İşğalçıların Qarabağda qanunsuz referendum niyyəti Siyasət

İşğalçıların Qarabağda qanunsuz referendum niyyəti

ATƏT-in Daimi Şurasının fevralın 16-da keçirilən iclasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz referendum keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb.
XİN-dən verilən məlumata görə, Daimi Nümayəndəlik ATƏT iştirakçı dövlətlərinin diqqətini Ermənistanın təxribatçı niyyətinə cəlb edib, bunun Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının, əksinə, vəziyyəti gərginləşdirmək, işğal siyasətinin nəticələrini möhkəmləndirmək, qəbuledilməz və qeyri-dayanıqlı status-kvonu davam etdirmək siyasətinin göstəricisi olduğunu bildirib. Bu kimi cəhdlərin münaqişənin substantiv danışıqlar yolu ilə həlli cəhdlərinə zərbə vurduğu vurğulanıb.
Daimi Nümayəndəlik keçirilməsi planlaşdırılan referendumun Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin açıq pozuntusu olduğunu, Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan tərəfindən qanunsuz güc tətbiqinin davam etdiyi və işğal altındakı ərazilərdə aparılmış mənfur etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin digər ciddi pozuntuları şəraitində təşkil olunduğunu və beləliklə də, hər hansı hüquqi nəticə doğura bilməyəcəyini bəyan edib.
Azərbaycan tərəfi bir daha beynəlxalq ictimaiyyəti qanunsuz referendumu pisləməyə və onun nəticələrini tanımamağa, eləcə də Ermənistana işğalçı siyasətinə son qoyması üçün siyasi və diplomatik təzyiq göstərməyə çağırıb.
Məsələ üzrə çıxış edən Türkiyə, Ukrayna və Gürcüstan nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə edərək referendumun qanunsuz və qeyri-legitim olduğunu, onun adı çəkilən ölkələr tərəfindən rədd edildiyini və nəticələrinin tanınmayacağını bildiriblər.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib. Əlavə edilib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı bir ölkəsi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Bundan irəli gələrək keçirilməsi nəzərdə tutulan referendumun nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və bu referendum Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə heç bir təsir edə bilməz. Bundan əlavə, Fransa nümayəndəsi həmsədr ölkələr adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə çağırış edib.
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi "referendum"a münasibətini açıqlayıb.
Rusiya XİN-dən bildirilib ki, rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: "Hesab edirik ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır. Bununla yanaşı, biz düşünmürük ki, nizamlanmanın gedişi "konstitusiya referendumu"nun keçirilməsindən asılı ola bilər".
İşğal olunmuş Azərbaycan torpaqlarında Qarabağ separatçılarının "konstitusiya islahatları" ilə bağlı "referendum" keçirməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, bu "referendum" mənasız bir iş olsa da, bölgədə gərginliyi artıra bilər. Ermənistanın belə bir həssas dönəmdə təxribatları davam etdirməsinin yalnız bir anlamı var, o da bilərəkdən müharibənin başlanmasına rəvac verməkdir.
Politoloq bildirib ki, bu, reallıqda durumu dəyişməsə də, vəziyyəti gərginləşdirəcək:
"Bir tərəfdən "sülh"də maraqlı olduqlarını deyirlər, digər tərəfdən isə təxribatlarla məşğuldurlar. Mən gözləyirdim ki, ATƏT-in Minsk Qrupu İrəvanın bu addımını danışıqlara mane olacaq bir element kimi görəcək və bu məsələyə dərhal kəskin etirazını bildirəcək. Çox təəssüf ki, beynəlxalq aləm də bu təxribata adekvat reaksiya vermir. Bu halla barışmayacağıq. Azərbaycan artıq taktikasını dəyişib və Dağlıq Qarabağ ətrafındakı işğalçı qüvvələrin bütün postları, canlı və hərbi texnikası hədəfə alınır. Görünür, yenidən vəziyyəti bilərəkdən gərginləşdirməkdə maraqlıdırlar. Bu "referendum" çox mənasız bir iş olsa da, bölgədə gərginliyi artıracaq. Ermənistan bu təxribatı davam etdirməklə, əslində, müharibənin başlanmasına birbaşa rəvac verir".
Qeyd edək ki, Ermənistan fevralın 20-də işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumda "konstitusiya islahatları" ilə bağlı əldəqayırma və hüquqa zidd referendum keçirəcək.