“Türkiyənin Yaxın Şərqdə təkbaşına qüdrətli söz sahibi olmasını istəmirlər” Siyasət

“Türkiyənin Yaxın Şərqdə təkbaşına qüdrətli söz sahibi olmasını istəmirlər”

Aygün Attar: "İran da, Rusiya da o şərtə razıdırlar ki, özləri də Türkiyə ilə birlikdə bölgədə lider olsunlar"


"Təkcə Türkiyə deyil, dünyanın özü çox çətin bir dönəmdən keçir. Yaxın Şərqdə xoş olmayan hadisələr yaşanır. XX əsrin sonu XXI əsrin əvvəllərindən etibarən dünyada insan həyatına ciddi təsir göstərən problemlərin sayı artdı. Azərbaycan torpaqlarının 20 faizinin işğalı, Qarabağ faciəsi də daxil olmaqla, Yaxın Şərqdə son illərdə çox ciddi sıxıntılı hadisələr baş verir. Türkiyənin sərhədində şiddətli savaş gedir. Elan edilmiş müharibələri nəzərdə tutmuram. Enerji xətləri, neft və qaz üzərindəki hakimiyyətin ələ keçirilməsinə cəhd edən dövlətlər elan olunmamış müharibələr aparırlar". Bu fikirləri Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar Teleqraf.com-a müsahibəsində deyib. O bildirib ki, Türkiyə ilə Suriyanın min kilometrə yaxın quru sərhədi var: "Heç şübhəsiz, Suriyada və Türkiyənin digər qonşusu İraqda baş verənlər ilk növbədə Türkiyəyə həm siyasi, həm də iqtisadi baxımdan təsir edir. Suriyada yaşanan problemlərə görə 3 milyondan çox suriyalı Türkiyədə məskunlaşdı. Bu, çox böyük rəqəmdir. Ciddi problemlərin yaşandığı coğrafiyalarda Türkiyə dövlətinin əcdadı olan Osmanlı dövləti 300 ildən çox hakimiyyətdə olub. Ona görə də Avropa dövlətlərinin, Amerikanın, Rusiyanın və sərhəd ölkəsi olduğu üçün İranın özünə müdaxilə səlahiyyəti gördüyü coğrafiyada mədəniyyətimizin əmanətləri var. Məsələn, həm Suriya, həm də İraqda çox sayda türkmən yaşayır...
Türkiyənin Ermənistana, xüsusilə fanatik erməni daşnak partiyasının missiyasını davam etdirən erməni diasporuna qarşı haqlı iddiası vardı ki, ASALA terror təşkilatı Türkiyə Xarici İşlər Nazirliyinin 42 diplomatını şəhid edib. Türkiyə diplomatları hər zaman sui-qəsdə qurban getmişdi. Gizli bir əl Türkiyəni diplomat qətliamında suçlamaq istəyir. Çünki bu vaxtadək Türkiyə həmişə diplomatların qətl edilməsini gündəmə gətirib, bununla bağlı beynəlxalq müstəvidə çıxış edir. Kimlərsə bu nöqteyi-nəzərdən sanki Türkiyəni susdurmaq üçün sui-qəsd həyata keçirdi.
Bu hadisədən sonra bədnam qonşularımız işğalçı Ermənistanın əhval-ruhiyyəsi ortaya qoydular, Rusiyada olan Ermənistan səfiri Aşot Safaryan açıqlama yaydı ki, biz də Türkiyənin Rusiyada olan səfirini öldürək. Bu açıqlamanın özü də Ermənistanın bu məsələdən nə qədər məmnuniyyət duyduğunu, əllərinə fürsət düşmüşkən türk düşmənliyini ortaya qoydu. Bir sözlə, Türkiyə çox çətin günlərdən keçir. Ölkə içərisində xəyanət yaşandı, iyulun 15-də çevriliş təşəbbüsü oldu...".



-Türkiyədə ad-soyadını dəyişmiş və türklərin əleyhinə iş aparan çoxsaylı ermənilərin olduğu deyilir...

