“Bu, Putinin Ermənistana növbəti xəbərdarlığı idi” Siyasət

“Bu, Putinin Ermənistana növbəti xəbərdarlığı idi”

Avqustun 12-si Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovun Rusiyada, avqustun 14-ü isə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu Azərbaycanda işgüzar səfərdə olub. Bu səfərin Azərbaycan üçün əhəmiyyəti nədən ibarət olub? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov görüş haqqında fikirlərini bildirib.
Deputat deyibb ki, bu görüşlər Azərbaycan üçün çox əhəmiyyətli xarakter daşıyır.
"Bu ilk növbədə Azərbaycanla Rusiya arasında hərbi sahədə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsinə, inkişafına səbəb olur. İkinci bir tərəfdən də Dağlıq Qarabağla bağlı, ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı müəyyən irəliləyişlərə səbəb olan addımlar gözlənilə bilər. Hər halda bizə qonşu olan böyük bir dövlətlə hər sahədə olduğu kimi müdafiə sahəsində də əməkdaşlıq etməsi bizim münasibətlərimizi daha da möhkəmləndirir.
Təbii ki, Rusiyanın Ermənistana təsiri çox böyükdü. İqtisadi sahədə olduğu kimi hərbi sahədə də Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Unutmamalıyıq ki, Rusiyanın ən müasir silahlarla təmin olunmuş ordusu Ermənistanda yerləşir. Bizim Rusiya ilə yaxın münasibətdə olmağımız, əməkdaşlığımızı genişləndirməmiz vacibdir.
"Məsələ belədir ki, Ermənistan Rusiyanın bir quberniyasıdır, fortpostudur. Ermənistanın bütün müdafiə təhlükəsizlik məsələsi Rusiyanın nəzarəti altındadır. Putin, Serj Sarkisyanla görüşü zamanı bildirdi ki, Azərbaycan kimdən və haradan istəsə silah ala bilər. Çünki Azərbaycanın buna iqtisadi qüdrəti var.
Bunun sətiraltı mənası odur ki, Rusiya əlini Ermənistanın üzərindən çəksə, Ermənistan pis vəziyyətdə qalacaq. Bu da Putinin Ermənistana növbəti xəbərdarlığı idi. Ermənistan Rusiya ilə Azərbaycanın yaxınlaşmasından narahatçılıq keçirir."