GUAM-ın növbəti iclası Azərbaycanda keçiriləcək Siyasət

GUAM-ın növbəti iclası Azərbaycanda keçiriləcək

Noyabrın 9-10 tarixlərində Ukraynanın Lvov şəhərində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin 25-ci iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və qurumun Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev iştirak ediblər.
Azərbaycan nümayəndə heyətindən aldığımız məlumata görə, tədbirdə məqsəd GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etmək olub.
İclasda GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin 24-cü iclasının Protokolunun həyata keçirilməsinin vəziyyəti, eləcə də sözügedən layihənin həyata keçirilməsi haqqında üzv dövlətlərin məlumatları dinlənilib.
Toplantı iştirakçıları GUAM üzv dövlətlərin gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinə dair gömrük orqanları arasındakı protokolun və ilkin məlumat mübadiləsinin təşkilinin texniki şərtlərinin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.
Bundan başqa, iclasda GUAM üzv dövlətlərin sərhədindən keçirilən müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında həmin dövlətlərin gömrük orqanları arasındakı protokolun imzalanması üçün vacib olan daxili prosedurların hazırlanması işinə baxılıb.
GUAM üzv dövlətlərin ərazisindən malların və nəqliyyat vasitələrinin tranzit keçidinin asanlaşdırılmasına dair bu dövlətlərin gömrük orqanları arasında sazişin razılaşdırılması məsələsi də iclasda nəzərdən keçirilib.
Sonda GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin növbəti iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.