Netanyahunun Azərbaycana gəlişi…. Siyasət

Netanyahunun Azərbaycana gəlişi….

Qabil Hüseynli: "Əsas məqam Azərbaycanın İsraildə səfirliyinin yaradılması ilə bağlı qarşılıqlı razılaşmanın əldə edilməsidir"

Cümşüd Nuriuyev: "Azərbaycanın İsrailə də münasibətləri kimlərisə qıcıqlandırmaq məqsədi daşımır"

İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya gəlib. İsrail baş nazirinin Azərbaycana ilk rəsmi səfəri Azərbaycanla yanaşı bölgədə və dünyada da maraqla izlənilir. Səfərin hansı müsbət addımlara səbəb olacağı və tərəflərin nə qazanacxağı müzakirə olunur.
Politoloq Qabil Hüseynli hesab edir ki, İsrail baş nazirinin Azərbaycana gəlişi iki ölkə arasında diplomatik münasibətlərin inkişafına mühüm töhfə verəcək. Burada digər əsas məqam isə Azərbaycanın İsraildə səfirliyinin yaradılması ilə bağlı qarşılıqlı razılaşmanın əldə edilməsidir. Belə bir sənədin imzalanması iki ölkə arasında strateji diplomatik münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına hesablanıb:
"Səfər zamanı iki ölkə arasında bir sıra hərbi əməkdaşlıqla bağlı müqavilələr imzalanacaq. Söhbət Azərbaycanda İsrail hərbi sənaye komplekslərinin yaradılması və birgə istifadəsindən gedir. Bununla bağlı məsələ çoxdan gündəmdədir. Bu səfər zamanı həm də silah ticarəti ilə bağlı yeni müqavilələr imzalanacaq. Bununla da Azərbaycan özünə daha ciddi bir müttəfiq qazanmış olacaq".
Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərinə saatlar qalınca, İran din xadimlərinin Azərbaycan əleyhinə açıqlamalarının sayı artır: "Bu gün artıq İrandan gələn üçüncü anti-Azərbaycan açıqlamasını oxudum. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib ki, guya Netahyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir".
"Hələ Möhsün Pakayin bir az diplomatik münasibət bildirib. Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi və İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan Netanyahunun Bakıya səfərini daha sərt şəkildə tənqid ediblər. Ən maraqlısı odur ki, dünən Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti "Boeing"lə müqavilə imzalanıb. İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək. Bəs nə oldu, iranlı rəsmilərin və din xadimlərinin təbirincə desək, Amerika ən böyük şeytan idi, şeytana da 17 milyard dollar pul ödəyərlər? Azərbaycan İsraildən müsir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrail dronlarının işğalçıya necə böyük zərər vurduğunu hamı gördü. Üstəgəl İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır".
"Buna baxmayaraq, Netahyahunun səfəri ilə bağlı yayılan məlumatda belə bir hissə də var ki, Bakıda Fələstin-İsrail münaqişəsi də müzakirə olunacaq. Xəbərdə elə belə də yazılır: "Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək". Əslində bu rəsmi Bakının Tehrana mesajıdır ki, bizdən əl çəkin, qoyun işimizi görək, baxın, Fələstinin problemini də diqqətdə saxlayırıq".
Mərkəz rəhbəri bildirib ki, bu, İsrailin baş nazirinin Azərbaycana sayca ikinci səfəridir: "Azərbaycanla İsrail arasında əməkdaşlığın müxtəif aspektləri ilə yanaşı, silah məsələsi və s. kimi mövzular müzakirə oluna bilər. Bu, Netanyahunun ölkəmizə ikinci səfəridir. Birinci səfəri 1997-ci ildə baş nazir olanda gəlmişdi. Cənubi Koreyadan qayıdarkən gəlmişdi və mərhum dövlət başçısı Heydər Əliyevlə çox sıx dialoqu olmuşdu. Bu müddətdə münasibətlər də inkişaf edib".
Elxan Şahinoğlu Azərbaycanın İsraildən modern silahlar aldığını və həmin silahların aprel döyüşlərində köməyimizə çatdığını da xatırlatdı: "Bildiyimiz kimi Azərbaycan İsrailə neft satır. Bundan başqa iki ölkə birgə ortaq layihələr də həyata keçirir. Bu baxımdan strateji əməkdaşlıq getdikcə inkişaf etməkdədir. Düşünürəm ki, Netanyahunun Bakıya budəfəki səfəri Azərbaycanın İsraildə səfirlik açmasını sürətləndirə bilər. Silah məsələsinə gəlincə isə, Azərbaycan istəyir ki, növbəti dəfə də İsraildən modern silahlar alsın. Çünki bu silahlar inkişaf etmiş və təcrübədən keçmiş silahlardır. Azərbaycan Qərb ölkələrindən silah ala bilmir, Dağlıq Qarabağ münaqişəsinə görə Qərb ölkələri qeyri-rəsmi Azərbaycan və Ermənistana silah satmırlar. Ona görə də Azərbaycan çox az ölkədən silah ala bilir. Onlar sırasında İsrail, Türkiyə, Rusiya və digərləridir. Bu səbəbdən də ola bilsin ki, dövlət başçısı İlham Əliyev və Netanyahu arasında fikir mübadiləsi aparılsın, ümumi razılıq qalsın. Ancaq detalların müzakirəsi sonrakı mərhələdə daha aşağı səviyyədə aparılacaq".
Politoloq Cümşüd Nuriyev deyib ki, İsrail Azərbaycan üçün həm iqtisadi, həm hərbi, həm də beynəlxalq məsələlərdə strateji tərəfdaşdır: "Hazırda Azərbaycan öz neftini İsrailə satır, gələcəkdə ölkə qazımızın İsrailə satılması nəzərdə tutulur".
Politoloq bildirib ki, Azərbaycan multikultural dövlət kimi bütün islam ölkələri ilə yanaşı, İsrail ilə dostluq əlaqələri saxlayır: "Azərbaycanda yaşayan başqa xalqların və etnik azlıqların nümayəndələri kimi, yəhudilərə də böyük hörmət olunur. Bunu İsrail də yaxşı bilir. Həmçinin İsraildə də 4 milyona yaxın müsəlman yaşayır. Belə olan halda, iki ölkə arasında dostluq münasibətlərinin olması normaldır".
Ölkəmizin özünəməxsus xarici-iqtisadi maraqlarının olduğunu dilə gətirən C. Nuriyev qeyd edib ki, bu maraqların həyata keçməsində İsrail böyük rola malikdir: "Azərbaycan İsrailin aqrar sahədəki təcrübəsindən yararlanmağa çalışır".
Ölkəmizin müstəqil xarici siyasət yürütdüyünü xatırladan politoloq deyib ki, Azərbaycan Prezidenti MDB və eləcə də Avropa məkanında xarici əlaqələr üzrə peşəkar mütəxəssisdir: "Azərbaycan Prezidenti həm xarici siyasəti, həm də qonşu dövlətlərlə olan münasibətləri çox gözəl bilir. Bu baxımdan ölkə başçısının yürütdüyü siyasət qonşu ölkələri qısqandırmamalıdır. Ona qalsa, Azərbaycan da bizimlə düşmən olan ölkə ilə sıx münasibətdə olan dövlətlərə qısqanclıqla yanaşmalıdır. Azərbaycanın hansı ölkə ilə sıx münasibət qurması onun daxili işidir. Azərbaycanın İsrailə də münasibətləri kimlərisə qıcıqlandırmaq məqsədi daşımır".