Almaniyada Dağlıq Qarabağ münaqişəsi haqqında kitab çapdan çıxıb Siyasət

Almaniyada Dağlıq Qarabağ münaqişəsi haqqında kitab çapdan çıxıb

Almaniyada "Dövlətlərin ərazi bütövlüyü: beynəlxalq hüququn qüvvədə olan prinsipinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nümunəsində araşdırılması" adlı kitabı çapdan çıxmışdır
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Almaniyanın nüfuzlu nəşriyyatı olan "Berliner Wissenschaftsverlag"-da (Berlin Elm Nəşriyyatı) Prof. Dr. Hans-Yoaxim Hayntsenin "Dövlətlərin ərazi bütövlüyü: beynəlxalq hüququn qüvvədə olan prinsipinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nümunəsində araşdırılması" adlı kitabı çapdan çıxıb.
SAM-dan verilən məlumata görə, Almaniyanın Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru, Beynəlxalq sülh hüququ və silahlı münaqişələr institutunun rəhbəri Hans-Yoaxim Hayntse (Hans-Joachim Heintze) həmçinin AFR XİN yanında Diplomatik Akademiyada mühazirələr oxuyur. Müəllifin əsas tədqiqat obyektləri beynəlxalq hüququn tanınmış prinsipləri, beynəlxalq təşkilatlar hüququ, diplomatik əlaqələr hüququ, beynəlxalq insan hüquqları və s.
Kitabın 1-ci və 2-ci fəsli nəzəri ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə ilə bağlı məhkəmə qərarları və beynəlxalq təşkilatların rəy və qərarlarının araşdırılmasına həsr edilib. Dövlətlərin ərazi bütövlüyü və tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığına dair 30 ildən artıq elmi tədqiqat aparan alim kitabın ilk fəslində dövlətin əsas hüquqi xüsusiyyətlərinə nəzər salıb, daimi əhali, ərazi, effektiv hakimiyyət, başqa dövlətlərlə əlaqəyə girmək qabiliyyəti kimi anlayışları ətraflı şəkildə şərh etmiş, işğal, anneksiya, sesessiya, effektiv idarəçilik və digər məsələlərə yer ayırıb. 2-ci fəsildə Dövlətin hüquq və öhdəliklərindən danışan müəllif qüvvə tətbiqinin qadağası, tanınmış beynəlxalq sərhədlərin toxunulmaz olduğunu və güc tətbiqi ilə bunun dəyişdirilməsinin beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil etməsini əsas tutan alim, müqəddəratını təyin etmə prinsipinin əsasən dekolonizasiya dövründə vüsət aldığını və ərazi bütövlüyü prinsipini sual altında qoymadığını sübut edir.
Kitabın 3-cü və 4-cü fəsli empirik məsələlərə həsr olunub. 3-cü fəsil Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq hüquqi ölçüləri adlanır. Burada münaqişənin tarixinə qısa ekskurs edilmiş, ermənilərin Azərbaycan ərazisinə köçürülməsinə dair faktlar verilib.
Dağlıq Qarabağ uğrunda silahlı münaqişə adlanan 4-cü fəsildə 1988-1994-cü il hadisələri hüquqi nöqteyi-nəzərdən təhlil edilmiş, beynəlxalq təşkilatların məlumatları əsas götürülməklə Azərbaycan əhalisinin 1 milyonunun qaçqın və ya məcburi köçkün olduğu bildirilib. Baş verənlərin etnik təmizləmə olduğu və beynəlxalq cinayət kimi Beynəlxalq Cinayət Məhkəməsində hüquqi qiymət verilməli olduğu qeyd edilib.
Prof. Hayntse belə nəticəyə gəlib ki, Dağlıq Qarabağım əhalisi, etnik ermənilər dedikdə, hüquqi baxımdan "xalq qrupundan" deyil, milli azlıqdan söhbət gedir ki, onların da öz müqəddəratını təyinetmə hüququ yoxdur və Ermənistanın timsalında "kin state" malikdirlər. Ermənilər Dağlıq Qarabağ ərazisində milli azlıqlara tanınan hüquqlara iddia edə bilər ki, bu da Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 27-ci maddəsində təsbit olunub.