-Bəli, onlar kripto-ermənilər adlandırılır. Milliyyətçi Hərəkat Partiyasının Kaysəridən seçilmiş millət vəkili, professor Yusuf Halaçoğlu çox önəmli araşdırmalar aparır. Bu məsələ ilə bağlı məqalələr yazdı, kitab nəşr etdi ki, Türkiyədə ad-soyadını dəyişən erməni kökənli, türk düşmənçiliyi ilə məşğul olan çox sayda ermənilər var. Onun fikirlərinə qatılıram. İstanbuldakı erməni kilsəsindən olan din xadimi açıqlama verilmişdi ki, bizdə türk ad və soyadda olan erməni kökənli olduğunu bizə söyləyən və dini mərasimlərə qatılan şəxslər var. Rəqəm də açıqlamışdı, bu fakt Yusuf Halaçoğlunun haqlı olduğunu ortaya çıxardı.

-Tuncelidə ASALA terror təşkilatına qoyulan abidənin sökülməsinə necə nail olundu?

-Qarabağda məsum insanlara qarşı qətliam həyata keçirən ASALA terror təşkilatının üzvü Melkonyanın da adının əks olunduğu bir abidə idi... Vicdan sahibi olan insanların işbirliyi nəticəsində abidənin qoyulmasına etiraz etdik.
Bu mövzuda həssas olduğumu bildiyi üçün Hollandiyada Türk Konseyi başqanı Səfa Yörükəl mənə xəbər göndərdi ki, Tuncelidə belə rəzalət var. PKK terror təşkilatının üzvləri ermənilərə abidə qoymuşdular. Baxın, necə işbirliyi həyata keçirirlər. Birgə etiraz nəticəsində bu abidə söküldü. Elmi araşdırmalarımın önəmli hissəsi erməni terroru, Xocalı qətliamı ilə bağlıdır. Bundan şərəf duyuram ki, ilk dəfə Türkiyədə elmi dövriyyəyə soyqırım adı ilə Xocalı soyqırımına dair dissertasiya işinin elmi rəhbəriyəm.

-Türkiyə hakimiyyətinin bu dönəmdə istər Suriya, istərsə də Rusiyaya münasibətdə apardığı siyasəti necə dəyərləndirirsiniz?

-Türkiyə dövlətinin məhz indi Suriya ilə bağlı yürütdüyü siyasət doğru siyasətdir. Əgər geopolitik baxımdan Yaxın Şərq bölgəsi və Qafqazın təhlükəsiz olmasını istəyiriksə, Türkiyənin bölgə dövlətləri, o cümlədən Rusiya, İran, hətta Suriyanın özü ilə belə yaxşı münasibətləri olmalıdır. Böyük dövlətlər bölgədəki əsl niyyətlərini gizlətmirlər, böyük Kürdüstan dövlətinin qurulması planı var. Ona görə də Türkiyənin güclü olması üçün strateji ortaqlara ehtiyacı böyükdür.
Türkiyənin Yaxın Şərqdə təkbaşına qüdrətli söz sahibi olması nə Qərb dövlətləri, nə də strateji ortaqları arzulanan dövlətlər icazə verər. Çünki İran da, Rusiya da o şərtə razıdırlar ki, özləri də Türkiyə ilə birlikdə bölgədə lider olsunlar. Əslində bu yolu doğru hesab edirəm. Bölgə o qədər təhlükəlidir ki, orada balans siyasəti yürüdülməlidir.
Azərbaycanın xarici siyasətinə dair cənab prezidentə məmnuniyyət ifadə etmişəm, kompliment olsun deyə söyləməmişəm, çətin politik ortamda Azərbaycanın cəmi bir düşməni var – torpaqlarımızı işğal edən Ermənistanr. Azərbaycan həm İsrail, həm də İranla strateji ortaqdır. Halbuki İsraillə İran bir-birinə düşməndir. Eyni zamanda həm ABŞ, həm də Rusiya ilə strateji ortaqdır, Rusiya və ABŞ bir-biri ilə ciddi rəqibdir.

Mənim ixtisasım siyasət elmidir. Azərbaycan xarici siyasətini çox təqdir edirəm və dəstəkləyirəm. Bu cür strateji əhəmiyyətli coğrafiyada yerləşən dövlətlər çoxvektorlu siyasət yürütməlidirlər.

-Rusiya-Qərb konflikti fonunda Türkiyənin indiki siyasətinin NATO, Avropa Birliyi, ABŞ-la münasibətlərə xələl gətirəcəyi fikrini irəli sürənlər də var...

