“Baş verənlər ikinci dəfə KTMT-nin zəifliyini ortaya qoydu” Siyasət

“Baş verənlər ikinci dəfə KTMT-nin zəifliyini ortaya qoydu”

Fikrət Sadıqov: "Aprel döyüşlərində də Ermənistana kömək etmədi"

Bəxtiyar Əliyev: "Lapşin Azərbaycana qarşı qanunvericilikdə cinayət təqibi nəzərdə tutulan çağırışlar edib"

Zahid Oruc: "Səngərdə real silahlı vuruşma gedirsə, diplomatiyada siyasi savaş aparılır"

"Belarus Respublikasının ərazilərimizə qanunsuz səfər edən Aleksandr Lapşinin Azərbaycana təhvil verməsi ölkəmizin maraqlarına uyğun siyasi addımdır". Bunu politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, ölkəmizin sərhədlərini iki dəfə pozan, saxta pasportla sərhədi keçən, eləcə də müəyyən çağırışlarla çıxış edən şəxs cəzlandırılmalıdır: "Bunun Belarus tərəfindən düzgün şəkildə qəbul edilməsi, Ermənistanın təşvişinə səbəb olub. Hazırda düşmən ölkə parlamentində Belarusa qarşı sanksiyalar, eləcə də səfiri geri çağırmaq kimi əsassız məsələlər müzakirə edilir. Bütün bunlar sadəcə müzakirədir, o demək deyil ki, ona əməl olunacaq. Amma Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır". Politoloq söyləyib ki, baş verənlər ikinci dəfə KTMT-nin zəifliyini, güclü olmayan təşkilat olduğunu ortaya qoydu: "Çünki, aprel döyüşlərində də Ermənistan onlardan kömək gözləsə də, təşkilat ona kömək etmədi. Lapşinin ekstradisiyası məsələsində də onlar Belarusun belə addım atmasını istəmirdilər. Hər iki məsələdə Ermənistanın gözləntiləri puça çıxdı".
Millət vəkili Bəxtiyar Əliyev deyib ki, Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası beynəlxalq hüquq normalarına uyğundur. Onun sözlərinə görə, A.Lapşin Azərbaycan qanunlarını pozub, qeyri-qanuni hərəkətlər edib: "O, Azərbaycana qarşı qanunvericilikdə cinayət təqibi nəzərdə tutulan çağırışlar edib. Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı materialları Belarus tərəfinə təqdim edib. Belarusda məsələyə qanun çərçivəsində baxılaraq müəyyən edilib ki, Lapşin cinayət əməli törədib və bu əməllərin istintaqının aparılması üçün dövlətlərarası sazişə və beynəlxalq hüquq normalarına uyğun olaraq, o, Azərbaycana ekstradisiya olunmalıdır. Azərbaycanda Lapşin ədalət məhkəməsi qarşısında cavab verəcək. Məhkəmə müəyyən edəcək ki, Lapşin hansı cinayət əməlini törədib və buna uyğun da qərar qəbul ediləcək". Millət vəkili deyib ki, bu prosesdə heç bir qanun pozuntusu yoxdur və Azərbaycan daim beynəlxalq hüquq normalarına əməl edir: "Amma Azərbaycandan fərqli olaraq, Ermənistan və onun himayədarları hər zaman beynəlxalq hüquq normalarını pozurlar. Ermənistan insanlığa qarşı cinayət əməlləri, etnik təmizləmələr və soyqırımlar həyata keçirib. Vaxt gələcək, onlar bu cinayət əməllərinə görə cavab verəcəklər, cinayət əməllərini törədən şəxslər ölkəmizə ekstradisiya ediləcək və Azərbaycanın ədalət mühakiməsi qarşısına çıxarılacaq". B.Əliyev deyir ki, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi Azərbaycan prezidentinin siyasi iradəsinin bir təzahürüdür.
Millət vəkili Zahid Oruc isə diqqətə çatdırıb ki, Lapşin məsələsi ayrılıqda götürülmüş bir şəxsin Azərbaycanın iradəsi əleyhinə Qarabağa səfər etməsi hadisəsi deyil: "Suveren hüquqlar ölkənin bütün miqyasında işləməyəndə, onu nəinki Ermənistan, yaxud Qarabağ erməniləri, üstəlik, xarici ölkə vətəndaşları pozanda bu, şübhəsiz ki, bu, işğalın tanınmasına xidmət edir. Ona görə bu məsələ bizim üçün Ermənistan və Azərbaycan arasındakı müharibənin tərkib hissəsidir. Səngərdə real silahlı vuruşma gedirsə, diplomatiyada siyasi savaş aparılır".
Millət vəkili qeyd edib ki, ölkə rəhbərinin bu məsələ ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına verdiyi tapşırıq, işdə ardıcıl həyata keçirilmiş hüquqi tədbirlər prosesi Azərbaycanın xeyrinə yekunlaşdırdı.
