Cənubi Qafqaz təhlükədə Siyasət

Cənubi Qafqaz təhlükədə

Ekoloq Telman Zeynalov: "Ermənistan cəzalandırılsın, "Metsamor" bağlansın"


Hər gün istifadə etdiyimiz içməli suyun bir hissəsini çaylardan alırıq. Amma onların ekoloji çirklənməyə nə qədər məruz qaldığını bilirikmi? Bu, xüsusən də transsərhəd çaylarda özünü göstərir.
Azərbaycanda əksər çaylar zəif çirklənməyə məruz qalan təmiz su sinfinə aid edilir. Lakin transsərhəd çayların bir çoxunda böyük həcmdə çirklənmə özünü göstərir.
Respublikada içməli su təchizatı ilə yanaşı, məişət və kənd təsərrüfatında geniş istifadə olunan Kür çayının çirklənmə səviyyəsi daha yüksəkdir. Bu da, əsasən, çayın Gürcüstandan keçən hissəsində sənaye və məişət-kommunal sularının axıdılması ilə əlaqədardır.
Gürcüstanda Kür çayını zibilləyən vətəndaşlara 93 dollardan 140 dollaradək cərimə tətbiq edilir. Buna baxmayaraq çirklənmə səviyyəsi günü-gündən artmaqdadır. Bu sahədə effektiv nəticə əldə etmək üçün isə iş aparılır.
Ermənistan ərazisində çirklənməyə məruz qalan Araz çayının Kürə qovuşması ilə vəziyyət daha da ağırlaşır. Region üçün bir nömrəli təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyasından tullantıların da Araz çayı vasitəsilə axıdıldığını nəzərə alsaq, deyə bilər ki, flora və fauna böyük təhlükə ilə üzləşib.

Ekoloq Telman Zeynalovun sözlərinə görə, bu stansiya bağlanmalıdır: "Metsamor Atom Elektrik Stansiyası həddən artıq çox dəhşətli, ekoloji, riskli layihə olduğuna görə, bağlanmalıdır. Çünki onun təhlükəsizliyinə heç kəs bizə zəmanət verə bilməz. O bağlanmalıdır".
Çayın xəstəlik mənbəyinə çevrilməməsi üçün Ermənistana təzyiqlərin göstərilməsi vacibdir. Ona görə də region ölkələri vətəndaşlarının sağlamlığı naminə bu məsələyə biganə qalmamalıdırlar.
Ekoloq onu da əlavə edib ki, bu məsələyə birinci İran baxmalıdır: "Ona, ilk növbədə, İran məsələni qaldırmalıdır. Çünki birinci İran Ərazisindən keçir. Daha sonra Azərbaycan ərazisinə gəlir. Onlar bu məsələni qaldırısınlar və biz də qoşularıq onlara. Cərimələndirsinlər, biz də cərimələndiririk".
Azərbaycan 2000-ci ildə "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" Helsinki Konvensiyasına qoşulub. Çox təəssüf ki, qonşu ölkələr bu sənədi hələ də imzalamayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan və qonşu ölkələr Kür və Araz çayları da daxil olmaqla su mənbələrini çirkləndirməklə məsuliyyətdən yayınırlar.