Avropanın təhlükəsizlik narahatlıqları artır Gündəm

Avropanın təhlükəsizlik narahatlıqları artır

Son günlər Macarıstanın xarici işlər naziri Peter Siyartonun Avropa–Rusiya münasibətləri ilə bağlı sərt və həyəcan doğuran açıqlamaları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Onun Avropanın yaxın illərdə tam döyüş hazırlığına malik olması barədə çağırışı, həmçinin enerji təhlükəsizliyi ilə bağlı səsləndirdiyi iddialar həm regionda gərginliyin artdığına işarə edir, həm də bu bəyanatların arxasında dayanan mümkün siyasi motivlərlə bağlı suallar doğurur.

Avropanı Yeni Təhlükə Dalğası Gözləyir?

Politoloq Aytən Qurbanova söyləyib ki, Macarıstanın xarici işlər nazirinin açıqlaması Avropa və Rusiya arasında uzun müddətdir səsləndirilən qarşılıqlı ittihamlar və ssenarilərin reallığa çevrilməsinin əlamətidir.

Onun fikrincə, Avropa İttifaqı və kollektiv Qərb uzunmüddətli perspektivdə Rusiya ilə qarşıdurmanın qaçınılmaz ola biləcəyini artıq açıq şəkildə nəzərə alır: “Bəzi Avropa dövlətlərində hərbi hazırlıqların artırılması, əhalinin müharibəyə hazırlanması istiqamətində tədbirlərin görülməsi, həmçinin 2027-ci ilin sonuna qədər Rusiya ilə qaz alışının dayandırılması planları bu prosesin bir hissəsidir. Bu, Avropanın enerji təhlükəsizliyini təmin etmək və Rusiyanın təzyiq vasitələrini minimuma endirmək məqsədindən irəli gəlir.

Qurbanovanın sözlərinə görə, yaxın perspektivdə Rusiya-Ukrayna müharibəsinin tamamilə sona çatması və ya uzunmüddətli atəşkəsin təmin olunması real görünmür. Müharibənin uzanması həm Avropanın hərbi potensialını, həm də təhlükəsizliyini sınağa çəkir. Eyni zamanda Avropa Ukraynanı tam dəstəkləməklə Rusiyanın işğalçılıq siyasətinin məhdudlaşdırılmasına çalışmalı, əks halda yeni formalaşan dünya nizamında Rusiyanın güclü və qalib tərəf kimi qalması qaçılmaz olacaq”.

Bəyanatlarının arxasında seçki maraqları dayanır

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Macarıstanın xarici işlər naziri Peter Siyartonun son açıqlamaları yalnız xarici siyasət müstəvisində qiymətləndirilə bilməz. Bu bəyanatların arxasında həm regional enerji maraqları, həm də Macarıstanda qarşıdan gələn seçkilərlə bağlı daxili siyasi hesablamalar dayanır.

Politoloq qeyd edib ki, hazırkı beynəlxalq proseslərin mərkəzində enerji resursları, neft və qaz bazarındakı qeyri-sabitlik dayanır:

“Enerji resurslarının azalması, qiymətlərin davamlı şəkildə dəyişməsi və beynəlxalq daşımaların məhdudlaşdırılması dövlətlərin iqtisadi təhlükəsizliyini təhdid edir. Belə şəraitdə ölkələr bütün qərarlarını milli təhlükəsizlik prizmasından vermək məcburiyyətində qalır.Siyartonun Avropanın 2029-cu ilə qədər tam döyüş hazırlığına çatmalı olduğunu deməsi Avropa–Rusiya qarşıdurmasını 2030-cu ilə qədər mümkün ssenari kimi təqdim edir. Lakin bu iddiaların məhz indi gündəmə gətirilməsi sırf geopolitik səbəblərlə izah olunmur.Macarıstanda 2026-cı ildə parlament seçkiləri keçiriləcək. Seçki ərəfəsində siyasətçilərin ən çox istifadə etdiyi üsullardan biri əhalidə təhlükə fonu yaratmaqdır. Siyartonun bəyanatlarının arxasında da məhz daxili auditoriyaya mesaj vermək dayanır.Baş nazir Viktor Orbanın son aylarda atdığı addımların da seçkiqabağı məqsədlərə xidmət etdiyini bildirib.Rusiyanın NATO-nun Avropa sərhədlərində genişlənməni təhlükə kimi dəyərləndirməsi və yalnız bərabər əsaslı dialoqa hazır olduğunu bildirməsi regionda artan gərginliyin digər tərəfini təşkil edir. Yaxın günlərdə Qara dənizdə Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na aid tankerlərin yandırılması da enerji mübarizəsinin hansı həddə çatdığını göstərir.

Enerji axınlarının təhlükəyə məruz qalması həm Rusiya, həm Qazaxıstan, həm də Avropa üçün yeni risklər formalaşdırır. Bu hadisə göstərdi ki, münaqişələrdən əvvəl enerji marşrutları hədəfə alınır”.

Ş.Həsənova vurğulayıb ki, Siyartonun ritorikası bir tərəfdən real regional təhlükələri qabardır, digər tərəfdən isə seçkiöncəsi daxili auditoriyanı müəyyən emosional fonda hazırlamağa hesablanıb:

“Bu bəyanatlar həm regiondakı gərginlikdən mesaj vermək, həm də Macarıstanda siyasi divident əldə etmək məqsədi daşıyır”.

Günel Elxan