“ Xarici malların alınması məhdudlaşacaq” Siyasət

“ Xarici malların alınması məhdudlaşacaq”

Pərviz Heydərov: "Məqsəd dövlət vəsaitlərindən istifadəni səmərəli təşkil etməyə nail olmaqdır"


Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin icra hakimiyyətləri ilə bağlı imzalamış olduğu fərman ətrafında müzakirələr hələ də davam edir və , həmin sənədə dair müxtəlif yanaşmalar ortaya qoyulur. Məlumat üçün qeyd edək ki, dövlət başçısı bu ayın 15-də i icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqda fərman imzalamışdı. Həmin fərman əsasında yerli icra hakimiyyətləri artıq satınalmalarda iştirak edə bilməyəcəklər. Bəs görəsən belə bir fərmanın imzalanması hansı zərurətdən meydana çıxıb və onun icrası hansı müsbət nəticələrə gətirib çıxaracaq?
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, büdcədən maliyyələşən bütün idarə və təşkilatlara digər mal və materiallar alınanda da xarici istehsala üstünlük verilir: "Əgər söhbət özəl müəssisə, idarə və təşkilatlardan getsə idi, dərd yarıydı. Bu, o deməkdir ki, bizdə büdcə vəsaitləri də birbaşa və yaxud dolayı olaraq, məhz xarici istehsalı dəstəkləyir. Özü də bilavasitə dövlət və hökumət qurumlarının xəttilə. Yeri gəlmişkən, adi banklar tərəfindən istehlak kreditləri sağa-sola paylandığı zaman da yazırdıq ki, bu və ya digər bankdan alınan kredit əgər, daxili istehlak bazarından xarici mal alınmasına sərf olunursa, demək, bundan yerli deyil, sırf ölkədən kənar istehsal dəstəklənir və stimul əldə edir. Odur ki, bu cür kreditləşdirmənin ölkə iqtisadiyyatına səmərəsindən heç bir söhbət gedə bilməz. Bu, yalnız idxalı stimullaşdırır. Üstəlik, məlumdur ki, hazırda dövlətimizin maliyyə imkanları da əvvəlki kimi deyil. Neftin qiymətinin 2 dəfədən çox enməsiylə əlaqədar, maliyyə vəsaitlərinə qənaət etmək məcburiyyəti yaranıb ki, dövlət investisiya xərcləri də azaldılıb. Bir sözlə, bütün istiqamətlərdə maliyyə vəsaitlərinin xərclənməsində səmərəliliyi artırmaq bir nömrəli vəzifə olaraq qarşıya məqsəd qoyulub". İqtisadçının sözlərinə görə, həm bu, həm də digər məsələləri həll etmək və nizama salmaq məqsədilə icra hakimiyyəti orqanları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətlərində satınalmaların səmərəliliyini artırmaqla bağlı əlavə tədbirlər haqda sözügedən fərman imzalanmış və buna uyğun olaraq da müvafiq addımlar atılacaq: "Təsadüfi deyil ki, adı çəkilən sənəddə də qeyd olunub ki, icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaq əsas qayə hesab edilir. Beləliklə də, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması 2018-ci ilin yanvarın 1-i tarixinədək dayandırılacaq. Bu, həmin vaxt çatdıqda uzadıla da bilər, uzadılmaya da. Bundan əlavə, məsələ heç də tam qətiyyətli şəkildə ortaya qoyulmayıb. Yəni, müvafiq istisnalar var. Belə ki, nəzərdə tutulmuş müddətdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınması mümkün olacaq. Sadəcə olaraq, bu barədə qərarı dövlət başçısı ilə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edəcək". Pərviz Heydərov onu da deyib ki,
fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması üzrə də zərurət yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların satın alınmasına məhz eyni qaydada razılıq veriləcək: "Yəni göründüyü kimi, başlıca məqsəd dövlət vəsaitlərindən istifadəni səmərəli təşkil etməyə nail olmaqdır. Belə ki, həm xarici istehsala məxsus malların alınması məhdudlaşacaq, həm də yerli istehsal öz məhsullarını kokret realizə imkanları əldə edəcək. Bu, çox müsbət cəhətdir. Yəni, burada heç bir mənfi haldan söhbət gedə bilməz. Əslində, bunu neft qiymətlərinin "bum" dövründə də tədbiq etmək olardı və lazım idi. Ümumiyyətlə, İqtisadiyyat ilə Maliyyə Nazirliklərinin birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının satın alınmasına xərclənən vəsaitlər barədə hər 3 ayda bir dəfə ölkə Prezidentinə məlumat vermələri hətta qeyri-postneft dövründə də həyata keçirilməli idi. İndiki dövrdə isə daxili valyuta bazarına da bunun xeyri var. Belə ki, ölkədən kənara xarici valyuta axını üzrə kiçik də olsa, bir kanal bağlanacaq".