“Moskva görüşü rəmzi məna daşıyırdı” Siyasət

“Moskva görüşü rəmzi məna daşıyırdı”

Mübariz Əhmədoğlu: "Bununla Rusiya münaqişənin tənzimlənməsində rolu öz üzərinə götürdüyü mesajını verdi"

Peter Teys: "ATƏT-in Minsk qrupunun həmsədrləri fiaskoya uğrayıb"

Tofiq Abbasov: "Danışıqlarda nəzərə çarpan irəliləyiş görünmür"

Nazirlərin Moskva görüşü gözlənildiyi kimi nəticəsiz başa çatdı. Görüşdən sonra verilən bəyanat heç bir nəticənin olmamasını təqsdiqləyir. Belə olan halda nəticəsi əvvəlcədən bəlli olan görüşün keçirilməsi hansı məqsəd daşıyır? Moskva bununla nə əldə edir?
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü rəmzi məna daşıyırdı. Görüşün Rusiya tərəfindən təşkil olunduğu və həmsədrlərin görüşə sonda buraxıldığını deyən politoloq söyləyib ki, bununla Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu öz üzərinə götürdüyü mesajını verdi: " Yayılan məlumatlardan məlum olur ki, görüş zamanı konkret məsələlər müzakirə olunub. Ermənistan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin missiyasının genişləndirilməsi və qoşunların təmas xəttində insidentlərin tətbiqi mexanizmlərinin yaradılması məsələsinin üzərində dayanıb, Azərbaycan isə işğalçı qoşunların çıxarılması qrafikinin hazırlanmasını tələb edib. Görüşdə Anjey Kaspirşikin missiyasının genişləndirilməsi ilə Azərbaycanın tələbi arasında balans variant əldə olunub. Çünki Rusiyanın XİN başçısının son sözü belə idi ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ tənzimlənməsində bütün prinsipial məsələlər razılaşdırılıb lakin bazanın həyata keçirilmə ardıcıllığında razılaşma əldə olunmayıb. Görünür hazırda bununla bağlı konkret danışıqlar aparılır".
Politoloq hesab edir ki, Rusiyanın təşəbbüsü ilə həyata keçirilən danışıqlarda ən vacib məqam danışıqların virtual, real-praktiki mərhələyə keçməsidir: "Rusiya bu vaxta qədər Ermənistana parlament seçkilərinə görə dözürdü. Artıq bu seçkilər başa çatıb, ona görə Azərbaycan da, Rusiya da Ermənistandan konkretlik tələb edir. Yəqin ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putindən üçtərəfli görüş barəsində yeni təşəbbüs eşidəcəyik".
ABŞ-dan olan siyasi ekspert Peter Teys deyib ki, Ermənistanın, xarici işlər nazirləri – Elmar Məmmədyarov, Sergey Lavrov və Eduard Nalbandyanın görüşü zamanı provokasiya törətməsi təəssüf doğurur: "Moskva və Bakının hər iki tərəfdən günahsız insan həyatlarını alan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllini tapmaq istəyi əvəzinə Ermənistan rəhbərliyi münaqişənin həllində maraqlı deyil". O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fiaskoya uğrayıb və onların tətbiq etdiyi ikili standartlar Ermənistanın xeyrinə olur və danışıqlar masasında ədalətsiz şərait yaratmaqla Azərbaycan rəsmilərinin narahatlığına səbəb olurlar: "Moskva həmsədrləri əvəz edir və bu cür danışıqlar münaqişənin həlli üçün sabit mövqeyin olmasını müsbət faktor kimi sübut edir". Ekspertin fikrincə, dünya birliyi bilməlidir ki, Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ ətrafında 7 rayonu işğal edib: "Ötən il ərzində Ermənistan hökuməti bu məsələ üzərində öz niyyətini