Zəngəzur dəhlizi Mərkəzi Asiyanı Avropaya yaxınlaşdırır
3 Dekabr 23:45

Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçirilib. İclasda 2024-cü ildə D-8 ölkələri arasında ticarətin həcminin təxminən 150 milyard dollar olduğu vurğulanıb, bu göstəriciləri artırmaq üçün ortaq səylərin gücləndirilməsinin vacibliyi bildirilib.
İclasda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat D-8-ə Azərbaycanın üzlüyü haqqında da danışaraq vurğulayıb ki, Azərbaycanın iştirakı ilə təşkilat daha güclü bir kimlik qazandı.
Bildirək ki, D-8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya, Türkiyə və Azərbaycandır. Misir ötən ildən D-8-ə sədrlik edir.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirədə təşkilatın XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8-in üzvü seçilib.
Millət vəkilləri sözügedən iclas və Azərbaycanın D-8-ə üzlüyünün əhəmiyyəti haqqında “Xalq Cəbhəsi”nə danışıblar.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Azərbaycanın 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən XI Sammitdə yekdilliklə İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi ölkəmizin artan nüfuzunun, iqtisadi gücünün, siyasi çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir: “Bu, təşkilatın yaradılmasından bəri ilk genişlənmədir ki, bu da Azərbaycanın regional və qlobal platformalarda artan rolunun göstəricisidir. Azərbaycan Qlobal Cənubun səsinin dünyada eşidilməsi üçün fəal şəkildə çıxış edir. Ölkəmiz 2019-cu ildə inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək məqsədilə “77-lər Qrupu və Çin” formatına qoşulub və Cənub-Cənub əməkdaşlığına öz töhfəsini verib. Azərbaycan həmçinin Qlobal Cənub ölkələri arasında ikitərəfli münasibətlərin gücləndirilməsini qətiyyətlə dəstəkləyir. Son illərdə Azərbaycanın Afrika ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə dərinləşib. Suverenliyin və ərazi bütövlüyünün tam bərpası xarici siyasətdə imkanlarımızı daha da genişləndirmişdir. Nəticədə, çoxsaylı Afrika liderləri ikitərəfli münasibətlərin inkişafı məqsədilə Azərbaycana səfərdə maraqlı olduqlarını ifadə etmiş və ölkəmizi qitəyə sərmayə yatırmağa dəvət etmişlər”.
Təşkilatın Azərbaycan üçün önəmi
P.Vəliyeva bildirib ki, Azərbaycan iqtisadiyyatının sənaye, kənd təsərrüfatı, enerji, rəqəmsal inkişaf, nəqliyyat-logistika və ixrac potensialının D-8 coğrafiyasında daha geniş tanıdılması üçün mühüm platformadır: “Təşkilatda olmaq 1 milyarddan artıq əhalini və 5 trilyon dollardan çox ÜDM-i təmsil edən geniş bazara çıxış üçün yeni imkanlar açır. Bu həmçinin Azərbaycanın “Cənub-Cənub əməkdaşlığı”na, İslam dünyası daxilində iqtisadi həmrəyliyə və inkişaf etməkdə olan ölkələrin birgə fəaliyyətinə verdiyi töhfələri daha da gücləndirəcək”.
“Bunun töhfəsini yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatında hiss edəcəyik”
Azərbaycanın bu təşkilata yeni üzv olduğunu deyən Milli Məclisin deputatı Fariz İsmayılzadə əlavə edib ki, bu təşkilata üzvlük əldə etməklə bizim üçün gözəl imkanlar açılır: “Çünki burada İslam dünyasının ən inkişaf etmiş ölkələri, iqtisadiyyatları birləşib. Təşkilatda Azərbaycan üçün gözəl investisiya, ticarət əlaqələri açılır. Bu ölkələrdə əhali artımının baş verdiyini, energetikaya ehtiyac olduğunu, investisiyaların artırdığını nəzərə alsaq, bu ölkələrlə Azərbaycanın əlaqələri nə qədər dərinləşərsə, genişlənərsə bizim də iqtisadiyyatımıza və xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verə bilər. Burada Azərbaycana həm yeni sərmayələr cəlb oluna bilər, həm bizim ölkəyə bu ölkələrdən gələn turistlərin sayı arta bilər, birgə infrastruktur, energetika layihələri həyata keçirilə bilər. Həmçinin Azərbaycan məhsullarının satışı üçün yeni bazarlar əldə oluna bilər. Bu, gözəl bir imkandır, gözəl bir təşkilatdır və biz bunun töhfəsini yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatında hiss edəcəyik”.
Röya İsrafilova