BAXCP-nin Türkiyəyə hərbi yardım təşəbbüsü necə qarşılanır? Siyasət

BAXCP-nin Türkiyəyə hərbi yardım təşəbbüsü necə qarşılanır?

Toğrul İsmayıl: "Azərbaycan xalqı bir daha öz dövləti və ordusu ilə birlikdə Türkiyənin yanında olduğunu göstərir"

Tofiq Abbasov: "Zamanla uğurlu sınaqlardam keçmiş ikitərəfli münasibətlərdə belə addımlara yer var"

Məhəmməd Əsədullazadə: "Bu qardaşlıq borcundan irəli gəlir"

Seymur Verdizadə: "Bu təşəbbüs səmimiyyətdən, qardaşlıqdan, milli təəssübkeşlikdən, türk millətinə olan sevgidən doğur"

Mübariz Göyüşlü: "Bu eyni zamanda Azərbaycanla-Türkiyənin əməkdaşlığını istəməyənlərə ciddi bir mesaj da sayıla bilər"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin son iclasında qardaş ölkəyə edilən haqsız təzyiqlər müzakirə olunub. Son vaxtlar Türkiyəyə münasibətdə Qərb dövlətlərinin sargilədiyi mövqeyi müzakirə edən BAXCP İdarə Heyəti qardaş ölkəyə qarşı atılan addımları qətiyyətlə pislədiyini bəyan edib: "BAXCP İdarə Heyəti hesab edir ki, Qərb Türkiyə ilə terrorçular arasında hərbi qüvvələrini yerləşdirməklə onlara dəstək vermək əvəzinə PKK, YPQ, PYD və bu kimi terror qruplarına qarşı mübarizədə rəsmi Ankaranın yanında olmalı, müttəfiqini müdafiə etməlidir". BAXCP İdarə Heyəti məsələ ilə bağlı Azərbaycan hökumətinə də çağırış edib: "Hesab edirik ki, ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan hökuməti Türkiyəyə hərbi yardım da daxil olmaqla hərtərəfli köməyini təklif etməlidir".
Azərbaycanın Türkiyəyə yardım etməsi hansı anlama gəlir? Bu təşəbbüsdə daha çox hansı faktor önə çıxır? Məlumdur ki, Azərbaycanla Türkiyə arasında olan münasibətlərin dünyada analoqu yoxdur. İki ölkə arasında olan qardaşlıq bağları həmişə dövlətlərərası münasibətlərin üzərində olub. Ölkələrimiz arasında o qədər mənəvi bağlılıq var ki, bu gün Azərbaycan türkləri Türkiyə uğrunda döyüşməyə, canını verməyə belə hazırdır. Çünki Türkiyəni də öz vətənlər hesab edirlər. Bu çox ciddi faktordur. Eyni sözləri Türkiyə türkləri ilə bağlı da söyləmək olar. Biz bir millətik və daim bir birimizin yanında olmağa borcluyuq. Bütün bu faktorları nəzərə alsaq təşəbbüsün daha çox mənəvi tərəflərinin olduğu qənaətinə gəlmək olar. Elə ekspertlər də bu fikirdədirlər.
Türkiyədə fəaliyyət politoloq Toğrul İsmayıl bildirdi ki, burada əsas məsələ əlbəttə ki, mənəvi dəstəkdir. Onun sözlərinə görə, Azərbaycan xalqı bir daha öz dövləti və ordusu ilə birlikdə Türkiyənin yanında olduğunu göstərir: "Əlbəttə ki, burada siyasi məqamlar da var. Azərbaycdanla Türkiyə bu gün bir ortaq siyasi hərəkət edirlər. İki dövət arasındakı münasibətlər daha da irəliyə gedir. Görürük ki əlaqələrin inkişafı ilə bağlı müsbət tendensiya var. Türkiyə NATO üzvüdür. Türkiyə ordusu Avropanın ən güclü ordularından biridir. Azərbaycan tərəfindən bu kimi təşəbbüslərin səsləndirilməsinin mənəvi tərəfi daha çoxdur. Bu qardaşlığın hər şeyin üzərində olmasından xəbər verir. Qardaşlığa söykənən səmimi təşəbbüslər hər zaman müsbət qarşılanır".
Politoloq Tofiq Abbasov vurğuladı ki, iki dövlət strateji müttəfiqlik formatında bir-birinə yardım göstərə bilərlər: "Qarabağda Azərbaycan ordusu döyüşlər aparanda Türkiyə ordusu qardaş ölkədən köməyini əsirgəmədi. Belə yanaşma təbii, qardaşlıq, tərəfdaşlıq məfkurəsindən irəli gəlir. O cümlədən, əgər Azərbaycan da qardaş ölkəyə yardım göstərirsə, deməli buna ehtiyac var. Hesab edirəm ki, zamanla uğurlu sınaqlardam keçmiş ikitərəfli münasibətlərdə belə addımlara yer var və bunu təəccüblə deyil, təbii qarşılamaq lazımdır...".
