“Ermənistan beynəlxalq hüququ kobudcasına pozur” Siyasət

“Ermənistan beynəlxalq hüququ kobudcasına pozur”

Elmar Məmmədyarov: "Danışıqlar prosesində destruktiv mövqe tutur"

"Azərbaycan güclü və birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi - kimə qarşı və harada, eləcə də nə məqsədlə törədilməsindən asılı olmayaraq terrorun bütün forma və təzahürlərini pisləyir".
Bu sözləri Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov Daşkənddə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasında çıxışında deyib.
Onun sözlərinə görə, "Təhsil və Maarifçilik - Sülh və Yaradıcılığa aparan Yol" adı altında keçirilən tədbir xatırladır ki, dünyanın üzləşdiyi problemlər ilə mübarizədə uğur qazanmaq üçün açar təhsildədir: "Təhsil hər bir fərdin, ailənin, icmanın, ölkənin və dünyamızın davamlı inkişafı üçün başlıca hərəkətverici qüvvə, həmçinin zəmanətdir. Təhsil və maarifçilik müsəlmanlar arasında həmrəyliyi gücləndirə, İslamofobiya meyllərinin kökünü kəsə, ekstremizmi dəf edə, tolerantlıq mədəniyyətini təşviq edə və müxtəlif mədəniyyətlər, dinlər və millətləri təmsil edən insanların dinc yanaşı yaşaması üçün əlverişli zəmin yarada bilən əsas qüvvələrdir".
Nazir bildirib ki, Azərbaycan sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə əldə olunduğuna inanan bir ölkə kimi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu möhkəmləndirən beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib: " Azərbaycan İslam həmrəyliyini gücləndirmək üçün daim ön sıralarda səy göstərən ölkə kimi gələn il Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə layiq görülüb. İslam dünya sivilizasiyasına çox böyük töhfələr verib. Azərbaycan İsrail-Fələstin münaqişəsinin həllində bu müqəddəs torpaqlarda uzun zamandır gözlənilən, hərtərəfli, uzunmüddətli və yalnız sülh, təhlükəsizlik və davamlı inkişafın əldə edilməsinin yeganə təminatı olan iki dövlət həllinə tərəfdardır. Biz, Fələstin xalqının dəstəklənməsi və amalına xidmət edən İƏT-in gördüyü işləri yüksək səviyyədə təqdir edirik".
Elmar Məmmədyarov Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə məhəl qoymadan və beynəlxalq hüququ kobudcasına pozmaqla Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesində destruktiv mövqe tutduğunu qeyd edib: "Azərbaycan bir daha Ermənistanın təcavüzünü və işğal olunmuş ərazilərdə bədnam etnik təmizləmə ilə Azərbaycan torpaqlarının işğalının qınanılmasında daimi prinsipial mövqeyinə görə İƏT Baş katibinə və üzv dövlətlərə öz səmimi təşəkkürünü çatdırır. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT Kontakt qrupunun yaradılmasını yüksək qiymətləndiririk. İnanırıq ki, bu Kontakt qrupunun işi müvafiq İƏT və BMT qətnamələrinin həyata keçirilməsinə töhfə verəcək və bu istiqamətdə fərdi və birgə səylərinin uyğunlaşdırılmasına köməklik göstərəcək".