Zəngəzur dəhlizi Mərkəzi Asiyanı Avropaya yaxınlaşdırır Gündəm

Zəngəzur dəhlizi Mərkəzi Asiyanı Avropaya yaxınlaşdırır

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sazişdən sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıq regional və qlobal müstəvidə mühüm geostrateji dəyişikliklərə yol açıb. Bu proseslərin mərkəzində isə Zəngəzur dəhlizinin açılması məsələsi dayanır. Siyasi və iqtisadi ekspertlər hesab edirlər ki, dəhlizin reallaşması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün Türk Dövlətləri, Mərkəzi Asiya regionu və Avropa üçün yeni nəqliyyat, ticarət və enerji imkanları yaradacaq.

Dəhliz region üçün açardır

Milli Məclisin deputatı Əli Məsimli söyləyib ki, Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda gedən siyasi proseslər regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən birinə çevrilib.

Onun sözlərinə görə, avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişdən sonra Zəngəzur dəhlizinin açılması məsələsi daha da aktuallaşıb: “Üçtərəfli Birgə Bəyanmanın əsas müddəalarından biri olan nəqliyyat-kommunikasiya xətlərinin açılması regional sabitlik və inteqrasiyanın mühüm elementidir. Sülh sazişinin siyasi niyyət yox, artıq real gündəm mövzusuna çevrilməsi Zəngəzur dəhlizinin açılması ehtimallarını gücləndirib. Bu dəhlizin açılmasını həm beynəlxalq ictimaiyyət müsbət qarşılayır, həm də qlobal güclər bunun zəruriliyini qəbul edirlər. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə bölgə üçün yeni strateji imkanlar yaradır”.

Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi üç əsas müstəvidə-lokal, regional və beynəlxalq səviyyədə böyük fayda verəcək: “İlk növbədə, dəhliz Naxçıvanı nəqliyyat blokadasından çıxaracaq, Türk Dünyası ilə əlaqələri gücləndirəcək və Azərbaycanın strateji hədəflərinə uyğun olaraq alternativ keçidi təmin edəcək. Bu, regional yükdaşımaların genişlənməsi, logistikanın inkişafı və tranzit gəlirlərinin artması baxımından həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə üçün real iqtisadi üstünlüklər yaradır. Zəngəzur dəhlizi regional müstəvidə həm məsafəni, həm də yükdaşımaların çatma müddətini əhəmiyyətli dərəcədə azaldacaq, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında dayanıqlı nəqliyyat körpüsü formalaşdıracaq. Dəhliz, eyni zamanda, Çin və Orta Asiya ölkələrinin Azərbaycan–Türkiyə xətti ilə Avropaya çıxışını asanlaşdıraraq ölkəmizi Şərq-Qərb ticarət marşrutunun daha da vacib iştirakçısına çevirəcək”.

Əli Məsimli əlavə edib ki, bu yol həm də Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra formalaşdırdığı yeni geosiyasi reallıqların möhkəmləndirilməsinə xidmət edir: “Çindən Avropaya yönələn yük axınlarının getdikcə daha çox Azərbaycan üzərindən daşınması gözlənilir. Son illər Aralıq dənizi üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcminin iki dəfəyə yaxın artdıb.Zəngəzur dəhlizi işə düşərsə, Azərbaycan ərazisindən Bakı–Tbilisi–Qarsla yanaşı ikinci strateji nəqliyyat xətti də keçəcək. Bu isə əlavə yük həcmləri, tranzit gəlirləri və ölkəmizin logistik mərkəz kimi mövqeyinin daha da güclənməsi deməkdir. Çin də bu marşrutdan istifadə etməyə maraqlı olacaq”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması nəinki regional əməkdaşlıq üçün yeni səhifə açır, həm də Azərbaycanın iqtisadi, siyasi və geostrateji mövqelərini daha da möhkəmləndirir”.

Mərkəzi Asiya üçün yeni ticarət imkanı

İqtisadçı ekspert Xalid Kərimli vurğulayıb ki, Mərkəzi Asiya ölkələri üçün həm idxal, həm də ixrac əməliyyatlarında yeni və daha təhlükəsiz marşrutların açılması real perspektiv olaraq gündəmdədir.

Ekspertin sözlərinə görə, bölgədə yaranan yeni nəqliyyat imkanları xüsusilə Türkiyə və Avropa ilə ticarətin genişlənməsinə ciddi töhfə verə bilər: “Hazırda Mərkəzi Asiya ölkələrinin yerləşdiyi coğrafi mövqe Şərq–Qərb nəqliyyat dəhlizinin mərkəzində dayanır. Bu dəhlizin mühüm istiqamətlərindən biri isə Zəngəzur dəhlizidir. Dəhliz açılacağı təqdirdə region ölkələri mallarının daşınmasında həm dəmir yolu, həm də avtomobil yolu xətti vasitəsilə daha sürətli və sərfəli kanaldan istifadə edə biləcəklər. Mərkəzi Asiya dövlətlərinin hazırkı ticarət çıxışları əsasən İran və Rusiya üzərindən təmin olunur. Lakin bu ölkələrin qeyri-sabit siyasi mühiti və Qərblə yaşanan qarşıdurmalar alternativ marşrutlara olan ehtiyacı artırır. İran və Rusiya beynəlxalq ticari münasibətlərdə sabitlik baxımından riskli tərəfdaşlardır. Ona görə də Mərkəzi Asiya üçün etibarlı və dayanıqlı alternativ marşrutun açılması strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi bu baxımdan ən real və ən sərfəli variantdır.”

Ekspert bildirib ki, yeni dəhlizin işə düşməsi regionda iqtisadi inteqrasiyanı gücləndirəcək və Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara çıxışını daha da genişləndirəcək: “Bu marşrut təkcə nəqliyyat xətti deyil, həm də iqtisadi təhlükəsizliyin təmin olunması baxımından mühüm layihədir. Mərkəzi Asiya dövlətləri üçün həm ixrac, həm də idxalda yeni imkanlar açacaq.”

Günel Elxan