möhkəmləndirib və qoşunlarını Azərbaycanın suveren ərazilərindən geri çəkmir". P. Teys əlavə edib ki, Ağ Evin əsas vəzifəsi münaqişənin davamlı həllinin tapılması olmalıdır, bu münaqişə Azərbaycanın mülki əhalisinə humanitar böhranla üz-üzə qoyub: "Həmçinin Naxçıvan MR-in üzləşdiyi iqtisadi blokadanı da unutmaq olmaz. BMT Baş Assambleyasında Naxçıvana qarşı olan münasibət pislənilməlidir". O həmçinin bildirib ki, danışıqlar illərlə davam edib və heç bir konkret nəticə verməyib: "ABŞ Dövlət Departamenti bilməlidir ki, Azərbaycan rəsmiləri beynəlxalq hüquq və BMT TŞ-nın qətnamələrinə əsaslanaraq münaqişənin həllində həqiqətən maraqlıdır".
Politoloq Tofiq Abbasov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda nəzərə çarpan irəliləyiş görünmür. T.Abbasov bildirib ki, vasitəçilərin prosesin tamamilə dayanmaması uğrunda çalışması göz önündədir: "Danışıqların dayanmasının səbəbi rəsmi İrəvanın siyasi prosesdən qaçmasıdır. Erməni diplomatiyası torpaqların qaytarılması məsələsini müzakirə etmək istəyindən uzaqdır və buna görə də siyasi məsləhətləşmələri iflic etmək istəyir". Politoloq əlavə edib: "Moskva ciddi şəkildə işin gedişatında əngəllər yaranmaması üçün israrla çalışır. Çünki, moderatorluq yükünün əsas hissəsi məhz Kremlin üzərindədir. Odur ki, ən yaxın zamanda Rusiya müttəfiqi Ermənistanı cilovlaya bilib-bilməməsi bəlli olacaq. Rəsmi Bakının mövqeyi, baxışları tam aydındır, İrəvanın isə yox. Rusiya diplomatiyası prosesin qırılmasını istəmirsə, gərək problem yaradan tərəfi ram edib sağlam və şəffaf platformaya dəvət etsin".
Millət vəkili Asim Mollazadə diqqətə çatdırıb ki, Ermənistan Rusiyanın hərbi qüvvələrinin idarə etdiyi bir ölkə olduğundan Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin görüşündən nəsə gözləməyə dəyməzdi. Deputatın sözlərinə görə, onsuz da XİN başçılarının Moskva görüşündən heç nə gözləmirdim və gözləntilərim də özünü doğrultdu: "Çünki Ermənistan müstəqil ölkə olmadığından və bunun nəticəsində müstəqil siyasət yürüdə bilməməsindən Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini öz inhisarına alıb. Ermənistanın müstəqil siyasət yürüdə bilməməsi isə münaqişənin həlli ilə bağlı durumu daha da çətin vəziyyətə salıb". Millət vəkili əlavə edib ki, biz beynəlxalq təşkilat və ictimaiyyətdən Qarabağ məsələsində beynəlxalq hüququn aliliyini əsas götürərək Ermənistana göstərməsini istəyirik: "Əks halda Qarabağ münaqişəsi hələ uzun müdət dondurulmuş münaqişə qismində qalacaq". Son dövrlərdə Rusiya XİN rəsmilərinin birmənalı olaraq Ermənistanın mövqeyini dəstəkləməsi ilə bağlı verdiyi açıqlamalara gəldikdə, deputat deyib ki, Ermənistan Rusiyanın foröostu olduğundan, buraya öz ərazisi kimi baxır və ona görə də Moskva bu məsələdə öz maraqlarından çıxış edir: "Bir daha təkrar edərək bəyan edirəm ki, Ermənistan müstəqil ölkə yox, Rusiya hərbçilərinin idarə etdiyi forpost bir ərazidir və ona görə də Rusiya bura öz ərazisi kimi yanaşdığından, maraqlarını burada müdafiə edir".
