Azərbaycan-Türkiyə əməkdaşlığı Siyasət

Azərbaycan-Türkiyə əməkdaşlığı

Azər Rəşidoğlu: "Türkiyə bölgədə olduqca mühüm oyunçuya çevrilmək şansına malikdir"
Elman Nəsirli: "NATO Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın daha da yüksək olmasının marağındadır"

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, 2010-cu ilin sentyabrında imzalanmış "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə imzalanıb. Amma ekspertlər indiki halda, xüsusən Ukrayna hadisələrindən sonra Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar.
Məlum olduğu kimi, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması" çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir.
Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində çoxsaylı azərbaycanlı hərbçi təhsil alıb. Hazırda azərbaycanlı hərbçilərin bir qrupu Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar.
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərə müşahidəçi qismində dəvət olunur, həmçinin, iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir.
Müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq
Bu sırada onu da vurğulamaq yerinə düşər ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Qeyd olunub ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqədar şirkətlər arasında, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir. Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 20 sentyabr 2000-ci ildə "Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" müqavilə imzalanıb.
Eyni zamanda, Türkiyə ilə bir sıra layihələr - atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrinin, onların ehtiyat hissələrinin idxalı, maskalanma torlarının istehsalı üçün xammalın alınması, 60 və 82 mm çaplı minaatanlar üçün yarımfabrikatların Azərbaycana gətirilməsi üçün müqavilələr imzalanıb.
Bir sözlə, Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlığı yüksək səviyyədə aparılan hərbi dialoq çərçivəsində həyata keçirilir.
Ekspertlərin fikrincə, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı rolunda göstərilməsə də Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar öz əksini tapıb. Xüsusilə də iki ölkənin prezidentləri tərəfindən Bakıda imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilədə nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə təkan verir;
üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir.
Ekspertlərin qənaətinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Məhz bu baxımdan tərəflər o fikri bölüşürlər ki, perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Eyni zamanda, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.
Azərbaycanda sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və bu istiqamətdə Türkiyənin göstərə biləcəyi dəstək də mühüm hesab edilir.
Və nəhayət, iki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir. Bu istiqamətdə ciddi planların olduğu bildirilir.
Arelin 7-də isə müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunu qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə qardaş ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Səfir səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Politoloq Vəfa Quluzadə isə deyib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində razılıq əldə olunub. O, Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana səfərinin ölkəmiz üçün çox müsbət hal olduğunu bildirib: "Ərdoğan deyəndə ki, biz hər sahədə əməkdaşlıq edirik, ticari-iqtisadi sahələrlə birgə hərbi sözünü də işlətdi. Bu o deməkdir ki, Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var. Bu da olduqca müsbət haldır. Beynəlxalq vəziyyət olduqca təhlükəlidir və Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif hədələr gəlir. Yəni bu səpgidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, əgər ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır. Mən əminəm ki, belə razılıq əldə olunub".
Politoloq Elman Nəsirli bildirib ki, hər hansı bir görüş baş tutarkən həmin görüşdə hansı rəsmi şəxslərin iştirakına fikir vermək lazımdır: "Ərdoğan da ölkəmizə səfərə gələrkən onu müşayiət edənlərdən biri ölkənin milli müdafiə naziri idi. Bu da onu göstərir ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq özünü yenə zirvədə saxlayır. Nəzərə alsaq ki, qısa bir müddət öncə erməni mətbuatının Azərbaycana gələn Türkiyə hərbisinin nüfuzlu şəxsləri barədə olan məqalələrinə onlar bunu NATO-nun diktəsiyləmi və ya Türkiyənin öz istəyiyləmi baş tutması üzərində düşünməyə başlayıblar. Onların gəldiyi nəticə isə bundan ibarətdir ki, Rusiyanın NATO-la olan münasibətlərinin gərginləşməsi fonunda NATO Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın daha da yüksək olmasının marağındadır və buna öz dəstəyini verir. Onu qeyd etməliyəm ki, indi Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı növbəti mərhələyə qədəm qoymaq ərəfəsindədir".
Siyasi şərhçi Azər Rəşidoğlu diqqətə çatdırdı ki, bu gün daha aktual olan Türkiyə - Azərbaycan - Gürcüstan hərbi blokunun yaradılması ideyasıdır: "Rusiyanın Ukraynanı işğal ilə hədələdiyi, ABŞ-ın Cənubi Koreyada hərbi təlimlərə başlayaraq, Çini hədəf seçdiyi bir dönəmdə Türkiyə Azərbaycan və Gürcüstanla daha yaxın əməkdaşlığa can atır. Türkiyə bölgədə olduqca mühüm oyunçuya çevrilmək şansına malikdir. Bu baxımdan, Azərbaycanla imzalana biləcək hərbi əməkdaşlıq barədə saziş maraqlarımıza daha çox cavab verir. Belə gedişat NATO-nun da maraqlarına cavab verir. Bölgəni Rusiyanın təsirindən azad eləmək üçün Türkiyəyə böyük rolların ayrılması ağlabatandır. Bakı - Ankara - Tiflis hərbi koalisiyasının müzakirəsi belə Rusiyanın qıcıqığına səbəb olur. Bu baxımdan, rusların Qarabağ separatçılarını yeni savaşa sövq etməsi variantı da meydana çıxır. Lakin Türkiyənin Rusiya əleyhinə sanksiyalarda iştirak edə biləcəyi ehtimalı Moskvanı tərəddüddə saxlayır. Türkiyə - Azərbaycan - Gürcüstan hərbi blokunun yaradılması Rusiyanı daha da aqresivləşdirə bilər. Lakin yaranmış vəziyyətdən bəhrələnmək üçün belə bir sənədin imzalanması son dərəcə mühüm görünür. Sazişə əsasən, Azərbaycana qarşı hərbi əməliyyatlar keçirilərsə, Türkiyə hərbiçiləri buna seyrçi qala bilməzlər. Prinsip etibarilə, Türkiyə ilə imzalanması gözlənilən saziş Qarabağın qaytarılma perspektivində də işıq yandırır".
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bildirib ki, Azərbaycan alternativ beynəlxalq təhlükəsizlik sistemində özünün yerini axtarmağa məcbur olub: "Digər tərəfdən isə bölgədəki transmilli layihələr qərbin bura marağını artırdığından istər-istəməz həmin iqtisadi proyektlər üzərində də bir təhlükəsizlik sistemi formalaşıb. Ən önəmlisi isə budur ki, Azərbaycan tərəfi işğal altında olduğundan və bunun həyata keçirən tərəfin konkret olaraq Rusiya ilə çox yaxın hərbi alyansı olduğu səbəbindən Azərbaycan bu problemin və regiondakı pozulmuş balansın həlli yollarını uzun illər axtarıb. Bu mənada bizi nədəsə günahlandırmaq, həmçinin Türkiyəni regiona hərbi cəhətdən daxil olmaqda qınamaq yolverilməzdir".

Əli