Cənubi Qafqazda sülh yolunda...”
21 Noyabr 23:00

Bütün ömrü boyu mükəmməllik axtarışında olub və detallara olan diqqəti ilə seçilib. Fitrətdən gələn təbii analitik bacarıqlara malik idi. Hər bir vəziyyəti dərinliklə təhlil edir, ən yaxşı qərarı qəbul etməyi bacarırdı. Həm də çalışqan və məsuliyyətli adamdı. Hər zaman öz üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün səy göstərirdi. O, eyni zmanda təşkilatçılıq qabiliyyəti ilə tanınırdı. Həyatda nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyə səy göstərirdi. Ətraflarında baş verən hadisələrin fərqinə varır və bunları diqqətlə nəzərdən keçirirdi. Bu da onun həm işdə, həm də şəxsi həyatda uğurlu edirdi...
Müsahibələrinin birində deyirdi ki:- “Bir dəfə rəhmətlik Vaqif İbrahimoğlu tamaşadan sonra fikrimizi soruşdu. Dedim, Vaqif müəllim, bir gün siz dünyada olmayanda yolunuzu davam etdirən, anladığınızı, həyata keçirmək istədiyinizi bilməyəcək. Və siz əcaib bir teatrın əsasını qoymuş olacaqsız. Çox bəsit dünya görüşünə malik insanlar da o yoldan istifadə edib özlərini rejissor, aktyor kimi qələmə verəcəklər. Siz bunu bilib edirsiz, onlar bilmədən edəcəklər. Alim Qasımovu misal çəkə bilərəm. O, əlnən-qolnan oxuyur, ürəkdən oxuyur, halda oxuyur, başqası da Alimə baxıb onu təqlid edir, amma əslində o deyil. Qərb ədəbiyyatına münasibət də elədir. Məsələn, Rəsul Rza sərbəst şeir yazırdı. Oxuyanda görürsən ki, şeirdə hər şey qaydasındadır, şeir onda belə gəlir, quraşdırmır. Başqa misallar da var. Amma ondan sonra yazan bir çox şair qurub-düzəldib. Yəni, yaradıcılıq adamın içindən gəlməlidir...”
O, problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilirdi. Həmçinin, səmimi və etibarlı dost idi. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də etibarlı məsləhətçi kimi tanınırdı. Onun özünütəkmilləşdirmə və öyrənmə arzusu böyükdü. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışırdı. Onun özünəməxsus dünyagörüşü vardı...
“Günlərin bir günü müştərilərin arasına çıxdım, bəyəndilər. Mənə təklif elədilər ki, meyxana yarışında münsif olum, amma razılaşmadım, dedim meyxanaçılarla bacarmaram. Bir müddət sonra Xırdalan məscidinin axundu Azər Sami yenidən zəng vurdu, dedi, əruzu bu xalqa yenidən çatdırmaq üçün sən lazımsan. Beləliklə, mən razılaşdım. Fikirləşdim ki, gənclərə qəzəli yenidən təqdim edim. Və mən efirdə qəzəl deyəndən sonra, sevilməyə başladım...”- söyləyirdi.
Ciddi və ləyaqətli adam idi. Təvazökarlıq onun xarakterinin ən gözəl xüsusiyyətiydi. Çox gözəl davranış qaydaları vardı. Özünü məclislərdə və cəmiyyət qarşısında alicənab kimi aparırdı.
Onu aldatmaq mümkün deyildi. Yalanı, qeyri-səmimiliyi sevmirdi. Onun xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət etmək lazım gəlirdi...
...Ədəbi fəaliyyətə erkən yaşlarından başlayıb. İlk şeiri 1987-ci ildə 1991-ci ildə, on doqquz yaşında ikən "Azərbaycan Gəncləri" qəzetində çap olunub. Bakıda və Abşeron yarmadasında fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda- "Azərbaycan Gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, o cümlədən "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən "Şeri-tənz" beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən "Rəzəvi" beynəlxalq şeir festivalının qalibi seçilib, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi, 2018–2019-cu illərdə isə 1-ci və 2-ci "Nəsimi- Şeir, incəsənət, mənəviyyat" festivalı çərçivəsində "Nəsimi məclisi" və "Bir qəzəlin şərhi" proyektlərinin müəllifi və aparıcısı olub. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub. Yeddi kitab müəllifidir və bir sıra tərcümələri var...
Deyirdi ki:- “Əruz da muğam kimi şah sarayından gəlmədir. Həmişə yüksək yerdə olub, xalqın yanında olmayıb. Füzuli xalqın yanında oldu nə gün gördü, amma Bahar Şirvanini Nəsrəddin Şah ailəsi ilə birgə saraya dəvət etdi, onun üçün maaş kəsdi. Əruz elitar şeirdir. Mənə elə gəlir, müasir gənclər iki qola bölünüb. Bir tərəf ifrat dərəcədə Qərbə meyllidir, digər tərəf də Şərqə meyllidir, amma utanır, özünü göstərmək istəmir, gizlənir. Sanki “Bizə ikinci dərəcəli şair kimi baxırsız” deyə onlar da görünmürlər. Sizə deyim ki, eyni şeyi mən də öz üzərimdə hiss eləmişəm, mənə də nə vaxtsa ikinci dərəcəli şair kimi baxıblar. Bu gün artıq diqqət var, dünənə qədər yox idi. Mən düşünürəm ki, əruza münasibət dəyişəcək...”
Onun mükəmməllik axtarışı, bəzən həddindən artıq sərt olmasına səbəb olurdu. Qüsurlara çox diqqət yetirirdi. Bundan əlavə, o, həyatdakı cılız insanlarla barışa bilmirdi. Bu da onda narahatlıq və stres yaradırdı. Riski xoşlamırdı və həmişə çalışırdı ki, riskli məsələlərdən uzaq olsun...
“İrfani məclislər Azərbaycanda həmişə olub. Bu məclisləri adətən dünya ilə əlaqəsi olan tacirlər, imkanlı adamlar keçiriblər. Çünki həm məclis təşkil etməlidir, həm gələn şairlərə, müğənnilərə müəyyən məbləğ ödəməlidir. Sovet dövründə qarşısı alındığı üçün Qumri məclisləri keçirilirdi. Camaat evlərə yığılıb Qumrinin şeirlərini oxuyurdu. Onun İmam Hüseyn haqqında iki külliyyatı var. Bakıda, Lənkəranda möminlər bu məclisləri təşkil edib Qumrinin mərsiyələrini oxuyurdular. Bu məclislər irfani məclisin oxşarı idi. İndi bəzi yerlərdə irfani məclislər bərpa olunub. Məqsəd nədir? Bir neçə saatlıq dünya və dünyada olanlardan azad olub dincəlməkdir.”- söyləyirdi.
Xülasə, Arif Buzovnalı dərin adam idi. Ariflik, müdriklik, məzmun, ağayanəlik onun alın yazısıydı. Bəli, təfəkkürün inkişafında təhsilin rolu olsa da, kökü İlahidən gəlir. Hətta alimin də təfəkkürü zəifdirsə Allahı, dünyanı dərk edə bilməz. Nəsimi deyirdi ki:
"Ey könül, həqq səndədir, həqq səndədir,
Söylə həqqi kim, ənəlhəq səndədir,
Nuri-mütləq, zati-mütləq səndədir.
Müshəfin hərfi mühəqqəq səndədir..."
Allah öz rəhmətini ondan əsirgəməsin! Yeri cənnət olsun!
Dərin hüznlə, Elman Eldaroğlu