“Qeyri-demokratik yolun nəticəsi ağır olur” Siyasət

“Qeyri-demokratik yolun  nəticəsi ağır olur”

Cümşüd Nuriyev: "Çevriliş cəhdi baş tutsaydı, çox pis olacaqdı"

"Qardaş ölkədə baş verənlərdən bir neçə gün öncə ABŞ bəyan etdi ki, Türkiyədə çevriliş gözlənilir. Ondan bir gün qabaq Fransa dövlət səviyyəsindən bütün səfirliklərinə Türkiyədən çıxmağı tapşırmışdı. Bütün bunları nəzərə aldıqda orada baş verənlərin gözlənilən olduğunu deyə bilərik. Əks halda, ABŞ və Fransa niyə bu addımları atırdı?". Bu fikirləri politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ağılı hərəkət edərək xalqı meydanlara topladı və onların planları pozuldu: "Lakin bu Türkiyə ordusuna yaraşmayan bir hal olmaqla yanaşı onun adına ləkədir. Bundan başqa Türkiyədə zorla hakimiyyətin dəyişməsi və bu yolla hərbçilərin hakimiyyətə gəlməsi növbəti qarşıdurmaya gətirib çıxaracaqdı".
C.Nuriyevin fikrincə, Türkiyədə baş verənlərdə Səudiyyə Ərəbistanının da əli var: "Türkiyə prezidenti özü də etiraf edir ki, Rusiya təyyarəsinin vurulmasında özünün bilavasitə iştirakı olmayıb və onu çətin vəziyyətə qoyublar. İsraillə olan qarşıdurmanı da həmin qüvvələr yaradıb. Bütün bu hadisələr paralel şəklində aparılıb".
Politoloq əlavə edib ki, Türkiyədə bu cür hadisələrin baş verməsi Azərbaycan xalqını da narahat edir: "Azərbaycan Prezidenti də baş verənləri pislədi və ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu açıqladı. Bundan əlavə Azərbaycan Prezidenti bəyan etdi ki, əgər hərbi qarşıdurma olsa, Ali Baş Komandan kimi ordu ilə birgə kömək etməyə hazırdır. Bunu yalnız qardaş qardaşa edə bilər. Bütün hallarda Türkiyədəki hadisələr çox ağrılıdır. Lakin qanun qanundur hakimiyyətə demokratik yolla gəlmək lazımdır. Qeyri-demokratik yolun nəticəsi ağır olur. Çevriliş cəhdi baş tutsaydı, çox pis olacaqdı. Şükür ki, baş tutmadı".