Milli Məclisin yaz sessiyası başladı Siyasət

Milli Məclisin yaz sessiyası başladı

Parlamentarilər azərbaycanlıların Suriyadakı savaşa qatılmalarından narahatlıqlarını bildirdilər

Zahid Oruc: "Onlar terror qruplarının içində, Azərbaycana dönsələr, bu şəbəkə sonra da işləyəcək"

Oqtay Əsədov: "Problem ölkə üçün ciddidir, gedənlərin qarşısını almaq vacib məsələdir"

Gövhər Baxşəliyeva: "Ümumi dini-mədəni səviyyəsi aşağı olan insanlar bu sahədən uzaqlaşdırılmalıdır"

Dünən Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. İclasın gündəliyinə 14 məsələ, o cümlədən parlamentin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, 2014-cü-il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlər daxil edilmişdi.
Sessiya Azərbaycanın dövlət himinin səslənməsi ilə açıq elan olunub. Spiker Oqtay Əsədov bildirib ki, 2013-cü ilin payız sessiyası dövründə parlametin 10 plenar iclası keçirilib. Bu zaman 170 qanun və qərar qəbul edilib. Bundan əlavə, komitələr səviyysində 62 iclas keçirilib və 215 məsələyə münasibət bildirilib. Ölkədə qanunvericilik bazasının yaradılması üçün lazımi tədbirlər görülüb.
O.Əsədovun sözlərinə görə, ötən sessiya dövründə mühüm hadisə oktyabr ayıdan prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsidir: "Bu, son 10 ildə həyata keçirilən tədbirlərin, görülən işlərin məntiqi nəticəsi olub".
Millət vəkil Zahid Oruc cari məsələlər ətrafında çıxışında Azərbaycandan Suriyaya gedənlərlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılmasını və onlar barəsində cinayət işinin açılmasının təklif edib: "Orada döyüşənlər guya "Suriya azadlıq ordusu" adı altında Bəşər Əsədə qarşı vuruşurlar. Onlar terror qruplarının içində, Azərbaycana dönsələr, bu şəbəkə sonra da işləyəcək. Azərbaycan dövlət heç vaxt terrora dəstək verməyib. Amma indi onrada döyüşənlər təkcə öz ailələrinə ziyan vurmurlar, həm də terrorçu kimi Azərbaycanın adına ziyan verirlər".
Milli Məclis üzvü Baş Prokurorluğa müraciət edərək Suriyadakı döyüşlərdə iştirak edən insanlara qarşı cinayət işi qaldırılmasını istəyib: "Bilsinlər ki, Azərbaycana qəhrəman kimi dönməyəcəklər, orada gördükləri vəhşilikləri burada tətbiq edə bilməyəcəklər. Mən bu insanlara güzəşt mövqeyi, humanist mövqeyindən yanaşılmasını yolverilməz sayıram. Bu məsələyə məhz qanuni cəhətdən münasibət bildiriləməsini xahiş edirəm".
Spiker Oqtay Əsədov da Suriyada gedən döyüşlərdə muzdlu azərbaycanlıların vuruşması məsələsindən danışarkən problemin ölkə üçün ciddi olduğunu vurğulayıb. O.Əsədov deyib ki, gedənlərin qarşısını almaq vacib məsələdir:
"Muzdlu döyüşçülər təhlükəli məsələdir, bunun qarşısının alınması da çətindir. Amma təhlükəliliyini nəzərə alaraq lazımı addımlar atılacaq".
Oqtay Əsədov Suriyada vuruşanların hamısını terrorçu adlandırmağı düzgün hesab etmədiyini bildirib: "Onlar muzdlu əsgərlərdir. İnsanların ora getməsinin qarşısını almaq həqiqətən çətindir, bilinmir haradan hara gedirlər".
Fərəc Quliyev isə bu cür hadisələri önləmək üçün məktəblərdə din haqqında daha dərin məlumat verilməsini təklif edib.
Deputat Fuad Muradov son zamanlar azərbaycanlı gənclərin əcnəbi ölkələrdə muzdlu döyüşçü kimi iştirakı ilə bağlı yayılan məlumatların araşdırılmasına çağırıb. Azərbaycanda əhalinin çoxunun gənclər təşkil etdiyini deyən Fuad Muradov onların daim prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının gənclərlə bağlı yürütdüyü siyasəti, fərmanları bu təbəqənin inkişafına yönəldilib: "Mən bir məsələyə toxunmaq istəyirəm. Son zamanlar internetdə, sosial şəbəkələrdə xarici ölkələrdə döyüşən azərbaycanlı gənclərlə bağlı xəbərlər yayılır. Xaricdə vuruşmağa gedən bu şəxsləri təbliğ etmək lazım deyil. 2014-cü il başlayandan torpaqlarımızın düşməndən qorunması uğrunda gedən döyüşlərdə gənclərimiz şəhid olub. Vətən uğrunda həlak olmuş bu gənclərin təbliğatı aparılmalıdır".
Deputat bildirib ki, internetdə terroru təbliğ edən açıq saytlar formalaşıb: "Açıq şəkildə demək istəyirəm. İnternetdə terrora açıq çağırışlar edən saytlar var. O saytlar mütləq bağlanmalıdır. Terrora dəstək verən internet resurslarına qarşı cinayət işi açılmalıdır".
Deputat qeyd edib ki, bu heç bir halda vətəndaşların internetdən məlumat alma azadlığının pozulması demək deyil. "Ölkədə internet azadlığına heç bir məhdudiyət yoxdur. Vətəndaşlar bundan sərbəst şəkildə istifadə edirlər. Ancaq terrora dəstək verən internet resursları qanun qarşısında cavab verməlidirlər".
