“Kreml çalışır ki, Cənubi Qafqaza tam nəzarəti ələ alsın” Siyasət

“Kreml çalışır ki, Cənubi Qafqaza tam nəzarəti ələ alsın”

Məhəmməd Əsədullazadə: "Həmçinin Dağlıq Qarabağa öz "sülhmərəmlı" qüvvələrini yerləşdirməklə bölgədə təsir rıçaqlarına malik olsun"

"Son altı aydır Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq hökm sürməkdədir". Bunu Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, aprel müharibəsindən sonrakı ilk aylarda atəşkəsə nail olunsa da, sonradan erməni aqressiyası yenidən özünü göstərdi: "Demək olar ki, həmin günlər ərzində erməni tərəfi atəşkəsi yeddi dəfə pozurdusa, noyabr ayından başlayaraq atəşkəsi 40-50 dəfə pozmağa, hətta kiçik çaplı artilleriyadan istifadə etməyə başladı. Ermənistanın Hamburq danışıqlarından yayınması, diversiya -təxribat xarakterli həmlələri və atəşkəsi mütəmadi pozmasını daha da intensivləşdirdi. Ermənistanın diversiya qüvvələrinin, ötən ilin dekabrın 29-da dövlət sərhəddini pozaraq Azərbaycanın mövqelərinə həmləsi, bir hərbiçimizin cənazəsini özləri ilə aparması, onu bu günə kimi geri verməməsi və siyasi oyunlar aparması vəziyyəti mürəkkəbləşdirməyə yönəlib. Həmin ərəfədə işğalçı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməsinə cəhdi isə, uğursuzluğla nəticələndi. Münaqişə ətrafında gərgin situasiya cərəyan edən bir vaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı məlum açıqlaması, ardınca Ermənistan prezidenti Serj Sərkisyanın Qarabağla bağlı güzəştsiz mövqe sərgiləməsi isə müharibə ehtimalını gücləndirdi. Demək olar ki, hər gün ön cəbhədə erməni əsgərinin ölüm xəbəri gəlir". Politoloq hesab edir ki, getdikcə artan gərginlik Kremlin yenidən dövriyyəyə girməsini şərtləndirir: " Rusiya Cənubi Qafqazda güclənməklə, Qərbin artan marağı, xüsusilə ABŞ-dakı yeni administrasiyanın aydınlaşmayan Cənubi Qafqaz siyasətini önləmək üçün müharibə ehtimalını ertləmək, Ermənistan və Azərbaycanı yenidən danışıqlara cəlb etmək üçün təşəbbüs göstərməkdədir. Xatırlamaq lazımdır ki, aprel müharibəsindən sonra, Rusiyanın vasitəçiliyi fiaskoya uğramaqla işğalçı ölkənin mənafeyinə uyğun siyasət aparması, drumu daha da mürəkkəblışdirdi. Bir neçə gün bundan əvvəl, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Moskvaya getməsi, həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə
etməsi Rusiyanın təşəbbüslərindən xəbər verir. Amma ictimaiyyətə danışıqlar barədə geniş informasiya verilmədi. Bu səfərdən sonra xarici işlər naziri Elmar Məmmmədyarov da Moskvaya gedərək, həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar apardı. Xarici işlər nazirlərinin görüşü yenə də qapalı olaraq saxlanıldı. Səfərin təfərrüatları barədə məlumat verilmədi. Təbii ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərini Moskvaya Rusiya dəvət edib. Görünür Rusiya tərəflərə münaqişənin həlli istiqamətində yeni plan irəli sürüb. Rusiya münaqişə tərəflərinə təqdim etdiyi həll planını konfendensial olaraq, müzakirə edir. Və, hələlik Qərbdən gizli olaraq yeni siyasət ortaya qoymaq istəyir". Politoloqun sözlərinə görə, Kreml çalışır ki, Cənubi Qafqaza tam nəzarəti ələ alsın: "Həmçinin Dağlıq Qarabağa öz "sülhmərəmlı" qüvvələrini yerləşdirməklə bölgədə təsir rıçaqlarına malik olsun. Qeyd edim ki, Rusiya Ermənistan və Azərbaycana irəli sürdüyü həll formulunu müzakirə etmək üçün vaxt verib. Yeni həll planında Azərbaycana ilkin olaraq, yeddi rayon deyil, iki yaxud üç rayon qaytarılması əksini tapa bilər. "Kazan" formulunda isə, ilkin olaraq, yeddi rayon göstərilirdi. Əvəzində isə Dağlıq Qarabağa aralıq status verilirdi. Amma, Azərbaycanın iki və ya üç rayona razılığı mümkün görünmür. Həmçinin ölkənin Avrasiya İttifaqına və KTMT üzvülüyü şərt kimi ortaya qoyulur. Rəsmi Bakı, iki və ya üç rayonla razılaşsa, Qarabağı və öz müstəqilliyini itirmiş olar. Rusiya hesab edir ki, Qarabağ münaqişəsinə tam nəzarət edir. Və diqtə etdikləri qəbul olunmalıdır. Vurğulamaq lazımdır ki, son iki ildə Rusiya Qarabağ münaqişəsində daha da əsas söz sahibi kimi möhkəmlənib. Azərbaycan Qərblə əlaqləri möhkəmləndirməklə Rusiyanı neytrallaşdıra bilər". Məhəmməd Əsədullazadə onu da deyib ki, iki aydan sonra Ermənistanda parlament seçkiləridir və seçki qabağı prezidentlərin görüşü real görünmür: "Rusiyanın, Azərbaycanın artan müharibə ehtimalının qarşısını almaq üçün siyasət apardığı görünür. Münaqişə ətrafındakı durğunluq isə müharibəni diqtə edir. Mart ayına kimi Kremlin yeni layihələri aydın olacaq. Hesab edirəm ki, Moskva Ermənistanda seçkinin sakit bir məcrada keçməsi üçün müharibənin qarşısın ciddi-cəhdlə önləyəcək. Bunun üçün Azərbaycana təzyiqlər də arta bilər. Çünki, Ermənistanda siyasi vəziyyət mürəkkəbdir və mürəkkəblik Qərbin burada fəallaşmasına gətirər. Azərbaycanın əlində Ermənistana ciddi zərbə vurmaq üçün təsir rıçaqları və şansları artmaqdadır".