“Azərbaycanın ən böyük problemi...” Siyasət

“Azərbaycanın ən böyük problemi...”

Arzu Nağıyev: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır"

Yaşadığımız coğrafiyada baş verən bu və ya digər hadisələrin istər-istəməz Azərbaycana da təsiri baş verir. Bunu istər Qərbin İranla bir neçə il əvvəl düşmən mövqedə olması, günümüzdə isə keçmişdə baş verən problemləri bir kənara qoyaraq birgə əməkdaşlığa meyil etməsi, istər Qərb-Rusiya gərginliyi, istərsə də Ankara ilə Moskva arasında yaşanan təyyarə böhranının fonunda görmək mümkündür. Hazırda isə Türkiyədə baş verən silsilə terror aksiyaları və onun yaşadığımız regiona, eləcə də Azərbaycana mümkün təsirlərinin olub-olmayacağı sual doğuran məsələlər sırasındadır. Nəzərə alsaq ki, Azərbaycan ciddi siyasi iradə nümayiş etdirərək hər adımda qardaş Türkiyənin yanında olduğunu ifadə edir, o zaman terror şəbəkəsinin ölkəmizi də cəzalandırmaq niyyətinə düşə biləcəyi istisna edilmir. Bu arada İŞİD terror təşkilatının qafqazlara doğru hərəkət etməsi barədə yayılan xəbərlər də problemin ciddiliyindən xəbər verir. Bəs görəsən Azərbaycan doğurdan da beynəlxalq terrorizmin hədəfinə çevrilə bilərmi?
Siyasi ekspert, politoloq Arzu Nağıyev deyir ki, hazırda Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır: "Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu bizim təhlükəsizliyimizə ən böyük təhdiddir. Bu baxımdan müəyyən dərəcədə narahatçılıq var və bu narahatçılığın qarşısını almaq üçün istər hüquq-mühafizə orqanları, istər hərbi qüvvələrimiz müvafiq addımlar atır". Arzu Nağıyev onu da bildirib ki, Türkiyə və digər böyük dövlətlərlə müqayisədə Azərbaycan böyük dövlət deyil və bu təhlükəsizliyə təhdidlərin qarşısını almaq daha asandır: "Dövlət qurumları bu istiqamətdə müvafiq addımlar atır və bu gün qorxulu heç nə baş vermir. Heç bir dövlət terrordan sığortalanmayıb. Lakin bunun qarşısını almaq üçün yerli sakinlər də dövlət orqanları ilə əlaqəli olmalıdır. Metropoliten, hava limanları, dəmiryolu və s. kimi strateji əhəmiyyətli yerlərdə ayıq-sayıqlığı əldən vermək olmaz".
Siyasi ekspertin sözlərinə görə, dünyada milli təhlükəsizliyə və dövlət təhlükəsizliyinə bir neçə təhdidlər var: "Bu təhdidlər sırasında iqtisadi, siyasi, təbii fəlakətlər, terror, dini radikalizm və s. yer alır. Yəni təxminən 12 cür təhdid var. Bu təhdidlərin sayı 3-dən artıq olanda, dövlətlər təhlükəsizlik haqqında düşünməyə başlayır. Məsələn, Birləşmiş Ştatlarda 3 təhdid forması var idi, 11 sentyabr hadisələrindən sonra onlar dini radikalizmi də təhdid kimi qəbul etdilər və bu istiqamətdə müvafiq addımlar atdılar". Arzu Nağıyevin qənaətincə, Azərbaycan elə bir coğrafi mövqedə, elə bir geosiyasi məkanda yerləşib ki, həm də Şərqlə Qərbin vəhdət tapdığı bir nöqtədir: "Yəni burada hansısa təhdidlərin olması təbii ki, qaçılmazdır. Unutmaq lazım deyil ki, Suriyadan 400 kilometr aralıda yerləşirik. Bir tərəfdən İran, bir tərəfdən Rusiyanın elə bir sərhəddində yerləşirik ki, Şimali Qafqazda baş verən proseslər daim Azərbaycana təsir edir". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərinin Ankara terroru səbəbindən təxirə salınması, bunun qarşılığında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər etməsi məsələsinə də toxunan siyasi ekspert deyib ki, Türkiyə dövlət başçısı Ərdoğanın Bakıya səfərinin əsas məqsədi birgə komissiyanın iclasında iştirak etmək, geosiyasi və mühüm problemlərin həlli istiqamətində müzakirələr aparmaq idi: "Azərbaycan prezidentinin belə bir məqamda Ankaraya səfər etməklə bağlı qərar verməsi təqdirəlayiq haldır. Eyni zamanda dost ölkənin belə bir ağır vaxtında birgə olmaq baxımından humanist olmaqla bərabər, mühüm bir jestdir. Düşünürəm ki, son hadisələr kontekstində prezidentlərin müzakirə edəcəkləri məsələlər həddən artıqdır. Bura Türkiyə-Suriya, Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və iqtisadi layihələri aid etmək olar".