“Forum Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir” Siyasət

“Forum Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir”

Bəxtiyar Əliyev: "Bu beynəlxalq tədbirin siyasi, iqtisadi və mədəni əhəmiyyəti var"

Sevinc Fətəliyeva: "Tədbir Azərbaycanın dəyərlərini dünyaya nümayiş etdirmək imkanı yaradacaq"


Dünən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 6-a qədər davam edəcək.
ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys "Eurasia Review" saytındakı məqaləsində deyilir ki, Forumla əlaqədar Bakıya çoxlu sayda nüfuzlu beyəlxalq nümayəndə heyəti gəlir: "Forumun bağlanışından sonra qonaqlar Naxçıvan Muxtar Respublikasına da səfər etməlidirlər". P.Teysin sözlərinə görə, Naxçıvan 20 ildən çoxdur ki, ağır iqtisadi blokada ilə üzləşməsinə baxmayaraq, bölgə rəhbərliyi tarixi və mədəni abidələrin bərpası sahəsində böyük uğurlara imza atıb. Müəllifin fikrincə, beynəlxalq nümayəndə heyətləri Naxçıvanda Azərbaycan tarixinin nəbzini tutaraq, mədəniyyətlərarası dialoq sahəsində öz dünyagörüşlərini daha da artıracaqlar.
Deputat Bəxtiyar Əliyev deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Forumun artıq 4-cü dəfə keçirildiyini xatırladan B.Əliyev bu beynəlxalq tədbirin böyük siyasi, iqtisadi və mədəni əhəmiyyətinin olduğunu nəzərə çatdırıb: "İpək yolu" layihəsi çərçivəsindən baxsaq, forum Şərqlə Qərb arasında çox geniş, əhatəli əlaqələrin formalaşmasına imkan yaradır. Azərbaycan öz nümunəsində göstərir ki, biz XXI əsrdə mədəniyyətlər və dinlərarası dialoqdan, onların qarşılıqlı əməkdaşlığından danışa bilərik. Bu baxımdan ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox gözəl platforma oldu".
B.Əliyev əlavə edib ki, ümumiyyətlə, forumda müzakirə olunan məsələlər dünyanı narahat edən bir sıra mövzuları - gənclərin problemlərindən tutmuş mədəniyyətlər, dinlərarası münasibətlər, tolerantlıq, birgəyaşayış, eyni zamanda hərtərəfli əməkdaşlığa dair məsələləri əhatə edir.
Deputat bildirib ki, ən əhəmiyyətli məqamlardan biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü və UNESCO-nun tərəfdaşlığı ilə keçirilməsidir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb: "Hesab edirəm ki 4-cü forum da digərləri kimi Azərbaycanın tolerant ölkə və multikulturalizm dəyərlərinə sahib olduğunu dünyaya nümayiş etdirmək imkanı yaradacaq".
Onun sözlərinə görə, dünyada gedən proseslərə baxmayaraq Azərbaycan yenə də öz sözünü bu forumla deyəcək: "Azərbaycan Forum vasitəsilə dünyaya bir daha nümunə kimi görünəcək".
Forumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini xatırladan S. Fətəliyeva bildirib ki, forum zamanın nəbzinə, tələbata uyğun olaraq həyata keçirilir: "Azərbaycan Prezidenti bu istiqamətdə zamanın nəbzini tutaraq dünyada gündəmdə olan məsələlər, böhran və digər məsələlərin çıxış yolu kimi bu cür forumların keçirilməsi təşəbbüsü ilə çıxış edir. Bu forumun keçirilməsi də dünyada gedən proseslər əsasında yaranan təşəbbüsdür. Azərbaycana dost ölkələr də bu təşəbbüsü dəstəkləyərək forumda geniş tərkibdə iştirak edirlər. Forumda hazırkı və sabiq prezidentlərin iştirakı çox önəmlidir".
Forumun Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyən Milli Məclisin deputatı söyləyib ki, tədbir iştirakçıları ölkəmizlə bağlı məlumatları kimlərinsə dili ilə deyil, öz gözləri ilə görəcəklər: "Ölkəmizdə hər hansı beynəlxalq tədbirin keçirilməsi o deməkdir ki, Azərbaycana yeni insanlar gələcək, ölkəmizi tanımayanlar tanıyacaq, tanıyanlar isə daha dərindən tanıyacaqlar. Bu bizim üçün ən əsas məqsəddir. Düzdür, biz bu gün Azərbaycanda gedən prosesləri, həqiqətlərimizi dünyaya çatdırırıq. Lakin ölkəmizdə müxtəlif forumların keçirilməsi daha önəmlidir o baxımdan ki, bura təşrif buyuranlar Azərbaycan haqqında beynəlxalq təşkilatların dili və ya ölkə nümayəndələrimizin çıxışları əsasında deyil öz gözləri ilə görüb məlumatlanacaqlar".
Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov deyib ki, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir. O qeyd edib ki, Bakı prosesi dünyanı narahat edən məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib: "Burada bir çox ölkələrinin siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və həyatımıza təsir edən məsələlər ətrafında fikir mübadiləsi aparır, problemlərin həlli yollarını axtarırlar". A.Kərimov bildirib ki, Azərbaycan həmişə dünyada mədəniyyətərarası dialoqun inkişafına böyük töhfə verir və növbəti forumun keçirilməsi Azərbaycanın bu prosesə sadiqliyini aydın şəkildə nümayiş etdirir.
UNESCO-nun mədəniyyətlərarası və dinlərarası 2-ci akademik forumunun iştirakçısı - Mədəniyyətlərarası anlaşma üçün dinlərarası dialoqda UNIWIN şəbəkəsinin əlaqələndiricisi Fəthi Mənsuri diqqətə çatdırıb ki, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu böyük əhəmiyyətə malik tədbirdir: " Bu gün bəşəriyyət ciddi çağırışlarla üz-üzədir, hər gün sosial ədalətsizliklərlə, irqi problemlərlə qarşılaşırıq. "Bakı prosesi" mesajı problemlərin birgə həllinə böyük ümid verir. Biz bu Forumda təkcə müzakirələr aparmaqla kifayətlənməyəcək, həm də konkret addımların atılmasına çalışacağıq. Mədəniyyətlərarası dialoq çərçivəsində bundan sonra da UNESCO ilə əməkdaşlıq məsələlərini müzakirə edəcəyik, həmçinin 2015-ci ildə birinci akademik forumda qurulmuş əlaqələri daha da genişləndirməyə çalışacağıq". Bakının beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan F.Mənsuri gələn həftə başlayacaq IV İslam Həmrəyliyi Oyunlarının bütün iştirakçılarına uğurlar arzulayıb.