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırdı ki, Azərbaycan Türkiyə ilə strateji müttəfiq ölkə olmaqla bərabər həm də qardaş dövlədir: "Hazırda Türkiyə Suriya və İraqda öz milli təhlükəsizliyinə qarşı yönələn terrorizmə qarşı müharibə aparır. Türkiyə bu mübarizədə təkbaşına vuruşur. Baxmayaraq ki, NATO üzvü olmaqla müttəfiqlərə sahibdir. Təssüf ki, Türkiyənin anti-terror əməliyyatlarının hədəfi olan terrorçular, Ankaranın NATO müttəfiqləri tərəfindən dəstəklənir və silahla təmin olunur. Türkiyə Yaxın Şərqdə öz silahlı qüvvələrinin gücü ilə dimdik ayaqda durub, effektli hərbi əməliyyatlara imza atır. Buna baxmayaraq, Türkiyənin mənəvi və siyasi dəstəyə də ehtiyacı var. Hörmətli millət vəkili Qüdrət Həsənquliyevin Türkiyəyə hərbi yardımı nəzərdə tutan açıqlamaları, mənəvi və siyasi cəhətləri ilə yanaşı, eyni zamanda qardaşlıq borcundan irəli gəlir. Türkiyənin Azərbaycanla birgə taktiki təlimləri də bu dəstəyin ifadəsidir. Təbii ki,Türkiyənin kifayət qədər peşəkar ordusu və hərbi gücü terrorizmlə mübarizədə mühüm rol oynayır... Hazırda Türkiyə Azərbaycanla sıx hərbi əməkdaşlıq edir və bu əməkdaşlıq öz inkişaf dinamikasındadır. Lazım gələrsə, bu hərbi yardım müxtəlif sahələrdə ola bilər".
Jurnalist Araıdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə vurğuladı ki, Azərbaycan və Türkiyə iki qardaş xalq, iki dost ölkədir. Onun fikrincə, ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir, ən müxtəlif sahələri əhatə edir: "Sözsüz ki, hərbi sahədə də əməkdaşlıq mövcuddur. Tez-tez birgə hərbi təlimlər keçirilir, Türkiyənin peşəkar hərbçiləri peşəkar kadrların yetişməsinə öz töhfələrini verirlər.
Hazırda Türkiyənin hərbi yardıma ehtiyacı olub-olmadığı barədə konkret heç nə deyə bilmərəm. Türkiyənin güclü ordusu var. Qüdrətli türk ordusu həm daxildəki, həm də xaricdəki düşmənlərə layiqli cavab verməyə qadirdir. Amma tarixin ən çətin məqamlarında iki qardaş xalq bir-birinə dayaq olub, bir-birindən öz köməyini əsirgəməyib.
İstənilən halda mən Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyin tərəfdarıyam. İnanıram ki, Türkiyənin hərbi yardıma ehtiyacı olsa, Azərbaycan öz dəstəyini əsirgəməyəcək. Elə BAXCP də bu mesajı verir. Bu təşəbbüs onu deyir ki, iki ölkə arasındakı münəsibətlərdə maraqlar qardaşlıqdan sonra gəlir. Bu təşəbbüs səmimiyyətdən, qardaşlıqdan, milli təəssübkeşlikdən, türk millətinə olan sevgidən doğur".
"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü isə diqqətə çatdırdı ki, təklif özlüyündə diqqətəlayiqdir: "Real olaraq yanaşsaq düşünə bilərik ki, Türkiyə hərbi baxımdan güclü bir dövlət olduğu üçün Azərbaycanın yardımına, hərbi dəstəyinə o qədər də ehtiyacı yoxdur. Amma mənəvi baxımından, iki dövlət arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından yanaşdıqda bunu çox müsbət bir addım sayıram. Əgər gələcəkdə belə bir addım atılarsa düşünürəm ki, bu həm də hərbi sahədə işbirliyinin gücləndirilməsinə təsir edə bilən bir amil olar. Bizim illərdir ki, mövcud olan hərbi-siyasi əlaqələrimizin, əməkdaşlığımızın güclənməsinə təsir edən faktora çevrilər". Bu eyni zamanda dünyaya, Azərbaycanla-Türkiyənin əməkdaşlığını istəməyənlərə ciddi bir mesaj da sayıla bilər. Fikirləri yekunlaşdırsaq bir daha qeyd etmək istərdim ki, müsbət bir təklifdir və gələcəkdə bunun reallaşması iki dövlət arasındakı münasibətlərin sıxlaşmasına təsir edə bilər".

Əli