-Türkiyənin xüsusilə Suriya mövzusunda əvvəlki xarici siyasətinin yanlış olduğunu mən yox, baş nazir Binəli Yıldırım da ifadə etdi. Dedi ki, kimsə ilə savaşmayacağıq, hər kəslə mümkün olduğu qədər barış içində bölgədə stabilliyin və sabitliyin saxlanmasını təmin edəcəyik. Bölgə ilə daha fərqli siyasətin izlənəcəyini bildirdi. Hazırkı proseslər çoxvektorlu siyasətə uyğundur. Bu siyasət mənim xoşuma gəlir.

Qərb bundan ciddi şəkildə narahatdır. Son dönəmdə Türkiyəyə qarşı ABŞ-dan ultimatum mahiyyətli bəyanatlar verildi, NATO-nun son açıqlamalarını müşahidə edirik, Avropa İttifaqı Türkiyə ilə bağlı prosesin dondurulduğunu bəyan elədi.

Türkiyə nə Avropa Birliyi, nə də NATO-dan vaz keçməməlidir, eyni zamanda Rusiya, İran, hətta Çinlə yaxşı münasibətlər qurmalıdır. Bu bölgəyə nəzər yetirəndə davanın nə davası olduğunu elə asan görmək olur ki... Dava Asiyadan Avropaya gedən önəmli strateji yola nəzarətin ələ keçirilməsi üstündədir. Bu strateji yoldan bir zamanlar qədim İpək Yolu dönəmində ipək, sonra bahali ədviyyatlar daşındı, indi ən qiymətli strateji məhsul neft və qazdır. Türkiyə və Azərbaycan bu güzərgahın üstündədirlər. Ona görə də çox ağıllı davranmaq lazımdır.

-PKK-nın fəallaşması fonunda kürd probleminin taleyi necə olacaq?

-PKK əliqanlı terror təşkilatıdır. 30 mindən çox insanın qanına əli bulaşmış bir hörgütdür. PKK daxilində erməni etnik kimliyi ilə çoxlu sayda döyüşçülər də var. Öldürüləndə və əsir düşəndə ad və soyadları bəlli olur. Ən əsası PKK Ermənistanla işbirliyi qurub. Türkiyədə kürdlərin siyasi istəklərini dilə gətirmək məqsədilə qurduqlarını dedikləri HDP partiyası var. Bu partiya siyasi təşkilat kimi fəaliyyət göstərmək əvəzinə Türkiyə Böyük Millət Məclisində PKK-nın sözçüsü kimi davrandı.

Ötən ilin aprel ayında HDP sədri Səlahəddin Dəmirtaşdan prokurorluğa şikayət edərək həbsini tələb elədim. Vətənə xəyanət və xalqı kin və nifrətə sövq etməkdə suçladım. Çünki bu şəxs aprel ayında dördgünlük Qarabağ savaşına münasibət bildirərkən parlamentdə dedi ki, əzəli Ermənistan torpağı olan Qarabağda məzlum sivil xalqı Azərbaycan ordusu qətl edir. Bu çıxış onun və PKK-nın ermənilərlə necə işbirliyi qurduğuna dair ən konkret nümunəsi idi.

Bu terror təşkilatının Türkiyə sərhədinin bu tərəfindəki adı PKK, digər tərəfdəki adı isə PYD-dir. ABŞ, eləcə də təəssüf ki, hazırda Türkiyə ilə yaxşı münasibətləri olmasına rəğmən Rusiya PYD-yə simpatiya ilə baxır. Qərb dövlətləri onlara köməklərini də əsirgəmirlər.

Dünyanın ehtiyac duyduğu enerji xəttinin təməlini təşkil edən bölgə Yaxın Şərqdir. Minlərcə qanın töküldüyü coğrafiya Yaxın Şərqin 34 və 36-cı paralelləri yerləşir və bu paralellər dünya neft ixracında ən önəmli payı olan torpaqlardır. Ona görə də bu qədər önəmli enerji xəttinin çıxış nöqtəsi olan və Qərb dünyasının mənfəətlərini öz mənfəəti kimi görən "kukla" dövlətlərə ehtiyac duyub dəstəkləyirlər.

