“Tamamilə qeyri-obyektiv mövqedə dayanan həmsədrlər institutu formalaşıb” Siyasət

“Tamamilə qeyri-obyektiv mövqedə dayanan həmsədrlər institutu formalaşıb”

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iyunun 19-da regiona növbəti dəfə edəcəyi səfərdən də heç bir şey gözləmirik. 10-15 il bundan öncə Qarabağ Azadlıq Təşkilatı (QAT) olaraq biz dedi ki, ümumiyyətlə həmsədrləri qovmaq lazımdır. Hətta Hava Limanında da aksiya keçirdik ki, onlar heç VİP salondan çıxmasınlar. O zamanlar cəmiyyətdə bizi dəstəkləyən az idi, çünki həmsədlərin bir iş görəcəyinə dair ümidləri var idi". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, son illər göstərdi ki, nə dövlət, nə də cəmiyyət səviyyəsində onlara inam qalmayıb: "Tamamilə qeyri-obyektiv mövqedə dayanan bir həmsədrlər institutu formalaşıb. Son hadisələr də göstərdi ki, cəbhə bölgəsində ermənilər müəyyən təxribatlar törətmək üçün qurğular quraşdırırdılar. Azərbaycanda tam haqlı olaraq onların qurğuları məhv etdi. Həmsədrlər isə o saat hay-küy saldılar ki, Azərbaycan tərəfi guya atəşkəsi pozdu. Təbii ki, burada da onların qeyri-obyektivliyi görünür. Beynəlxalq təşkilatlar özləri də başa düşürlər ki, hansısa dəyişikliklər olmalıdır".