“Sarkisyan özünü və hakimiyyətini rəsmən ifşa edir” Siyasət

“Sarkisyan özünü və hakimiyyətini rəsmən ifşa edir”

Aydın Mirzəzadə: "Bu, orta əsrlər dövrünə, hətta ondan öncəki dövrə məxsus mağara təfəkkürüdür"

"Serj Sarkisyanın Azərbaycanın ünvanına hədə dolu bəyanat səsləndirməsi özünü və hakimiyyətini rəsmən ifşa etməsi deməkdir. Bu gün Azərbaycan yalnız ərazisi üzərində suverenliyini bərpa etməsi məsələsini qaldırırsa, Ermənistan qonşu dövlətin paytaxtını tuta biləcəyini bəyan edir. Bu, orta əsrlər dövrünə, hətta ondan öncəki dövrə məxsus mağara təfəkkürüdür. Bu, Ermənistanın artıq açıq-aşkar dünyanın qəbul edilmiş hüquq normalarını və qaydalarını inkar etmək etməsi deməkdir. Bu adam üçün artıq sivil dünya, beynəlxalq hüquq normaları, BMT-nin nizamnaməsi və qərarları anlayışları yoxdur. İndi görün Azərbaycan prezidenti Ermənistanı idarə edən bu cür insanla üzbəüz qalıb onunla Qarabağ probleminin həllinə dair danışıqlar aparmalıdır". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, digər tərəfdən, Sarkisyanın hədə-qorxu bəyanatını həyata keçirə bilməyəcəyini əslində Ermənistan ictimaiyyəti özü çox yaxşı bilir: "Aprel ayında Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşıdurmada açıq-aşkar məğlubiyyətə uğradı və iki min hektar mürəkkəb coğrafiyası olan ərazi işğalçılardan azad edildi. Ermənistan ordusunda böyük təşviş var idi və ali baş komandan olan Serj Sarkisyanın özü həmin günlərdə Azərbaycanla danışıqlara hazır olmasına dair bəyanatlar verir və beynəlxalq birliyi hərbi əməliyyatları dayandırmaq üçün vasitəçi olmağa çağırırdı. Bu gün isə onun hərbi ritorika ilə çıxış etməsi gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Bu gün Ermənistan hakimiyyəti seçkilərdə seçici qarşısına hər hansı bir uğuru ilə çıxa bilmir. İnsanların həyat şəraitinin aşağı düşməsi, gələcəyə inamın olmaması, müstəqilliyini digər dövlətlərə satması kimi məsələlər seçicidə başqa bir alternativ axtarmaq meyli yaradır. O baxımdan baş nazir dəyişildi, indi isə diqqəti daxili məsələlərdən hərbi ritorika ilə Qarabağ məsələsinə yönəltməyə çalışır. Bu yaxınlarda hökumət əhaliyə satılan təbii qazın qiymətini aşağı saldı. Halbuki bu, Ermənistan büdcəsinə böyük zərbə vurur. Seçkidən sonra isə həmin qiymətlər yenidən asanlıqla qaldırılacaq".
A.Mirzəzadə hesab edir ki, Sarkisyan bu cür bəyanatlarla nə Azərbaycanı qorxuda, nə də beynəlxalq ictimaiyyəti aldada biləcək: "Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmindədir və öz Silahlı Qüvvələrini daim gücləndirir. Ölkəmizin hər bir vətəndaşı torpaq uğrunda mübarizə aparmağa, döyüşməyə və hətta ölməyə hazırdır. Əgər Ermənistan danışıqlarda qeyri-konstruktuv mövqe göstərəcəksə, onu növbəti "aprel hadisələri", özü da daha ağır formasında gözləyir".
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 26-da İrəvanda Respublika Partiyasının 16-cı qurultayında danışıqlar prosesini sual altına qoyan, eləcə də Azərbaycanın ünvanına hədələrlə dolu bəyanatla çıxış edib: "Biz qarşımıza Bakını tutmaq və onu kapitulyasiyaya məcbur etmək kimi hərbi-siyasi məqsəd qoymamışıq, amma eyni zamanda yaxşı anlayırıq ki, düşmənə sarsıdıcı zərbə vura bilərik: fikrimcə, əlavə detallara ehtiyac yoxdur".
Erməni "fürer" bununla kifayətlənməyərək aprel hadisələrinə görə Azərbaycanı ittiham edib, eləcə də rəsmi Bakının mövcud vəziyyəti və qüvvələr balansını real qiymətləndirmədiyini deyib. Onun fikrincə, Qarabağ problemi yalnız Qarabağ xalqının (?) öz müqəddəratını azad təyin etməsi (?) yolu ilə həll edilə bilər, bütün digər məsələlər isə buna paralel olaraq həllini tapacaq.