Özbək jurnalistlər Alxanlıda Siyasət

Özbək jurnalistlər Alxanlıda

Bir qrup özbəkistanlı jurnalist və yazar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycana səfəri çərçivəsində Füzuli rayonunun Alıxanlı kəndində olublar.
"Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü" adlı layihəyə qoşulan orta asiyalı media mənsubları erməni artilleriyası tərəfindən qətlə yetirilən iki yaşlı Zəhra Quliyeva və onun nənəsinin həlak olduğu yeri və hər iki şəhidin məzarını ziyarət ediblər. Qonaqlar ermənilərin cəbhədə törətdiyi təxribatları insanlığa qarşı həyata keçirilən genosid və vandalizm kimi dəyərləndiriblər. Özbəkistanlı media mənsubları Azərbaycana səfərləri çərçivəsində Füzuli rayonunu cəbhə xəttində yerləşən Alıxanlı kəndində olub yerli sakinlərlə görüşüblər. Qonaqlar alıxanlıların müharibə şəraitində keçən həyat tərzi haqqında dediklərini dinləyiblər. Qonaqları müşaiyət edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun sözlərinə görə, özbəkistanlı həmkarlarımız özləri bu yaşayış məntəqəsinə gəlməyə maraq göstəriblər. Dünyanın müxtəlif nüfuzlu kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etdiklərinə diqqət çəkən fond sədri bildirir ki, artıq beynəlxalq mətbuat arenasında ermənilər uduzduqlarını etiraf etməkdən yayına bilmirlər. Özbək jurnalist Abduvali Soyibnəzərov deyir ki, ermənilərin bu əməlləri, təkcə Azərbaycan xalqına yox, bütün dünyaya yönəlmiş cinayətdir: "Biz Özbəkistandan bura gəlmişik ki, hər şeyi öz gözlərimizlə görək. Biz bu problem haqda uzun illərdir yazırıq. Bizim bildiyimizə görə bu müharibədə 30 mindən çox adam həlak olub, Bir milyondan çox mülki adam məcburi köçkün düşüb. Biz bu gün şahid olduq ki. Ermənilər necə vandalizm hərəkətlərinə yol verirlər, necə terror aktları törədirlər. Düzdür, biz bu haqda çox yazmışıq, amma heç vaxt öz gözümüzlə görməmişdik. Azərbaycan xalqına başsağlığı veririk, Zəhranın ailəsinin kədərinə şərik oluruq. Bir sözlə demək olar ki, ermənilərin bu əməlləri insanlığa qarşı yönələn genosid və vandalizmdir". Özbək tarixçi, alim, araşdırmaçı, Özbəkistanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti barədə kitabların müəllifi Şuxrat Salamov deyir ki, Azərbaycana gəlib, balaca şəhid Zəhranın məzarını ziyarət etməmək mümkün deyil: "Bu uşaqların ölən vaxtı deyil. Bunlar böyüməli, oxumalı, vətənlərinə layiqli övlad olmalıdılar."
Qonaqlar Azərbaycana səfərləri ərəfəsində ölkəmizin tarixi, mədəniyyəti, bugünkü inkişafı və Qarabağ həqiqətləri haqda öz oxucularına çatdırmaq üçün müxtəlif məqalələr, videomateriallar hazırlamağı da nəzərdə tuturlar.