Onları tanıyın Siyasət

Onları tanıyın

BAXCP sədri: "Adlarını müxalifət qoyublar, amma başqalarının ağrı-acısı üzərində iş qurur, manipulyasiya edirlər"

Milli Məclisin dünən keçirilən iclasında bir neçə gün əvvəl bir qrup şəxsin cəbhə xəttindən Ermənistanın nəzarətində olan hissəyə keçmək cəhdi tənqid olunub və həmin şəxslərin "dövlətə xəyanət" maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələb edilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, rayonda baş vermiş cinayət hadisəsindəki anlaşılmazlığa görə ailəvi düşmən tərəfə keçmək cəhdi xəyanətdir.

O qeyd edib ki, Milli Məclis Dövlət Təhlükəsizliyi Xidmətindən həmin şəxslər barəsində dərhal cinayət işinin qaldırılması və bu işin araşdırılmasını tələb etməlidir: "Hansısa qərardan narazı olanda bunun araşdırılması üçün apelyasiya məhkəməsi, başqa instansiyalar, dövlətin müvafiq qurumları var. DTX o şəxslərlə bağlı işi ciddi araşdırmalıdır. Əgər onların bu hərəkətinə səbəb olan məhkəmə işində də həqiqətən haqsızlıq varsa, buna səbəb olanlar da məsuliyyətə cəlb olunmalıdır".
Spiker Oqtay Əsədov da deputata dəstək verib. Spiker bildirib ki, müvafiq dövlət qurumu Qəbələ sakinləri ilə bağlı məsələni araşdırmalıdır.
Qüdrət Həsənquliyev həmçinin Novruz bayramı ərəfəsində gözlənilən əfv sərəncamından da danışıb. O, bəzi müxalif qrupların və onların nəzarətində olan mətbuatın bu sərəncama kölgə salmaq istədiyini də qeyd edib: " "Yazırlar ki, guya Qərb dairələri Azərbaycana bəzi şəxslərin əfv olunması üçün təsir edir. Onlar bunu yazmaqla yenə qıcıq yaradıb, həmin şəxslərin adının əfv siyahısına düşməsinə əngəl olmaq istəyirlər. Adlarını müxalifət qoyublar, amma başqalarının ağrı-acısı üzərində iş qurur, manipulyasiya edirlər. Mən çox xahiş edərdim ki, biz həmin şəxslərin adlarının əfv siyahısına daxil edilməsinə nail olaq. Eyni zamanda həmin müxalif qrupların da öz maraqları üçün insanların həbsdə qalmasına çalışdıqlarını ifşa edək. Qoy, həbsdə olan şəxslərin özləri də, onların ailə üzvləri və yaxınları da onların azadlığa çıxmasına mane olanları tanısınlar".
Oqtay Əsədov deputatın əfv məsələsi ilə bağlı dediklərinə münasibət bildirib: "Heç bir dövlət Azərbaycanın daxili işinə təsir edə bilməyib, indi daxildə hansısa iki-üç müxalif mətbuat təsir edəcək? "