Qarabağdakı “referendum”un məqsədi Siyasət

Qarabağdakı “referendum”un məqsədi

Dağlıq Qarabağda keçirilən saxta referendum Ermənistan hakimiyyətinin iki il əvvəlki siyasi avantürist planları ilə bağlı idi və onlar məqsədlərinə nail ola bilmədilər.
Bu sözləri millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, ermənilərin niyyəti İrəvanın parlament idarə üsuluna keçdiyini bəyan etməklə bu ölkənin demokratiya yolunda mühüm nailiyyətlər əldə etdiyini, Qərb təcrübəsinin onlar tərəfindən qəbul olunduğunu dünyaya göstərmək idi:
"Ermənistanda hakimiyyətin çevrəsində olan məhdud qüvvələr belə bir ideyanı ortaya atdılar ki, əgər həqiqətən də Ermənistan və Qarabağda bu cür konstitusion islahatlar prosesinə getsələr, bu, onların beynəlxalq məkana yeni çıxışı demək olacaq. Lakin o qüvvələr ki bu gün İrəvanın müxtəlif informasiya məkanında Ermənistandakı yeni idarəçiliyə keçidi vəsf edirlər, onlar bunu Qarabağ haqqında söyləmək imkanından məhrumdurlar. Guya Qarabağda super prezidentlik formalaşdırılır və bu, son iki ildə cəbhədə yaranan vəziyyətlə bağlıdır. Reallıqda isə Bako Saakyanın səlahiyyətləri bir az da möhkəmləndirilir. Artıq son dəyişikliklərə görə, Saakyan 2017-ci ildə yenə öz namizədliyini sürə və yəqin 2040-cı ilədək hakimiyyətdə qala bilər".
Millət vəkili bildirib ki, İrəvanın beynəlxalq məkana Qarabağ və Ermənistanın demokratiya yolunda mühüm irəliləyişlərini təqdim etmək planı iflasa uğradı:
"Ən əsası isə odur ki, Qarabağda yaşayan əhalinin prosesə qoşulması müşahidə olunmadı. Xalq bütövlükdə bu prosesi boykot etdi. Yəni Azərbaycana hüquqi siyasi məkanda təzyiq göstərmək mümkün olmadı. Hətta müəyyən dövlətlərin dairələri bu prosesi gizli səviyyədə Azərbaycan əleyhinə stimullaşdırsalar da, bu proses özlərinin əleyhinə çevrildi. Reallıq bundan ibarətdir ki, Qarabağda yaşayan erməni xalqı bu illər ərzində yalnız məhrumiyyətlər görüb, demokrafik ölüm yaşayıb, Azərbaycandan kənar düşməyin yalnız ziyanlarını müşahidə edib".
Z.Oruc vurğulayıb ki, Qarabağ ilk növbədə Ermənistan hərbi-siyasi avantürist qüvvələrindən azad olunmalıdır:
"Prezidentin söylədiyi kimi, konkret olaraq onlar üçün yüksək muxtariyyat statusunda qalmaq iki min il bundan əvvəlki tarixlərində uydurduqları Qarabağ dövlətçiliyindən daha üstün statusdur. Yəni Qarabağın erməni əhalisinə real seçim hüquqi verilsəydi, onlar Azərbaycanla birgə yaşayışa səs verəcəkdilər. Ona görə də bundan sonra Qarabağda möhkəmlənən yalnız hərbi işğalçılar olacaq və orada qeyri-demokratik proseslər dərinləşəcək".