Netanyahunun Azərbaycan və Qazaxıstana səfərinin məqsədi Siyasət

Netanyahunun  Azərbaycan və Qazaxıstana səfərinin məqsədi

BBC İsrailin baş naziri Netenyahunun Azərbaycan və Qazaxıstana etdiyi səfərlərini qısa təhlil edib.
Qeyd olunub ki, İsraildə baş nazir Benyamin Netanyahunun dekabrın 13-15-də Azərbaycan və Qazaxıstana etdiyi səfərlərə yekun vururlar. Həm Bakı, həm də Astanada ikitərəfli sazişlərin bağlanması ilə yanaşı, İran İslam Respublikasının İsrailə münasibəti də müzakirə edilib.
"Mən İran prezidentinə sual vermək istərdim: nə üçün o, bizim ölkənin ünvanına hədə-qorxu yağdırmaqda davam edir? Əgər İranda İsrailin kiçik və köməksiz bir dövlət olduğunu düşünürlərsə, onda böyük səhvə yol verir və mən İran dövlətinə vəziyyəti gərginləşdirməyi məsləhət görməzdim. Əks halda onlar böyük xoşagəlməzliklərlə qarşılaşacaq", - deyə Netanyahu Astanadakı keçirdiyi mətbuat konfransında bildirib.
Prezident Nazarbayevin İranın "yəhudi dövlətini yer üzündən silmək" barədə təhdidlərinə Netanyahunun özünün inanıb-inanmadığı haqda sualına İsrail lideri təsdiqlə cavab verib və əlavə edib ki, "Tehranın bu mövqeyinin dəyişməsinə yalnız sevinə bilər".
Netanyahu həmçinin Qazaxıstan prezidentindən İsrailin BMT Təhlükəsizlik Şurasına üzvlük məsələsində onları dəstəkləsini xahiş edib. Bundan öncə İsrailin özü Qazaxıstana belə bir dəstək verib.
İsrailin baş naziri Bakıya çərşənbə axşamı gəlib. Prezident İlham Əliyev onu Zaqulbadakı iqamətgahında qarşılayıb və elə oradaca liderlər aqrar sazişə imza atıb, iqtisadiyyat, elm, texnologiya, kənd təsərrüfatı, energetika və ticarət sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 3,5 milyard dollardan artıqdır və əsas diqqət Azərbaycan neftinin İsrailə ixracının artırılmasına yönəldilsə də, müzakirə üçün nəzərəçarpacaq potensialı olan başqa sahələr də tapılıb.
"Son illər Yerüsəlimlə Bakı arasında hərbi-texniki əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir. Xüsusilə bu bölgədə geosiyasi vəziyyəti nəzərə alan İsrail, getdikcə Azərbaycanı Cənubi Qafqazdakı strateji tərəfdaşı kimi daha çox nəzərdən keçirir", deyə İsrailli politoloq Arye Qut bildirib.
Sirr deyil ki, İsrailin hərbi şirkətləri Azərbaycanın silah bazarında fəal işlər görür. Pilotsuz uçan aparatlar, gecəgörmə cihazları, elektron nişanalma sistemləri – bütün bunlar "İsrail istehsalı" markası ilə Azərbaycana gələn malların yalnız kiçik bir hissəsidir. Bir neçə ay əvvəl isə Azərbaycan KİV-i deputat Yevda Abramova istinadən xəbər vermişdi ki, İsrail Cənubi Qafqaza "Dəmir günbəz" raketdən müdafiə sistemi tədarük etmək niyyətindədir. İsrail hakimiyyəti məsələ ilə bağlı heç bir rəsmi şərh vermir, qapalı söhbətlər zamanı isə belə bir sövdələşmənin mövcudluğu barədə skeptik rəylər səsləndirilir.
Arye Qutun fikrincə, iki ölkə arasında münasibətlərin yaxşı olmasını şərtləndirən daha bir amil Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətidir. "Qatı antisemitizmin hökm sürdüyü bir çox Avropa və postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt belə hal olmayıb, yəhudilər burada özlərini həmişə təhlükəsiz hiss ediblər", - deyə Qut fikrini əsaslandırıb.
İsrail lideri Bakıda cəmi 8 saat keçirsə də, hər iki tərəfin fikrincə bu, səfərin uğurlu sayılması üçün kifayət edib.
İsrail lideri Bakıdan Astanaya yola düşüb və çərşənbə günü oradakı "Akord" sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. Danışıqların əsas mövzusu iqtisadi əməkdaşlıq və Qazaxıstanın iri energetika şirkətlərinin İsrail bazarına, o cümlədən qaz axtarışı və hasilatına cəlb edilməsi olub.
Netanyahunun sözlərinə görə, Aralıq dənizində aşkarlanmış iri qaz yataqları bir anın içində İsraili potensial qaz ixracatçısına çevrib və indi onların Qazaxıstanla ortaq maraqları daha çoxdur. İndiyədək İsrail ölkəyə istehlak edilən neftin təxminən dörddə birini də Qazaxıstandan alırdı.
Başqa əməkdaşlıq istiqamətlərindən daha üçünü göstərmək olar. Bu, kənd təsərrüfatı, elm və terrorçuluğa qarşı mübarizədir. Sonuncu istiqamət xüsusilə Qazaxıstan hakimiyyəti üçün regional təhdidlər baxımından çox aktualdır.
İsraildə qeyd edirlər ki, Netanyahunun Mərkəzi Asiyaya səfəri təkcə iqtisadi deyil, həm də diplomatik məqsədlər daşıyıb. Əməkdaşlıq barədə sazişlərin imzalanması ilə yanaşı, beynəlxalq arenada hər iki ölkənin dəstəyini qazanmaq da çox vacibdir, çünki söhbət müsəlman dövlətlərindən gedir.
"Yaxın zamanlarda işə salmalı olduğumuz daha bir layihə Qazaxıstanla İsrail arasında birbaşa aviareyslərin açılmasıdır. İnsanların ölkələr arasında asan və rahat gediş-gəliş imkanı olmalıdır", - deyə Netanyahu bildirib.