərmiş oldu". Bu sözləri millət vəkili Zahid Oruc ATƏT-in Minsk qrupunun ümumi yığıncağının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ilə bağlı danışarkən deyib.
Millət vəkili bildirib ki, həmsədrlər öz fəaliyyətləri ilə Dağlıq Qarabağ probleminin tənzimlənməməsinə çalışırlar: "Uzun illərdir həm siyasətçilər, həm diplomatlar, həm də sıravi insanlar tərəfindən dəfələrlə söylənilir ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı heç bir iş görmür. Ona görə də bu quruma cəmiyyətin etibarı qalmayıb. Həmsədrlər Azərbaycan cəmiyyətində bu qurumun təmsilçilərini qəbul etməmək, bu formatdan çıxmaqla bağlı danışıqları nəzərə alaraq, münaqişənin həllinə başqa dövlətləri qatmaq fikrinə gəliblər. 1992-ci ildə Minks qrupu yaradılarkən daha böyük konfrans çağırmaq ideyaları var idi. Lakin sonradan bu ideyaların heç biri həyata keçmədi. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun ümumi yığıncağında ora üzv dövlətlərin təklifləri dinləniləcək. Həmin qrupun daxilində Finlandiya kimi başqa dövlətlər var ki, onları regiondakı problemlər maraqlandırmır".
Z. Orucun sözlərinə görə, münaqişənin həlli istiqamətində Dağlıq Qarabağla bağlı sülh konfransının çağırılması müsbət addım olardı: "Bilirsiniz ki, Londonda Suriyaya yardım haqqında məlum toplantı keçirildi. Hətta Azərbaycan Prezidenti də həmin toplantıda çıxış etdi. Düşünürəm ki, Dağlıq Qarabağla bağlı sülh konfransının keçirilməsi münaqişənin həllində önəmli olardı. Bununla biz müxtəlif dövlətlərin maraqlarını müəyyənləşdirə, tərəfdaşlarımızı artıra, prosesə başqa ölkələri də cəlb etmiş olarıq. Bu konfrans Minsk qrupunu təzyiq altında saxlaya bilər. Bu, ATƏT-in Minsk qrupu və ya beynəlxalq konfrans formatında baş tuta bilər".
Politoloq Natqi Miri isə deyib ki, Minsk qrupunun fəaliyyətsizliyi göz önündədir: "Artıq bəllidir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyəti sadəcə olaraq, status-kvonun qorunmasına xidmət edir. İsveçrədə prezidentlər arasında görüşün təşkil olunması da yalnız atəşkəsin qorunmasına xidmət edirdi. Onlar atəşkəsin qorunması üçün cəbhə xəttində atəşkəsi pozan tərəfin müəyyən edilməsi üçün cihazların quraşdırılmasını və digər mexanizmlərin hazırlanmasını təklif edirlər. Bu, bilavasitə ABŞ-ın təklifidir və ancaq status-kvonun qorunmasına xidmət edən bir davranışdır, Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan status-kvonu qorumaqda maraqlı ola bilməz. Torpaqlarımız 24 ildir ki, işğal altındadır. Hansı atəşkəsdən söhbət gedə bilər və ya problemin öyrənilməsinə nə lüzum var? 24 ildə bu problem öyrənilməyibsə və indən belə bu problemi öyrənməklə bağlı regiona səfər etmək absurd bir məsələdir. Ona görə də düşünürəm ki, ATƏT PA-nın iclasına qədər Azərbaycan tərəfi, Prezident və ya XİN səviyyəsində Minsk qrupu həmsədrlərini qəbul etməli deyil. Bu danışıqlardan imtina etmək anlamına gəlmir. Sadəcə olaraq, bu, onlara göstərməkdir ki, Azərbaycan dövlətinin Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətinə heç bir mənada etimadı qalmayıb. Azərbaycan bu məsələni daha çox ATƏT PA-da qaldırmalı, yeni bir məruzə ilə çıxış etməli və ATƏT-in müvəqqəti sədri olan Almaniyanın Xarici İşlər naziri Ştanmayerin diqqətini bu məsələyə cəlb etməlidir. Eyni zamanda, Minsk qrupunu hesabat verməyə məcbur etməlidir. Bu kontekstdə Minsk konfransı olan ölkələrin iştirakı ilə yenidən bu konfransın çağırılmasına təkid edilməlidir. Bu gün yeganə fəaliyyət Azərbaycan tərəfindən bu olmalıdır. Ona görə də prinsipial mövqe ortaya qoymaq lazımdır".