Politoloq Natiq Miri söyləyib ki, görüşün keçirilməməsinin əsas səbəbi "aprel döyüşləri" idi: "Aprel döyüşləri"ndə ermənilər Azərbaycan Ordusu tərəfindən ciddi zərbə aldı və işğal edilmiş ərazilərin müəyyən qismi azad edildi. Bu, Sarkisyan hakimiyyətinin indiyə qədər həm beynəlxalq ictimaiyyətdə, həm də erməni ictimai rəyində yaratdığı "məğlubedilməz erməni ordusu" mifinin sabun köpüyündən başqa bir şey olmadığını göstərdi. Döyüşlərdən sonra Ermənistan hakimiyyətinin mövqeləri zəiflədi, Sarkisyan hakimiyyəti də danışıqlar masasında Azərbaycan dövlətinin qarşısında zəif vəziyyətə düşdü. Buna görə də Sarkisyan zəif mövqe ilə danışıqlar masasına əyləşmək istəmirdi. Belə olanda Rusiyanın prosesə müdaxiləsi və vəziyyəti xilas etməsi lazım idi ki, "aprel döyüşləri"ndən indiyə kimi biz bunu müşahidə etdik.
Rusiya danışıqları imitasiya etməklə zaman qazandı və Ermənistana ən müasir silahlar verdi. Bununla da regionda Azərbaycanla Ermənistan arasında balans yaratdı. Bununla Ermənistanın mövqelərini qismən də olsa gücləndirdi, erməni hakimiyyətinin Azərbaycana qarşı ritorikası daha da sərtləşdi.
İkinci məsələ apreldə Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı idi. Vaxtilə konstitusiyaya edilən dəyişikliklərə görə, parlament seçkilərindən sonra Ermənistan parlament üsul-idarəçinə keçəcəkdi. Bu da Sarkisyan üçün əhəmiyyətli idi. Seçkidən öncə o, Moskvaya səfər etdi və Kremlin razılığını aldı. Bunun müqavilində seçkiləri total şəkildə saxtalaşdıraraq, yeni hökuməti istədiyi kimi formalaşdırmaq imkanı əldə etdi. Bundan sonra danışıqlar masasına oturmaq Sarkisyan hakimiyyəti üçün daha rahat idi. Bu günə qədər görüşlərin keçirilməməsinin iki əsas səbəbi məhz bunlardır".
Onun fikrincə, belə görüşlərin keçirilməsi Sarkisyan üçün o qədər də maraqlı deyil: "Çünki ermənilər mövcud status-kvonun saxlanılmasını istəyirlər. Mövcud status-kvo Azərbaycan torpaqlarını işğal altında saxlayır və bu vəziyyətdən istifadə edən Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta bütün cinayətkar əməllərdən istifadə edir. Sarkisyan rejimi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan "qara dəlik" kimi yararlanır. Köhnə silahlar da məhz bu dəlik vasitəsilə Yaxın Şərq və ətrafındakı terror ünsürlərinə satılır. Bununla yanaşı, Qarabağ ətrafındakı ərazilərdə narkotika plantasiyaları salınıb. Bu da bilavasitə Sarkisyan hakimiyyətinə və Qarabağdakı erməni cinayətkarlarına milyonlarla pul qazandırır. Bu baxımdan, danışıqlar Sarkisyan rejiminə sərf etmir.
Lakin görüşü təşkil edən Moskva da anlayır ki, danışıqları uzun müddət təxirə salmaq mümkün deyil. Çünki cəbhə xəttində artıq gərginlik artır, tərəflər yenidən qarşılıqlı artilleriya atəşlərindən istifadə edir, getdikcə erməni əsgərlərin ölüm sayı çoxalır. Bütün bunlar hərbi riski artırır. Buna görə də Ermənistandakı seçkidən dərhal sonra Rusiya hərəkətə keçdi və Moskvada nazirləri görüşdürdü. Görüşdə ciddi siyasi nəticə olmadı, hər-hansı siyasi nəticənin olması da gözlənilmirdi. Rusiya düşünür ki, bu cür yalançı görüşlər təşkil etməklə atəşkəsin ömrünü uzatmaq daha rahatdır. Çünki görüşlər olmayanda prosesin hərbi fazaya keçməsinə şərait yaranır. Rusiya da masa ətrafında danışıqlarla imitasya yaradır ki, proses hərbi fazaya keçməsin...".

Əli