“Türkiyə haqsız hücumlara məruz qalır” Siyasət

“Türkiyə haqsız hücumlara məruz qalır”

Qüdrət Həsənquliyev: "Avropa Şurasının qərarı bunun bariz nümunəsidir"

"Mən bu tirubunadan müxtəlif zamanlarda türk qardaşlarımızın bizə verdiyi dəstəkdən qürurla, Türkiyənin Qarabağ savaşı zamanı Ermənistana etdiyi yardımlarından, bu gün də davam və inkişaf edən iqtisadi əlaqələrindən ürəkağrısı ilə danışmışam. Biz Türkiyə ilə bir millət, iki dövlətik. Sevincimiz və kədərlərimiz də hər zaman bir olub".
Bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Millət vəkili bildirib ki, bu gün Türkiyə haqsız hücumlara məruz qalır: "Avropa Şurası Parlament Assambleyasının Türkiyə əleyhinə qəbul etdiyi sözügedən qərar da bunun bariz nümunəsidir. Avropa rəsmilərinin bu hücumlara belə haqq qazandırmasının şahidi oldum: Onlar söyləyirlər ki, Türkiyənin Avropa ilə münasibətlərində problem dəyərlər məsələsidir. Maraqlıdır, hansı dəyərlərdən söhbət gedir? Təqribən 1 həftə öncə BBC-nin internet səhifəsində belə bir yazı ilə rastlaşdım. Həmin yazıda qeyd olunurdu ki, Roma Papası Fransisk miqrantlarla görüşərkən Avropadakı qaçqın düşərgələrini faşist Almaniyası dövründə mövcud olan ölüm düşərgələri ilə müqayisə edib. Bu müqayisəni hər hansı bir Türkiyə, yaxud Azərbaycam vətəndaşı etməyib".
Qüdrət Həsənquliyev qeyd edib ki, təkcə Almaniyanın dövlət büdcəsi Türkiyənin dövlət büdcəsindən 8 dəfə çoxdur: "Ancaq Türkiyə öz qapılarını bütün qaçqınların üzünə açdı, bir nəfərə belə "yox" demədi. Əsl insani dəyərlər, qanunun aliliyi və demokratiya məhz budur. Mən televiziyadan da izləyirəm, Avropada 30 dərəcə şaxtada insanlar çəlləklərin altını yandırıb açıq havada yuyunurdular. Körpə uşaqlar hansı vəziyyətdə idilər. Buna görə də Roma Papası həmin düşərgələri ölüm düşərgələri adlandırıb. Həm də bu gün İraqdakı, Suriyadakı vəziyyəti Türkiyə yaratmayıb. Bunu avropalılar həmin ölkələrin daxili siyasətinə müdaxilə etməklə yaradıblar. Buna görə də mən burada çıxış edən deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, biz Milli Məclis olaraq Avropa Şurasının bu qərarını qətiyyətlə pisləməliyik. Mən o fikirdən çox uzağam ki, bu gün Türkiyədə hər şey qaydasındadır. Amma türklər özləri də deyirlər ki, problemlər varsa müzakirəyə hazırdırlar. Başqa ölkələrə münasibətdə bunu etdikləri kimi, Türkiyə ilə bağlı da bu addımı ata bilərlər".
Millət vəkili həmçinin "Diplomatik xidmət haqqında" qanuna edilən dəyişiklə bağlı da fikirlərini bildirib: "Mən əvvəllər də bu məsələni qaldırmışam. Biz Mərkəzi Seçki Komissiyasının üzvlərinə də diplomatik pasport verək. Bir də bəzi vəzifəli şəxslərin həyat yoldaşlarına da diplomatik pasport veririk. Ona görə də millət vəkillərinin həyat yoldaşlarına da diplomatik pasportun verilməsi məsələsini gündəmə gətirmək lazımdır. Oqtay müəllim, düşünrəm ki, bunu müvafiq orqanlarla müzakirə eləsəniz yaxşı olar".