“Bu məsələləri diqqətsiz qoymaq olmaz” Siyasət

“Bu məsələləri diqqətsiz qoymaq olmaz”

Tofiq Abbasov: "Təcavüzkar ölkəni məsuliyyətə cəlb etmək son dərəcə vacibdir"

"Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirməklə həm beynəlxalq hüquq normalarını, həm insan haqlarını, kütləvi sürətdə pozub, eləcə də qonşu dövlətin mədəni irsi, iqtisadi potensialına, infrastrukturuna zərbə vurmaqla birdən-birə bir neçə cinayətlər törədib".
Bu fikri politoloq Tofiq Abbasov deputat Səməd Seyidovun Ermənistanın məhkəməyə çağırılmalı olduğu barədə fikrinə münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, bu məsələləri diqqətsiz qoymaq olmaz. O hesab edir ki, beynəlxalq məhkəməyə müraciət etməklə təcavüzkar ölkəni məsuliyyətə cəlb etmək son dərəcə vacibdir: "Dünya praktikasında bənzər məqamlar az deyil. Məsələn, Fələstin administrasiyası, bu ölkənin ayrı-ayrı təsisat və vətəndaşları bu təcrübədən geniş istifadə edirlər. Bir sıra hüquq instansiyaları, o cümlədən beynəlxalq məhkəmə İsrailin hərbi cinayətlərini təhqiq edib günahkarları məsuliyyətə cəlb etmək məsələsini daim gündəmdə saxlayırlar".
T. Abbasov qeyd edib ki, buna görə də İsrailin bəzi nümayəndələri, hətta rəsmi şəxsləri dəfələrlə saxlanılıblar: "Hətta onlar bir çox hallarda xaricə səfər etməkdən boyun qaçırırlar".
Politoloqun fikrincə, Azərbaycan bu mexanizmdən mütləq gərək istifadə etsin: "Əgər qanunları pozanlar cinayətlərini ört-basdır etməyə çalışırlarsa, bizim tərəf gərək sərt tədbirlər görsün".
T. Abbasov hesab edir ki, Ermənistanın məhkəməyə cəlb edilməsinin Qarabağ probleminin həllinə böyük mənəvi və hüquqi dəstəyi ola bilər: "Çünki Ermənistan prezidenti Serj Sarkisyan, onunla bərabər digər hərbi və mülki cinayətkarlar minlərlə insanın məhvinə, qaçqın və köçkün düşməsinə, maddi ziyan çəkməsinə görə cavab verməlidirlər. Hesab edirəm ki, bu təşəbbüs gerçəkləşdikdə Azərbaycan qəddar qonşunun manevr etmə imkanlarını bir qədər məhdudlaşdırmış olacaq".