“Rusiya bu sanksiyalara cavab vermək məcburiyyətindədir” Siyasət

“Rusiya bu sanksiyalara cavab vermək məcburiyyətindədir”

Mübariz Əhmədoğlu: "İndi Rusiya ABŞ-da KXDR və İranla bərabər tutulur"

"Trampın Rusiya Federasiyasını şər oxuna qoşması Putini cavab reaksiyasına təhrik etdi". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. Politoloq bildirib ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü nəhayət ki, baş tutdu və bu Tramp üçün prezidentliyi dövründə ən uzun müddətli görüş idi: "İki prezident arasında əlaqənin digər vacib məqamı Hamburqda ikinci dəfə görüşmələridir. İkinci görüş də təxminən bir saatdan çox çəkdi. İki saatdan çox çəkən birinci görüşə nisbətən ikinci görüş az davam etsə də ikinci görüş də Trampın digər rəsmi görüşləri ilə müqayisədə ən azı iki dəfə uzundur. Trampın bütün rəsmi görüşləri cəmi yarım saat çəkir".
Mərkəz sədri deyib ki, D.Trampla V.Putinin görüşü ABŞ-da ictimai-siyasi mühiti daha da aktivləşdirdi: "ABŞ siyasiləri prezidentlərin birinci rəsmi görüşü barədə müxtəlif antiTramp fikirlər səsləndirməsi fonunda mətbuat Trampın Hamburqda qeyri-formal şəraitdə Putinlə ikinci dəfə görüşü barədə məlumat yaydı. Bəlli oldu ki, görüşdə Amerika tərəfindən hətta tərcüməçi də iştirak etməyib, tərcüməçilik edən də rusiyalı imiş".
Politoloq mövzunu şərh edərkən vurğulayıb ki, ABŞ tərəfindən mətbuata sızdırılan məlumata görə guya Tramp V.Putinə səsini qaldırıb, iki saat yarımlıq vaxtın təkcə 45 dəqiqəsi Rusiyanın ABŞ-dakı seçki proseslərinə qarışmasına həsr olunub. Tramp bu mövzuda iki dəfə V.Putinə təzyiq edib və istədiyini alıb.
Ekspert daha sonra deyib ki, V. Putin Hamburqdan öz ölkəsinə qayıdarkən təyyarəsi 500 km məsafə qət edərək NATO ölkələrinin səmasına daxil olmaqdan yayındı: "Bu, Putinin Trampla keçirdiyi görüşə verdiyi strateji qiymət idi. Görüşün nəticəsinə etibar etsəydi təyyarəsinə ABŞ-ın əmri ilə idarə olunan NATO ölkələrinin hücum edəcəyindən şübhələnməzdi".
KİV nümayəndələrinin diqqətini prezidentlərin görüşündən az keçmiş hər iki tərəfin bir-birinə qarşı sərt ritorikadan istifadə etdiyi ana yönəldən politoloq deyib ki, Sergey Lavrov az qala ABŞ-ı oğru adlandırdı.
Mərkəz sədri daha sonra deyib: "ABŞ konqresi və senatı Rusiya, İran və KXDR-ə qarşı sanksiyaları təsdiqlədi. Rusiya bu sanksiyalara cavab vermək məcburiyyətindədir. Əvvəlki sanksiyalar təkbaşına Rusiyaya qarşı tətbiq olunmuşdu. İndi Rusiya ABŞ-da KXDR və İranla bərabər tutulur. Vaxtilə ABŞ-da şər oxu üçlüyü mövcud idi. İndi burada İraqı Rusiya əvəzləyir. Rusiya ABŞ sanksiyalarına qarşı güzgü cavabı verdi. 750 ABŞ diplomatı Rusiyanı tərk etməlidir. ABŞ-da və RF-də bərabər sayda (455) diplomat fəaliyyət göstərməlidir. Rusiya Moskva şəhərinin mərkəzində ABŞ səfirliyinə məxsus mülkiyyəti ondan aldı və diplomatlardan qısa müddət ərzində oranı tərk etməyi tələb etdi. Rusiya prezidenti Putinin fikrincə, ABŞ-la Rusiya arasında münasibətlərin normallaşması yaxın vaxtlarda baş verməyəcəkdir. Yeri gəlmişkən ABŞ Rusiyaya qarşı daha əlavə sanksiyalar üzərində düşünür. Konqresi İran və KXDR-lə yanaşı Rusiyanın da adını yeni sanksiyalar siyahısına qoşdu.
