Sülh planı böhran yaradır: Kiyev Rusiyanın şərtlərini qəbul etmir Gündəm

Sülh planı böhran yaradır: Kiyev Rusiyanın şərtlərini qəbul etmir

Ukrayna–Rusiya münaqişəsi ətrafında son günlər intensifləşən diplomatik təşəbbüslər beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ, Rusiya, Avropa İttifaqı və Böyük Britaniyanın müxtəlif formatlarda apardığı danışıqlar müharibənin gedişinə və mümkün sülh perspektivlərinə dair ziddiyyətli siqnallar verir. Xüsusilə Ukraynanın ərazi bütövlüyü, təhlükəsizlik təminatları və NATO perspektivi ətrafında yaranmış ciddi fikir ayrılıqları göstərir ki, proses hələ də mürəkkəb və çoxvektorlu xarakter daşıyır. Deputat Tural Gəncəliyev və politoloq Oqtay Qasımovun məsələ ilə bağlı açıqlamaları isə mövcud danışıqların nə qədər çətin və ziddiyyətli olduğunu bir daha ortaya qoyur.

Kiyev Rusiyanın şərtlərinə qarşıdır

Deputat Tural Gəncəliyev söyləyib ki, ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı hazırlanmış ilkin sülh planının Ukrayna üçün nə qədər qəbul edilməz olacağı əvvəlcədən məlum idi.

Onun sözlərinə görə, artıq görünür ki, Ukrayna tərəfi ABŞ ilə apardığı danışıqlar nəticəsində, xüsusilə Rusiyanın milli maraqları nəzərə alınaraq hazırlanmış sülh planını qəbul etməyəcək: “Ukrayna heyəti təkidlə sülh planına, xüsusilə Rusiyanın maraqlarını nəzərə alaraq hazırlanmış variantlara qarşı çıxış edir. Lakin Ukraynanın diplomatik masadakı vəziyyəti çox ağırdır. ABŞ və Tramp administrasiyası tez bir zamanda sülh əldə edilməsini, hətta Rusiyaya qarşı müəyyən güzəştlərin verilməsini belə məqsəd kimi qoyur. Bu isə Ukrayna üçün problem yaradır, çünki ölkə müharibəyə 2022-ci ildə başladığı vaxtdan daha ağır geosiyasi və hərbi vəziyyətlə üzləşib. Ukrayna ordusunun gücünün məhdudlaşdırılması və NATO-ya üzvlük imkanlarının məhdudlaşdırılması da Kiyev üçün qəbul edilməzdir. Beynəlxalq sistemin təsirinin məhdud olması, ölkələrin ərazi bütövlüyünün real həyata keçməməsi və ikiüzlü standartlar Ukraynanın vəziyyətini daha da çətinləşdirir. Avropa İttifaqı və Böyük Britaniyanın dəstəyi, ABŞ-ın tam dəstəyi olmadan, faktiki olaraq kifayət etmir. Eyni zamanda, Avropa ittifaqının və Böyük Britaniyanın Rusiyaya qarşı hazırladığı alternativ sülh planları da Moskva tərəfindən qəbul edilməyəcək”.

Tural Gəncəliyevin fikrincə, son danışıqlarda mövcud perspektivlər müsbət görünsə də, fikir ayrılıqları böyükdür: “ABŞ bəzən Avropa İttifaqı və Böyük Britaniyanı kənarda qoyaraq Rusiya ilə birbaşa danışıqlar aparır. Bu da göstərir ki, mövcud danışıqlarda həm ixtilaflar, həm də müxtəlif güc mərkəzləri arasında fikir ayrılığı davam edir. Yaxın gələcəkdə bu danışıqların müvəffəqiyyətsiz olması, Ukraynanın sülh planını qəbul etməməsi və ya Avropa tərəfinin buna razı olmaması nəticəsində münaqişənin uzunmüddətli həllinin çətinləşməsi ehtimalı böyükdür. Ukraynanın suveren ərazilərindən imtina etməsi ölkə üçün ciddi təhlükə yaradır və fikir ayrılıqları daha da dərinləşəcək”.

Çıxılmaz durum

Politoloq Oqtay Qasımov diqqətə çatdırıb ki, Ukrayna-Rusiya danışıqları ilə bağlı verilən pozitiv açıqlamalar, əslində, bütün məsələlərin tam həll edildiyi anlamına gəlmir.

Onun fikrincə, tərəflər arasında hələ də ciddi fikir ayrılığı yaradan, uzun müzakirə tələb edən əsas məqamlar mövcuddur: “Xüsusilə ərazilərdən imtina, NATO məsələsi və təhlükəsizlik təminatları Kiyev üçün ən həssas və prioritet şərtlər olaraq qalır. Ukrayna, hazırda nəzarətində olan ərazilərin Rusiya tərəfindən güzəştə gedilməsi mexanizmini də həyati vacib hesab edir. Bu tələblərin fonunda savaşın dayanması real görünmür. Ukrayna cəmiyyətindəki mövcud siyasi-hərbi ruh yüksəkliyi, eyni zamanda Rusiya ordusunun müxtəlif istiqamətlərdə irəliləyişində qarşılaşdığı ciddi maneələr Kiyevin mövqeyinin sərtləşməsinə səbəb olur”.

Kompromis ehtimallarına da toxunan ekspert bildirib ki, ən real variant hazırkı təmas xətti üzrə atəşkəsin əldə olunması və bunun üzərindən danışıqların davam etdirilməsidir. Lakin onun fikrincə, Rusiyanın buna gedib-getməyəcəyi hələ də açıq sual olaraq qalır: “Moskvanın tələbləri kifayət qədər maksimalistdir və bu, prosesdə ən böyük maneədir”.

Günel Elxan