“Azərbaycan torpaqlarını azad etməyə başlasa...” Siyasət

“Azərbaycan torpaqlarını azad etməyə başlasa...”

Əli Həsənov: "Tək 1990-cı illərdə yox, daha əvvəllər işğal edilən torpaqları da azad etməyə qadir olacaq"

"Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri formatından aralanmaq istəmir". Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Əli Həsənov bunun biri neçə səbəbinin olduğunu deyib: "Əslində biz görürük ki, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir qurumdur, 20 ildə gördükləri işlərin heç bir nəticəsi yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədrləri problemi araşdırıblar, bu barədə bilirlər. Ancaq həmsədrlərin nə səlahiyyəti var? Vəzifələri səfər etmək, faktı müəyyənləşdirmək, gəlib öz ölkələrinin rəhbərlərinə məruzə etməkdir, bunu da edirlər. Artıq onlar problemin içərisindədirlər. Bu format dəyişilsə, yeni bir format ortaya çıxsa, gərək bir neçə il də gözləyək, onlar gəlib hələ problemlə tanış olsunlar, öyrənsinlər. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun Əsasnaməsi elə hazırlanıb ki, həmsədrləri dəyişmək mümkün olmasın. Çünki Əsasnaməni dəyişmək üçün konsensusun əsas olduğu qeyd edilib. Ermənistan da heç vaxt konsensusa gəlmir. Ona görə də hesab edirik ki, ATƏT-in həmsədrlərini dəyişmək əhəmiyyətsizdir. Əksinə, çalışmalıyıq ki, mövcud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əli, səlahiyyəti ilə Dağlıq Qarabağ probleminin həllinə nail olaq".
Baş nazirin müavini ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Laçın və Kəlbəcərə planlaşdırılan səfərinə də münasibət bildirib.
Əli Həsənov deyib ki, ATƏT-in Faktaraşdırıcı Missiyası işğal altındakı rayonlara 2005-ci və 2010-cu ildə səfərlər edib.
O, hər iki səfər zamanı işğal altındakı rayonlarda beynəlxalq konvensiyalara zidd, qeyri-qanuni məskunlaşma olduğunun müəyyənləşdirildiyini bildirib: "Faktaraşdırıcı Missiya 2010-cu ildə işğal olunmuş rayonlarda 14 min erməninin məskunlaşdırdığını açıqlayıb, daha sonra bu rəqəm 18 min nəfər göstərilib. Ancaq Azərbaycan tərəfində olan məlumata görə, ümumiyyətlə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma 25 min nəfərə qədər idi. ATƏT-in Faktaraşdırıcı Missiyasının son hesabatını dərc etməsinin üzərindən 4 il keçir. Növbəti missiya səfərində nə məqsəd güdür, bu da sual altındadır. Hələ əvvəlki səfərlərin nəticəsi nə olub? Bütün bu yeni təkliflər, prinsiplər, səfərlər münaqişənin həllinin uzadılmasına yönəlib. Azərbaycan prezidenti güclü ordu və iqtisadiyyatın qurulması istiqamətində fəaliyyət göstərir. Bəlkə o zaman qarşıdakı düşmən hiss edər ki, Azərbaycan dövləti torpaqlarını azad etməyə başlasa, tək 1990-cı illərdə yox, daha əvvəllər işğal edilən torpaqları da azad etməyə qadir olacaq".
Əli Həsənovun sözlərinə görə, hər dəfə ATƏT-in Minsk qrupu tərəfindən bir məsələ ortaya atılır, 5 il onun ətrafında müzakirə gedir: "Ermənilərin milli azlıq kimi öz müqəddəratını təyin etmə məsələsini ortaya atırlar. Azərbaycanın daxilində öz müqəddəratlarını təyin etsinlər. Azərbaycan buna etiraz edir? Yox. Ancaq söhbət nədən gedir? Ermənilər Rusiyada da, İranda da Gürcüstanda da, ABŞ və Avropada da yaşayırlar. Ermənilər Laçını işğal etdilər, dedilər, dəhliz yaradırlar, Kəlbəcəri işğal etdilər, dedilər, bufer zona yaradırlar. Ermənilər Rusiyanın Stavropol və Krasnodar vilayətlərində kompakt yaşayırlar, deməli, oradan da Ermənistana dəhliz açmalı, koridor yaratmalıdırlar? ABŞ və Avropada ermənilərin kompakt yaşadığı yerlərdə də dəhliz açılmalıdır? Yaxud hansısa ölkədə milyonlarla azərbaycanlı yaşayır, biz də humanitar koridor istəyək? Biz İranda yaşayan azərbaycanlılarla bağlı nə vaxt koridor istəmişik? Bəs niyə dünyanın heç bir ölkəsi ermənilərə demir ki, düzgün yola gəlin? Sözümün canı odur ki, bu gün qondarma təkliflərin mahiyyəti münaqişənin həllinin uzadılmasıdır. Hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alır, sonra da gedir Azərbaycan prezidenti beynəlxalq iyrənc siyasəti görərək iqtisadiyyatımızı və ordlumuzu gücləndirir. Bu torpağı azad etsə, Azərbaycan prezidenti, ordumuz azad edəcək".
Əli Həsənov heç bir dövlətin bu kimi məsələlərdən sığortalanmadığını vurğulayıb: "Ona görə də xalqımızın həmrəyliyi vacibdir. Azərbaycan prezidenti xalqımıza arxalanaraq bu işi görür. Biz işğal altındakı rayonlara, Laçına mütləq qayıdacağıq".
Əli Həsənov bildirib ki, ermənilər Qarabağa yol açmaq, Laçını işğal etmək üçün 200 il çalışıblar: "Təəssüf ki, ermənilər SSRİ dağılandan, Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra Laçını dünyadakı erməni diasporunun köməyi ilə müvəqqəti də olsa, işğal etdilər. İşğal dövründə laçınlıların nə mərdlikləri, nə cəsurluqları zəifləyib".
Qeyd edək ki, tədbir torpaqlarımız uğrunda döyüşlərdə həlak olan şəhidlərin və Türkiyədə kömür şaxtasında həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra "Əsirlikdə qala qalmaz" filmi nümayiş etdirilib.
Tədbirdə qeyd edilib ki, hazırda Laçının 73 min 330 nəfər əhalisi Azərbaycanın 58 rayon və şəhərdə məskunlaşıb.