Politoloq Əli Qənbərli isə vurğulayıb ki, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi olduqca mühüm hadisədir: "Bu ən azından onun göstəricisidir ki, bu gün beynəlxalq birlik Azərbaycana güvənir və bu kimi təşəbbüsləri Bakıda keçirməyi vacib hesab edir. Forumun tərəfdaş təşkilatlarına, qurumlarına baxdıqda görmək mümkündür ki, bu forum kifayət qədər onəmli məsələlərin birgə müzakirəsi baxımından faydalı olacaq. Belə ki, burada qızların təhsilə cəlb edilməsi ilə zorakı ekstremizmə qarşı mübarizə, qida təhlükəsizliyi, mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu və.s məsələlər müzakirə ediləcək. Bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın hümanist siyasətinin dünyada təbliği baxımından önəmlidir". Onun sözlərinə görə, son illər ərzində Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməkdədir: "Bu tədbirlər sırasında dünya əhəmiyyətli forumlar, idman yarışları, mədəniyyət tədbirlərini qeyd etmək olar. Bütün bu sadalananlar onun göstəricisidir ki, Azərbaycan hazırda dünyanın dialoq mərkəzidir. Bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq reputasiyasının artması baxımından çox vacibdir. Çünki, bu gün bütün dünya hümanitar fəlakətlərdən, eksteremizmdən əziyyət çəkir. Azərbaycan isə dünyaya çıxış yolu göstərir, qarşılıqlı dialoqu təmin etmək üçün alternativ variantlar təklif edir. Azərbaycan tarixən tolerantlığın başlıca mərkəzlərindən biri olub. Əlbəttə, Azərbaycandakı tolerant mühiti təkcə bu tədbirlərlə əlaqələndirmək olmaz. Tolerantlıq tarixən Azərbaycan vətəndaşlarının həyat tərzi olub. Bu kimi tədbirlər Azərbaycandakı tolerantlığı dünyaya çatdırmaq baxımından bir vasitədir. Ölkəmizdə dini zəmində həmrəylik vardır. Həm də, bu gün bu həmrəyliyə dünyanın heç bir yerində bu qədər yüksək səviyyədə rast gəlmək mümkün deyil. Bilirsiniz, əslində Dağlıq Qarabağ problemi beynəlxalq səviyyəlidir.Yəni, bu problemin həlli ilə birbaşa məşğul olan tərəflər var. Əlbəttə, lazımi tərəflər problemin həlli ilə 20 ildən çoxdur ki, məşğuldurlar. Ancaq, bizə nəticə lazımdır.Təbii ki, bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından önəmlidir. Lakin, bu tədbirlərin Dağlıq Qarabağ probleminin birbaşa həllinə təsiri yoxdur".