“Putin Ərdoğanla əməkdaşlıqdan məmnundur” Siyasət

“Putin Ərdoğanla əməkdaşlıqdan məmnundur”

Elxan Şahinoğlu: "Ancaq vacib detalları özü üçün aydınlaşdırmaq istəyir"

"İki ölkənin prezidenti bu görüşdə əsasən Suriyanı müzakirə edəcəklər". "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Putin və Ərdoğanın Soçi görüşünə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Putin Ərdoğanla əməkdaşlıqdan məmnundur: "Ancaq Putin Ərdoğanla görüşdə vacib detalları özü üçün aydınlaşdırmaq istəyir. Rusiya Suriyada Hələb şəhərinin azad olunmasında Türkiyə ilə əməkdaşlıq etdi. Bundan sonra Rusiya, Türkiyə və İran təmsilçiləri Qazaxıstanın paytaxtı Astanada görüşdülər və Suriyada atəşkəsə nail oldular. Növbəti mərhələdə Rakka şəhərinin İŞİD terrorçularından azad olunması planlaşdırılır. Pentaqon Rakka şəhərinin azad olunmasında iştirak etmək istəsə də, hələ ki, gözləmə mövqeyindədir. Rusiyanın da Rakkaya iddiaları var. Ancaq məsələ burasındadır ki, Rakkada gələcək döyüşlərdə böyük itkilər olacaq. Görünür, Putin Rakka şəhərinin azad olunması uğrunda döyüşlərdə Türkiyə ordusunun dəstəyinə ehtiyac duyur". Politoloqun sözlərinə görə, Türkiyə Rakka şəhərinin azad olunması əməliyyatında Rusiya ilə əməkdaşlığı davam etdirə bilər: "Ancaq bunun reallaşması üçün Ankaranın şərti var: Rusiya Suriyadakı silahlı kürdləri dəstəkləməməlidir. Ərdoğan bu məsələni Soçidəki görüşdə Putinin qarşısında qaldıracaq. Bunun qarşlığında Putin Suriyada silahlı kürdlərə dəstəkdən imtina edəcəkmi? Bu suala birmənalı cavab yoxdur. Halbuki, Birləşmiş Ştatlar ordusunun silahlı kürdlərlə Türkiyə sərhədini nəzarət altına alması Kremlin xoşuna gəlməməlidir". Elxan Şahinoğlu bildirib ki, bütün hallarda Ərdoğan Moskvanın Suriyadakı silahlı kürdlərə dəstəyini dayandırmasını istəyir: "Türkiyə həmin silahlı kürdlərin terrorçu PKK təşkilatına bağlı olduğunu bildirir. Rusiya silahlı kürdlərə dəstəkdən o zaman imtina edə bilər ki, Türkiyə Bəşər Əsədin devrilməsi planlarında yer almasın. Rusiya rəsmilərinin fikrincə, Amerika vaxtilə İraqda Səddam Hüseyni devirdiyi kimi Bəşər Əsədi də devirmək planları hazırlayıb. Kreml Vaşinqtonun bu planlarında Türkiyənin yer almasını istəmir. Buna baxmayaraq, Ərdoğan Əsədlə barışmayacaq. Tam əksinə. Ərdoğan son müsahibəsində qeyd edib ki, Putinlə görüşdə Rusiya prezidenti ona deyib ki, o, Əsədin vəkili deyil. Ərdoğan Putinə Əsədi hakimiyyətdə bir başqası ilə əvəz etməyi təklif edəcək. Eyni mövzunu Vladimir Putin bir müddət əvvəl Moskvaya səfər edən Amerikanın dövlət katibi Reks Tillersonla müzakirə etmişdi. Kreml Əsədin bir başqasıyla əvəz edilməsini istəmir. Çünki, Kremldə düşünürlər ki, Əsədin yerinə hakimiyyətə gələcək şəxs Rusiya ilə strateji tərəfdaşlıqdan və Rusiya hərbi bazalarından imtina edəcək. Rusiyada düşünürlər ki, Əsədin yerinə gələcək şəxs silahlı müxalifətlə barışacaq. Bu halda isə müxalifət strateji müttəfiq kimi Rusiyanı deyil, Amerikanı və başqa ölkələri secəçək". Politoloq hesab edir ki, Suriyadan başqa, Ərdoğanla Putinin müzakirə edəcəyi daha iki mövzu var. Bunlardan biri Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına maneəsiz girişinə icazə verilməsidir. Türkiyənin bəzi kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə hələ də maneələr var: "İkinci mövzu Türkiyənin Rusiya taxılından imtina etməsidir. Rusiya Türkiyənin kənd təssərrüfatı məhsullarına maneə yaratdıqdan sonra Türkiyə də Rusiyadan taxıl almaqdan imtina etdi. Bu məsələnin sadə həlli var. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalına maneəni ortadan qaldırarsa, Türkiyə yenidən Rusiyadan taxıl alacaq. Bundan başqa, Ərdoğanın Rusiyaya səfəri ərəfəsində Ankara daha bir jest etdi. Rusiya vətəndaşları Türkiyədə vizasız 60 gün deyil, 90 gün qala biləcəklər. Eyni addımı hələ ki, Moskva atmır. Beləliklə, Ərdoğan-Putin görüşündə həm Suriya mövzusunda, həm də ikitərəfli münasibətlərdə müsbət nəticələr əldə etmək mümkündür. Yetər ki, Kreml Türkiyənin müsbət jestlərinə eyni səmimiyyətlə cavab versin".