“Aprel döyüşləri Almaniyanın ATƏT-ə sədrliyi dövründə baş verdi” Siyasət

“Aprel döyüşləri Almaniyanın ATƏT-ə sədrliyi dövründə baş verdi”

Mübariz Əhmədoğlu: "Görünür, Almaniya təsəvvür olunduğu qədər güclü dövlət deyil"

"ATƏT-in Minsk Qrupu bu vaxtadək münaqişənin tənzimlənməməsində tərəfdaşı olmuş Ermənistanı cəzalandırmağa başladı". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, ATƏT Xarici İşlər Nazirlərinin Hamburqda keçirilən Şura iclası Dağlıq Qarabağ tənzimlənməsi bucağından dörd istiqaməti ortalığa qoydu:"I. Avropada ən iri dövlətlərdən biri olan Almaniya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ tənzimlənməsinə stimul verə bilmədi və ya vermək istəmədi. Almaniyanın xarici işlər naziri F.V. Ştaynmayerin fikrincə, Dağlıq Qarabağ tənzimlənməsi "ikinci nəfəs" əldə etməlidir. Amma o öz ölkəsinin niyə belə "ikinci nəfəs" verə bilmədiyini izah etmədi. Aprel döyüşləri də Almaniyanın ATƏT-ə sədrliyi dövründə baş verdi. Görünür, Almaniya təsəvvür olunduğu qədər güclü dövlət deyil. Yeri gəlmişkən artıq 15-ci dəfədir ki, ATƏT-ə üzv dövlətlərin nazirlərinin Şura iclası yekun sənəd qəbul etmədən işini başa vurur.
II. Dağlıq Qarabağ tənzimlənməsi üzrə siyasi-təşkilati məsələlər Ermənistan tərəfindən məsxərəyə qoyuldu və ya ələ salındı. Ermənistan "3+2" formatında görüşə sonadək razılıq vermədi. Amma ən sonda bunu ABŞ Dövlət Katibi C.Kerrinin ministerialın işini tez tərk etməsi ilə əsaslandırdı.
III. ATƏT MQ həmsədr ölkə Xarici İşlər Nazirlərinin və Dağlıq Qarabağ tənzimlənməsinin iştirakçı dövlətlərinin ministerialın gedişində nümayiş etdirdikləri mövqeləri:
1. ABŞ Dövlət Katibi C.Kerri Dağlıq Qarabağ münaqişəsini Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrlə bərabər tutdu. Bu münaqişələr üçün ərazi bütövlüyünün bərpa olunması ümumi yanaşmadır. Eləcə də C.Kerri bu münaqişələri Avropadakı sabitlik üçün təhlükə adlandırdı.
2. Fransa "3+2" formatının təşəbbüskarı idi. Fransanın Xarici İşlər Naziri Jan Mark Eyro ölkəsinin substantiv danışıqları və tənzimlənmədə etimad yaradan tədbirləri dəstəklədiklərini bildirdi. Fransa aktivdir.
3. Rusiya Hamburqda Ermənistanın mövqeyini müdafiə etdi. Rusiyanın mövqeyindəki dəyişiklik adət halını alıb və Bakının küləyinə oxşayır. Hamburqda bu xəzri idi. Bu ilin oktyabr ayında Yerevanda KTMT-nin iclası zamanı Lavrov Ermənistana Dağlıq Qarabağ münaqişəsini həll etmək şərti ilə Türkiyə ilə münasibətləri normallaşdırmağı təklif etdi. Bu gilavar idi. Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi mövqeyində səmt küləyi olub və yenidən belə olacaq.
Ermənistan hal-hazırda Rusiyanı Türkiyənin iştirakı ilə hərbi təxribata çəkə bilər. Suriyada baş verənlər bunun sübutudur. Rusiya bunu nəzərə alır.
Eləcə digər məsələ də var: Kreml hazırda Ermənistan rəhbərliyinin yenidən qurulması ilə məşğuldur.
4. Azərbaycan Hamburqda bir az öncə başladığı diplomatik təşəbbüskarlığı davam etdirdi: Azərbaycan Prezidenti Dağlıq Qarabağa "muxtar respublika" statusunun veriləcəyini bildirdi; Ermənistan prezidenti ilə görüşməyə hazır olduğunu bəyan etdi; Azərbaycanda "Ermənistanla Azərbaycan arasında Sülh üçün platforma" yaradıldı. Bu platformada Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 3 ermənin Azərbaycana gəlməsi, Azərbaycanda onları ürək açıqlığı ilə qəbul edilməsi bütün beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdi. Dağlıq Qarabağ ermənilərinin də belə addım atacağını bu prosesə qoşulacağını gözləmək mümkündür; Xarici İşlər Naziri E.Məmmədyarov etimad tədbirlərinin artırılması və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsinin ofisinin genişlənməsi məsələsini substantiv danışıqlarla sinxronlaşdırması məsələsini ortalığa qoydu və bildirdi ki, bunlar bir-birinin tərkib hissəsi olmalıdır. Bu "sinxronlaşdırma" yenidir və onu heç kim neytrallaşdıra bilməyəcək. Bir sözlə, Azərbaycanın təklif etdiyi "sinxronlaşdırma" Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar prosesində "İskəndər"dir.