Millət vəkili bildirib ki, Lapşin Azərbaycana verilməsəydi, ermənilər bunu bayram edəcəkdilər: "Əvvəla, Lapşin üç ölkənin vətəndaşıdır və o dövlətlərin maraqları bu məsələdə birləşmişdi. Rusiya, Ukrayna və İsrail öz vətəndaşlarını qorumaqla, nəticədə Ermənistanın mənafeyinə xidmət etmiş olardılar. Yəni Azərbaycan hüquqi prosesi uduzsaydı, nəticədə Ermənistan bunu əsil bayrama çevirəcəkdi və belə bir qeyri-normal təbliğat aparacaqdı ki, guya həmin dövlətlər Qarabağ məsələsində ermənilərin yanındadır.
İkincisi, ermənilər uzun müddət Qarabağın "müstəqilliyini" tanıtdırmaq üçün on illər ərzində bax belə planlardan istifadə ediblər. Yəni guya onlar hər hansı seçki prosesi həyata keçirəndə müşahidəçilər cəlb edib, sonradan onların rəylərini alıb, onu beynəlxalq aləmə təqdim ediblər və bu vasitələrlə "Qarabağın dostları"nın sırasını artırmağa cəhd ediblər. O biri yandan Azərbaycanın bu məsələdə iradə göstərə bilməməsindən çıxış edib, sanki müstəqilliyə gedən yolun diplomatik, siyasi proqramını həyata keçiriblər. Ona görə də Belarus məhkəməsinin atdığı addım çox mühüm bir presedentdir. Belarus növbəti dəfə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını ən yüksək səviyyədə, hüquqi prinsiplərə sadiq qalaraq ortaya qoydu.
Artıq Azərbaycanın atdığı addımlar Ermənistanı xarici siyasət kursunda korrektələr etməyə məcbur edir. Baxın, bu gün erməni cəmiyyətində ən çox səslənən fikir Belarusla münasibətləri kəsmək, diplomatik əlaqələri dayandırmaq, iqtisadi münasibətlərə baxmaq, o biri yandan Rusiyanı Azərbaycanın üzərinə qaldırmaq, Bakı-Moskva münasibətlərini məhv etmək kimi isterik bəyanatlardır.
Üçüncüsü, Lapşinin etnik mənsubiyyətinə işarə edib, Azərbaycan-İsrail arasında bu məsələni təftiş etməyə cəhdlər var. Halbuki Belarusun göstərdiyi mövqe sırf hüquqa dayanıqlıdır. Lukaşenkonun söylədiyi kimi, burada söhbət qətiyyən nə Moskva ilə savaşdır, nə İsraillə münasibətləri korlamaq niyyətidir. Lapşinin təhvili bundan sonra Rusiyada, yaxud da istənilən bir Asiya, Avropa ölkəsində Qarabağda müqavilələr bağlayıb kampaniyalar quran dairələrə çox yaxşı bir siqnaldır. Bu, İrəvanın və onların sözünə dayaq durmağa çalışan Qarabağın saxta rejiminin məğlubiyyətidir.
Bizim mövqeyimiz yalnız cəza siyasəti deyil, dünyaya bir mesajdır. Rəsmi Bakı Qarabağın işğalına növbəti dəfə diqqət çəkməklə erməni lobbilərinə böyük zərbə vurdu".
Millət vəkili bu işdə Azərbaycan və Belarus arasında qurulan yüksək səviyyəli münasibətləri, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunu, həmçinin prokurorluq, DİN, təhlükəsizlik orqanlarının atdığı addımı müdafiə edən ikinci sektorun təmsilçilərini alqışlamaqla bərabər, onların içərisində erməni siyasətinə yem olan qüvvələrə də toxunub:
"Onlar söyləyirlər ki, Avropa Parlamentində diskussiyalar etmək, hüquqi məsələləri çözmək daha önəmlidir, nəinki hər hansı bir Lapşin məsələsi. "Görəsən, onu neçəyə satın alıblar" deyə, son dərəcə rəzil düşüncədən irəli gələn bir mövqe ortaya qoyanlar da var. Bu adamlar tamamilə ölkəmiz əleyhinə olan hüquq istismarçılarıdır. Doğurdanmı bu adamlar illərlə Qarabağa gedən xarici vətəndaşların səfərlərindən hər hansı bir materialları oxuyanda bundan zövq alırlar? Bu adamlar bir damla millət, dövlət hissinə malik deyillərmi? Həqiqətənmi Lapşin gedib Kəlbəcəri, Zəngilanı ermənilərin yaratdığı yüksək şərait fonunda görəndə, oradan ona verilmiş ssenariyə uyğun qələm məhsullarını tirajlayanda bu adamlar bundan zövq alırlar? Yəni bu şəxsin Azərbaycana verilməsinin üzərindəki o böyük siyasi prosesi necə görə bilməzlər? Necə ola bilər ki, Ermənistanın Xarici İşlər Nazirliyindən və Qarabağdan da bəyanatlar səslənsin, ancaq bu adamlar hakimiyyəti nədəsə qınamaq istəsin? Bir daha söyləyirik ki, Qarabağa getmək istəyənlərə Azərbaycan viza verməyə hazırdır. Lakin təbii ki, onlar Ağdama, Füzuliyə qədər gedə biləcəklər. Onda biləcəklər ki, Xankəndinə getmək istəyinin qarşısını alan Azərbaycan torpaqlarının işğal amilidir. Bir sözlə, bu məsələdə atılan addım Azərbaycanın Qarabağ üzərindəki hərbi-siyasi savaşının növbəti bir uğur elementidir.
Azərbaycan hamını onun qanunları və hüquq sistemi ilə hesablaşmağa vadar edir".