“Dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək” Siyasət

“Dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək”

"Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsinə start verilir. Gələcəkdə görüləcək işlər bu zavodun dünya səviyyəli bir zavoda çevrilməsinə gətirib çıxaracaq".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimindən sonra zavodun kollektivi ilə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, yeni texnologiyalar tətbiq olunmalı, bu neftayırma zavodu dünyanın ən yüksək standartlarına cavab verməlidir: "Bu zavodun yenidən qurulması təqribən 2-3 il çəkəcək. Ondan sonra ən yüksək səviyyəli yanacaq - dizel yanacağı, benzin, aerokerosin istehsal olunacaq. Burada ən yüksək ekoloji standartlar təmin ediləcək, neftayıranların iş şəraiti yaxşılaşacaq. Ölkəmizin inkişafı üçün bu zavodun xüsusi əhəmiyyəti var. Hazırda bizdə yanacağın mütləq əksəriyyəti demək olar ki, bu zavodda istehsal olunur. Bu bizim inkişafımız, təhlükəsizliyimiz üçün çox böyük məna daşıyan bir müəssisədir. Çünki bizim böyük neft ehtiyatlarımız var və neft sənayesinin bütün zənciri Azərbaycanda mövcuddur - hasilat, daşıma, emal, satış, ixrac, həm neft məhsulları, həm xam neft. İndi son vaxtlar qaz ixracı ilə məşğul olmağa başlamışıq.
Orada da çox böyük potensial var. Yəni, bu zavodun yenidən qurulması ölkəmizin inkişafına veriləcək çox böyük töhfə olacaq. Eyni zamanda, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və "Ağ şəhər" bulvarı yaradılıb. İndi "Ağ şəhər" bulvarı gəlib Neft Emalı Zavoduna çatıb. Bu yenidənqurmadan sonra o zavod oradan köçürüləcək, beləliklə, Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası yaradılacaq".
Dövlət başçısı qeyd edib ki, ekoloji təmizlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, şəhərimizin gözəlləşdirilməsi bir biri ilə bağlıdır: "Bu işlərin bir məqsədi var – Azərbaycanın inkişafı və daha da güclü ölkəyə çevrilməsi. Ona görə, bu gün - Neftçilər günü ərəfəsində gəldim ki, sizinlə bərabər bu təməlqoyma mərasimində iştirak edim. Bir daha qeyd etmək istəyirəm ki, bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun əsaslı modernləşdirilməsinin birinci günüdür".