-Siz də qeyd etdiyiniz kimi, Qərb Kürdüstan dövlətinin yaranmasını istəyir, bu situasiyada Türkiyə necə davranacaq və gözləntiləriniz nədən ibarətdir?

-ABŞ-ın 100 ildə iki dəfə öz strategiyası ilə bağlı rəsmi bəyanatı olub. Biri 1916-cı ildə ABŞ prezidenti Vilson tərəfindən açıqlanan xəritədir. Orada Türkiyə içərisində Ermənistan, Kürdüstan yaratmaq ideyası vardı, Türkiyədə milli mücadilə ruhu və əzmi o xəritənin gerçəkləşməsinin qarşısını aldı.

İllər əvvəl Buş idarəçiliyi dövründə dövlət katibi Kondaliza Rays Böyük Orta Doğu xəritəsini açıqladı, dedi ki, ABŞ Orta Doğunun yenidən şəkillənməsini istəyir, 20-dən artıq yeni dövlətlər qurulacaq, hazırki dövlətlərin bir çoxu parçalanacaq, adlar dəyişəcək. Tarix isə hər zaman göstərib ki, türklər onunla bağlı ağızları sulana-sulana böyük xəyal quran dövlətləri xəyal qırıqlığına uğradıb. Qətiyyətlə Qərb dünyasının arzuladığı nəticənin olacağına inanmayanlardanam.

Türkiyənin hazırki siyasətinin bu şəkildə yönlənməsində Azərbaycanın böyük rolu olduğunu unutmamaq lazımdır. Azərbaycan mətbuatının çox üstündə durmadığı, təəssüf ki, tük mətbuatının da yetirincə yer vermədiyi çox önəmli Bakı zirvəsi keçirildi. Vladimir Putin- İlham Əliyev- Həsən Ruhani zirvəsi çox önəmli idi və çox böyük enerji boru xətləri də daxil olmaqla dünya iqtisadiyyatına təsir edəcək layihələrlə bağlı anonslar verildi. Bu zirvə həmçinin Türkiyə-Rusiya yaxınlaşması üçün zəmin oldu.



-Türkiyənin prezident üsuli-idarəsinə keçidlə bağlı təşəbbüsü necə qarşılayırsınız? Burada da fikirlər haçalanıb...

-Doğulub böyüdüyüm ölkədə dövlət idarəçiliyi prezidentlik üsul-idarəsidir. Kritik problemləri olan dövlətlərdə prezidentlik idarəçiliyini müdafiə edirəm. Bu sistemə eyni zamanda nəzarət mexanizmi aparılmalıdır.

-Türkiyənin sabiq XİN rəhbəri və baş naziri Əhməd Davudoğlu "qonşularla sıfır problemi" nəzəriyyəsi ilə tanınırdı. Amma zaman keçdikcə qonşu dövlətlərin hamısı ilə problemlər yaşandı. Sizin də çalışdığınız yeni baş nazirin fəaliyyətini necə xarakterizə edərdiniz?

-Yeni baş nazir Binəli Yıldırım ərzincanlıdır, səmimi insandır. Bir neçə dəfə açıqladı ki, problem, savaş istəmirəm. Biz hər kəslə yaxşı münasibətlər quracağıq, iqtisadi, siyasi, mədəni işbirliyinin yaranması üçün əlimizdən gələni edəcəyik. Doğrudan da etdi. Rusiya, İran, hətta Suriyanın da adını çəkmişdi.

Binəli Yıldırım xaraktercə həlim, səlim, barışı sevən, davanı qətiyyən xoşlamayan insandır. Nazir kimi çalışdığı postlarda da son dərəcədə uğurlu olub. Siyasət fərqli və çətin bir sahədir. Azərbaycanda doğulub böyümüş, qarabağlı bir ailənin övladı və Türkiyədə yaşayan türk vətəndaşı kimi görürəm ki, Azərbaycanda dövlət və millət Türkiyənin sıxıntılı günlərdə dimdik durub gözəl mesajlar verirlər. Türkiyənin güclü olması Azərbaycanın regionda qüdrətini artıracaq amillərdir biridir. Hamımız kimi Türkiyənin güclü olmasını arzulayıram.