Amerikalı konqresmen Adam Şiffin AŞPA-da Azərbaycan ərazilərinin işğalı ilə bağlı məruzəyə Nulandın mane olduğunu deməsinə münasibət bildirən politooq deyib ki, bu, Adam Şiffin Azərbaycan əleyhinə davranışının nəticəsi olaraq ortaya çıxıb: "Yəni ABŞ Dövlət Departamenti birmənalı bu prosesə müdaxilə edəcək deyildi. Sadəcə, hesabat ortaya çıxandan sonra buna müdaxilə etmək fikrinə gəliblər. Təbii ki, ABŞ da bu yöndə Avropa ölkələrinə öz təsir imkanlarını əsirgəməyib. Ona görə də ABŞ bilavasitə Avropada hakimiyyətdə olan qüvvələrin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan deputatlarına öz təsirini göstərib. Hətta buna rəğmən səsvermədə Azərbaycanın qətnaməsinin qəbul edilməsinə cəmi 4 səs çatmadı. Düşünürəm ki, burada da müəyyən saxtakarlıq olmamış deyil. Çünki rəhbərlik səviyyəsində bu qətnamənin qəbul edilməməsi ilə bağlı artıq bir qərar qəbul edilmişdi. Ona görə də müəyyən bir saxtakarlıq edildi, bu da demokratik dünya adına, o cümlədən həm Avropa, həm də ABŞ-a üstünlük gətirmir. Başqa tərəfdən onu da nəzərə almaq lazımdır ki, hələ də ABŞ-da Dağlıq Qarabağ problemini doğru-dürüst öyrənməyiblər. Bu məsələnin mahiyyəti Amerikanın nə dövlətində, nə də cəmiyyətində dürüst olaraq qəbul oluna bilməyib". Onun fikrincə, bunun nəticəsidir ki, ABŞ bu gün Dağlıq Qarabağ probleminin çözümü ilə əlaqədar konkret bir prinsipə bağlı deyil: "ABŞ bu problemin həm dövlətlərin ərazi bütövlüyü, həm də xalqların öz müqəddəratının təyini prinsipləri çərçivəsində həllini görür. Bu isə ikili standartdır. Çünki bu prinsiplər bir-birini təkzib edən prinsiplərdir. Çox təəssüf ki, ABŞ hələ də məsələyə bu cür baxır. Düşünür ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayon qaytarılarsa, bunun müqabilində Dağlıq Qarabağa müstəqillik verilə bilər. Təbii ki, Dağlıq Qarabağda yaşayan ermənilər referendum vasitəsilə müstəqilliyə səs verdiyi təqdirdə. Ancaq bu, doğru yanaşma deyil və beynəlxalq hüquqa ziddir. Ona görə də bu məsələni daha çılpaqlığı ilə araşdırıb ABŞ rəsmilərinə də çatdırmaq lazımdır ki, bu məsələyə ikili yanaşma olmasın. Bu məsələyə ikili yanaşma davam etdikcə, Dağlıq Qarabağ problemini həll etmək mümkün olmayacaq. Artıq bunun nəticəsidir ki, 1992-ci ildə ATƏM tərəfindən Minsk qrupunun yaradılmasından üzü bəri 24 ildir ki, problemin həlli ilə məşğuldurlar. Lakin irəliyə doğru heç bir addım atılmayıb".