5. Ermənistanın Hamburqdakı davranışı, ikiüzlülük və saxtakarlıqla xarakterizə olunur. Ermənilərin ümidi yalnız özgə dövlətlərin əlində alət olmaq kimi tarixi-genetik xüsusiyyətlərinə xüsusiyyətinə əsaslanır. İndiki dövr erməni konfliktogenliyi üçün səmt küləyidir. Ermənistan prezidenti S.Sərkisyandan Hamburqda diplomatik təşəbbüskarlıq gözlədikləri halda, o Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən Hamburqa -ATƏT-in Şura iclasına hərbi məzmunlu mesajlar göndərdi.
ATƏT MQ ölkələrinin ATƏT-in sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının yaydığı bəyanatda yeniliklər, yeni yanaşmalar var:
- Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə itkin düşənlərin məlumatlarının mübadiləsinin həyata keçirməsindəki tərəqqini salamlayırıq.
- Biz tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi məsələsində qalmış bütün maneələri aradan qaldırmağa və insidentlərin tədqiqi mexanizmi ilə bağlı təklifi üzrə tərəqqiyə nail olmağa çağırırıq.
Bəyanatda Beynəlxalq Qırmızı Xaş Komitəsi ilə itkin düşənlər barədə məlumatların mübadiləsi məsələsi ardıcıllıqla birinci yerdə verilib.
Bu artıq Ermənistanın bu vaxta qədər danışıqların başlaması üçün irəli sürdüyü ön şərtin ATƏT MQ tərəfindən inkarı deməkdir. Ermənistan danışıqların başlaması üçün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi və insidentlərin tədqiqi mexanizminin yaradılmasını şərt kimi irəli sürürdü.
- Bu təkliflər danışıqların təcili bərpası ilə eyni vaxtda reallaşdırılmalıdır. Bəyanatdakı bu tezis Azərbaycanın sinxronlaşdırma təklifinə uyğun gəlir. ATƏT MQ ölkələrinin ATƏT-in sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının yaydığı bəyanata Yenilənmiş Madrid Prinsiplərinin də mətnini qoşublar. Bu ermənilər üçün ən vacib cavablardan biridir.
ATƏT MQ həmsədr ölkə Xarici İşlər Nazirlərinin başçıları yenidən təsdiq etdilər ki, iyulun 10-u 2009-cu ilin İtalyanın Akvil şəhərində qəbul edilmiş Yenilənmiş Madrid Prinsipləri danışıqlar stolu üstündə olan yeganə sənəddir. Ermənistanın iddia etdiyi 2007-ci ilin Madrid sənədləri və 2011-ci ilin Kazan sənədləri danışıqlar stolunda deyil.
Görünür ATƏT MQ-də Ermənistan danışıqlardan imtina etdiyi üçün onu cəzalandırmaq arzusu var.
ATƏT MQ-nin Ermənistanın səhv mövqeyinə qarşı reaksiya verməyi təkcə dekabrın 8-i Hamburqdan başlamadı. Bir az ondan əvvəl ənənəvi telemarafonda Dağlıq Qarabağın de-fakto başçısı B.Saakyanın həmsədr ölkələrə girişinə icazə verilmədi. Ənənəyə görə B.Saakyan telemarafon keçirilərkən əvvəlcə Moskvaya, oradan Fransanın Lion, oradan da ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinə gedirdi. 2016-cı ildə bu ənənə qırıldı. Həmsədr ölkələr B.Saakyana viza vermişdilərsə də sonradan o vizanı ləğv ediblər. Dekabrın 4-də Dağlıq Qarabağ qondarma qurumun baş nazirinin ABŞ konqresində Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyinə dair tədbir keçirməsi özü sübut edir ki, ABŞ B.Saakyanı ölkəyə buraxmayıb. ABŞ-dakı ermənilərin aktivliyinin fonunda Ermənistanın müəyyən təzyiqləri və yaxud yalvarışları nəzərə alınaraq, sentyabrın 2-də olunmalı tədbiri dekabr ayında qondarma qurumun başqa nümayəndəsinin iştirakı ilə reallaşdırdılar".