Pentaqon Rusiyanı ABŞ üçün ən təhlükəli dövlət elan etdi. Bəlli parametrlərlə yanaşı iki parametri də təqdim etdi. Birincisi, RF nüvə dövlətidir. İkincisi, RF kiber hücumlar təşkil etmək imkanına malik olan dövlətdir.
Rusiya ABŞ-dan THAAD RƏMS-ləri öz sərhədlərinə yaxın ərazilərdən yığışdırmağı tələb etdi.
ABŞ-la Rusiya arasında KXDR məsələsi üzrə fikir ayrılığı qalır. RF Müdafiə Nazirliyi KXDR-ın növbəti raket sınağını Rusiya üçün təhlükə yaratmadığını bildirdi. ABŞ KXDR-i qitələr arası ballistik raket sınağından narahatdır və bunun məsuliyyətini RF-lə ÇXR-in üzərinə qoydu. Rusiya KXDR-ə humanitar yardım adı ilə 800 ton un göndərdi".
Ekspert həmçinin Ukrayna məsələsinə də toxunub. O bildirib ki, Ukraynanın ABŞ-la əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır". "Ağ Ev Ukraynanın indiki hakimiyyətini seçkiqabağı dövrdə demokratlara kömək etməkdə ittiham etdi" deyən politoloq vurğulayıb ki, ABŞ Dövlət Departamenti Minsk danışıqlarını tam dəstəklədiyini bildirdi: "ABŞ Dövlət katibi Reks Tillerson Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsini RF-nin təklifi üzrə edildiyini bildirdi. Kurt Volker ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edildi. Bu faktiki Surkov-Nuland formatının davam etdiriləcəyinə vacib işarədir".
ABŞ Dövlət Katibi Tillersonun Kiyevə səfərini və prezident Poroşenko ilə görüşünü xatırladan politoloq belə bir fikir səsləndirib ki, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi razılaşdırıldı: "ABŞ 1 tonu 113 dollar olmaqla ilin sonunadək Ukraynaya 700 min ton daş kömür satmaq barədə qərar qəbul etdi. Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Merkel, Fransa prezidenti Makron və Ukrayna prezidenti Poroşenko saat yarımlıq telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə etdilər".
Mərkəz sədri hadisələri analiz edərkən maraqlı məqamlara toxunub: "Separatçı Donetsk Xalq Respublikasının başçısı Zaxarçenko Malorossiya dövlətinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Malorossiya Ukraynanın ruslar tərəfindən verilmiş tarixi adıdır. Bununla da Donbas bütün Ukraynanın ərazisinə iddia etdiyini ortalığa qoydu. "Malorossiya" terminin "Novorossiya" termininin sıradan çıxmasından sonra dövriyyəyə buraxılmasını vacib geosiyasi mesajı var. "Novorossiya" termini ilə Rusiya Ukraynanın bir qisminə-şərqinə iddia etdiyini bildirdiyi halda "Malorossiya" termini ilə Rusiya bütövlükdə Ukraynanın ərazisinə iddia etdiyini bildirir. Rusiyanın ATƏT-dəki nümayəndəsi Lukaşeviç rəsmi Moskvanın Malorossiyadan xəbərsiz olduğunu bildirdi. Rusiya prezidenti Putinin köməkçisi Surkov isə Malorossiyanı təsəvvür olunan dövlət adlandırdı və bununla da Donbasın Ukraynanın parçalanması uğrunda deyil, bütövlüyü uğrunda vuruşduğunu göstərdiyini bildirdi. Bununla yanaşı Surkov Malorossiya ideyasını "hayp" başqa sözlə, blef proyekt adlandırdı. Ukrayna XİN Malorossiyanı Rusiyanın Abxaziya siyasəti ilə müqayisə etdi.
Polşanın xarici işlər naziri Vaşikovski Bandera mədəniyyətli Ukraynanın Avropaya daxil ola bilməyəcəyini bəyan etdi. Buna görə Ukrayna XİN Polşa səfiri Yan Peklonu dəvət etdi və nazirin bəyanatından məyusluğunu bildirdi".