“Həmsədrlər məsuliyyətdən yaxa qurtarmağa çalışırlar” Siyasət

“Həmsədrlər məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”

Elxan Şahinoğlu: "Ermənistanı "mərhələli həll" planını ehtiva edən sülhə məcbur etmək istəmirlər"

Qabil Hüseynli: "Onlar fərqli mövqe nümayiş etdirdikləri üçün problemlərin konkret həllinə nail olmaq mümkün deyil"

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfərlərinin yekunu olaraq bəyanat yayıblar. Bəyanatda vasitəçilərin iyulun 3-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya gedəcəyi qeyd olunub. Bəyanatda həmçinin vurğulanıb ki, həmsədrlər qarşıdakı iş şərtlərini müzakirə etmək üçün yaxın zamanlarda yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətindədirlər. Həmsədrlər yaydıqları bəyanatda bu yaxınlarda qoşunların təmas xəttində itkilərə səbəb olan atəşkəs rejiminin pozulması hallarına görə narahatlıqlarını bildiriblər.
Bəyanatda qeyd olunub ki, Bakı və İrəvanda danışıqlar zamanı vasitəçilər uzunmüddətli sülhün bərqərar edilməsi üçün substantiv danışıqların və siyasi iradənin yeganə həll yolu olduğunu vurğulayıb. Bildirilib ki, prezidentlər münaqişənin həlli ilə bağlı ən mübahisəli məsələlər üzrə kompromis tapmaq üçün siyasi dialoqu davam etdirmək niyyətlərini qeyd ediblər.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bəyanatdakı birinci fikir ondan ibarətdir ki, həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar: "Bu cümlələrdən belə anlaşıla bilər ki, həmsədrlər hər iki tərəfi məsuliyyətili olmağa çağırırlar. Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adlını çəkiblər. Bu o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə ilk növbədə Azərbaycanın məsuliyyət daşıdığına işarə edirlər. İkinci fikir: "Həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar". Bu cümlə isə o deməkdir ki, həmsədrlər tərəflərin danışıqlardakı passivliyindən narazıdırlar. Həmsədrlər bu cümlə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar". Politoloq deyib ki, Azərbaycan yeni Qarabağ strategiyasını formalaşdırıb: "Həmsədrlərin son səfəri də göstərir ki, vasitəçilər Ermənistanı "mərhələli həll" planını ehtiva edən sülhə məcbur etmək istəmirlər. Ermənistana heç bir dövlət təzyiq etmir. Başqa sözlə masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən genişmiqyaslı müharibənin müəyyən risqləri də var, çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: İşğalçya qarşı yorucu müharibəni genişləndirmək. Nədir yorucu müharibə? Düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daima hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir. Azərbaycan silahlamnaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin. Azərbaycan istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifadə etməlidir. Rusiyanın özü Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı sılahları döyüş şəraitində yoxlaya bilsin. Bunu Rusiya prezidenti Vladimir Putin müsahibələrində gizlətmir. Əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Azərbaycanın Rusiyadan daha çox əsası var. Çünki torpaqlar işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunun Ağdam və ya Fizulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz Çünki bütün dövlətlər, o cümlədən Rusiya həmin ərazilərin Azərbaycana aidiyyatı olduğunu qəbul edir".
Elxan Şahinoğlu onu da deyib ki, Ermənistan mürəkkəb vəziyyətdədir: "Rəsmi İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəriləyə biməsin, digər tərəfdən həmin ərazilərdə itkiləri artır və bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir. Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Ermənistan gəncləri zorla təhlükələri bölgələrdə yerləşdirlir. Azərbaycan isə öz torpaqlarında işğalçıya təzyiq haqqından istifadə edir. Bu təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın yorucu müharibəni işğalçıya diqtə etməkdə əsas məqsədi də elə budur".
Politoloq Qabil Hüseynli isə diqqətə çatdırıb ki, bəzi məsələləri ATƏT-in Minsk qrupunun nəzərinə çatdırmaq lazımdır: "ATƏT-in Minsk qrupunun həmsədrləri açıqlamasında bildirib ki, bölgədəki, xüsusilə təmas xəttindəki gərginliyi azaltmaq və danışıqlar prosesinə stimul vermək niyyətindədirlər. Bu məqsədlə də xarici işlər naziri, həmçinin prezidentlərlə görüş keçiriblər. Məqsədləri prezidentləri yeni görüşə hazırlamaqdır. Amma Azərbaycan tərəfi xüsusilə tez-tez danışıqları pozan Ermənistan tərəfini vurğulamaq istəyir. Ölkə başçısı da bununla bağlı qeyd edib ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Yəni Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutduğunu həmsədrlərin nəzərinə çatdırmaq lazımdır".
Politoloq qeyd edib ki, həmsədrlər fərqli mövqe nümayiş etdirdikləri üçün problemlərin konkret həllinə nail olmaq mümkün deyil: "Məsələ burasındadır ki, həmsədrlər bildirirlər ki, onlara verilən səlahiyyətlər tərəfləri hansısa üsullarla sülhə təhrik edəcək dərəcədə deyil. Amma söhbət təhrikdən getmir. Həqiqi vəziyyətin siyasi təhlilini beynəlxalq hüquq normalarına uyğun vermək lazımdır. Ermənistanın təcavüzkar dövlət olduğunu və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olduğunu birmənalı qaydada vurğulamalıyıq.
Məsələn, keçmiş həmsədr Metyu Brayza həmsədrlikdən çıxdıqdan sonra bu yaxınlarda verdiyi müsahibədə Ermənistanın təcavüzkar dövlət olmasını və torpaqlarımızı işğal etməsini pisləyir, bu səhvi düzəltməyə çağırır. Yəni burada ikili standartlardan xilas olmaq, problemə yanaşmada fəxri təmayüllərin yaranmasının qarşısını almaq üçün mövcud vəziyyətin dəqiq siyasi təhlili verilməlidir. Eyni zamanda Ermənistana sanksiyaların tətbiqi gündəmə gətirilməlidir ki, günahkar tərəf olduğunu anlayıb geri çəkilsin. Ermənistan hazırda yeni torpaqları işğal etmək ritorikasını yaymaqdadır. Deyilən məsələlərə isə beynəlxalq ictimaiyyət çox zəif reaksiya verir. Halbuki Azərbaycan təcavüz təhlükəsi ilə üz-üzədir və bu, separatçı qurumların bilavasitə təsiri altında baş verib. Gürcüstanın problemlərinə yanaşmada bir mövqe, Dağlıq Qarabağ məsələsinə isə başqa mövqe nümayiş etdirilir. Bax bu, ATƏT-in Minsk qrupunun ən böyük səhvlərindən biridir. Belə olduğu halda isə hər hansı konkret nəticədən söhbət gedə bilməz".


Əli