Cari məsələlərin müzakirəsindən sonra Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi yenidən formalaşıb
Əvvəlcə İntizam komissiyasının tərkibi yenidən müəyyənləşib. Komissiyanın tərkibi deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Səyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət olub.
Daha sonra Hesablayıcı komissiya yenidən formalaşdırıb. Komissiyaya deputatlar Qüdrət Həsənquliyev, İsa Həbibbəyli, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil olub. Prosedura uyğun olaraq hər iki komissiya öz aralarında sədr seçəcək.
Sonra millət vəkilləri yaz sessiyasının iş planına bir sıra məsələlərin daxil edilməsini təklif ediblər. Millət vəkili Zahid Oruc bir sıra məsələlərlə yanaşı, Azərbaycan parlamentinin adının dəyişdirilməsini də təklif edib.
Onun fikrincə, Azərbaycan parlamenti Millət Məclisi adlandırılmalıdır: "Azərbaycan parlamenti ötən əsrin 90-cı illərindən seçilmiş adla elə Milli Məclis olaraq da adlandırılır. Milli sözü konkret bir milləti ifadə etmir, bütövlükdə çoxluğu ifadə edir. Azərbaycan da çoxmillətli ölkədir. Biz Milli Bankın adını dəyişdirib Mərkəzi Bank qoyduq. Mən hesab edirəm ki, Milli Məclisin adı dəyişdirilərək Millət Məclisi olmalıdır. Lakin bu heç də Türkiyə Böyük Millət Məclisinin adına adekvat oxşar addım atmaq, özümüzü eyniləşdirmək, sadəcə simvolik, formal addım atmaq düşüncəsindən irəli gəlmir".
YAP-çı deputat Mübariz Qurbanlı "Psixoloji xidmətlər haqqında" yeni qanunun işlənib hazırlanması təklifini irəli sürüb.
Digər YAP-çı deputat Siyavuş Novruzov isə çıxışında ki, bələdəiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər etməyə çağırıb: "Dünyada ən asan bələdiyyə seçkiləri Azərbaycanda keçirilir. Bir namizədin irəli sürülməsi üçün 10-15 nəfərin imzası yetərlidir. Hazırda bələdiyyə sədrini bələdiyyə üzvləri öz aralarından seçirlər. Əslində bu, düzgün deyil. Yaxşı olar ki, seçicilər bələdiyyə üzvlərini seçdikləri kimi, bələdiyyə sədrini də seçsinlər. Çünki bu həmin bələdiyyə sədrləri qarşısında məsuliyyət yaradar. Bu həm bələdiyyə sədrinin işini asanlaşdırar, həm də onun vətəndaşlarla birbaşa əlaqələrində problemlərin qarşısını alar".
S.Novruzov həmçinin səyyar qəzet satışı ilə bağlı məlumatlara da münasibət bildirib: "Bu gün Bakıda müasir standartlara cavab verən bir çox köşklər quraşdırılıb. Vətəndaş həmin köşklərdə istənilən qəzeti rahat şəkildə ala bilər. Ona görə də burada heç bir problem yoxdur. Kiminsə qəzeti satılmırsa, bunun problemini köşklərdə yox, onun məzmununda, mahiyyətində axtarsınlar. İnsanlar üçün maraqlı nəsə varsa, bunu mütləq tapacaqlar. Ona görə də qəzetləri daha oxunaqlı və maraqlı dərc etmək lazımdır".
Gənclərin çoxunun hələ də evsiz olduğunu deyən millət vəkili Fəzail Ağamalı isə ipoteka ilə bağlı qanuna yenidən baxmağa çağırıb: "2005 ci ilə Milli Məclis ipotek haqqında qanun qəbul edib. Biz keçən il ipoteka fonduna xeyli miqdarda pul ayırdıq. Bu ipoteka problemini qismən də olsa aradan qaldırmadı. Burada maxinasiya var. Gənclərin evinin olmaması nəticəsində onların ailələrinin dağılmasının qarşısını almaq lazımdır. Bunun üçün ipoteka kerditləri ilə bağlı yeni qanunlar qəbul etməliyik".
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva isə bildirib ki, Azərbaycan tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətləri aşağılayan halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir: "Məsələn, bu gün də Azərbaycan dövlətçiliyinin qurulmasında və tarixində müstəsna rol oynayan Şah İsmayıl Xətai barəsində onu aşağılayan hallara rast gəlmək olur. Bu hallara xüsusən də Osmanlı dövründə yazılmış tarixi mənbələrdə rast gəlinir. Belə ki, həmin mənbələrdə Şah İsmayıl Xətai vəhşi obrazında, anasının başını kəsən kimi təqdim edilir. Sonra da o mənbələrdən istifadə edənlər yanlış fikir yaradırlar".
Millət vəkili qeyd edib ki, həmin tarixi mənbələrdən nəinki əvvəllər, elə indi də istifadə edərək yanlış fikirlər formalaşdırılır: "Hazırda Türkiyədə İsgəndər Paal adında birisi əsər yazır və o əsərdə Şah İsmayılı aşağılayan fikirlərə rast gəlmək olur. Odur ki, bu məsələlərin qarşısını ancaq qanunvericilik yolu ilə ala bilərik. Bu, Şah İsmayıldan tutmuş bu günədək olan tarixi şəxsiyyətlərimizin aşağılanmasının qarşısının alınmasına təsir edəcək".
Gövhər Baxşəliyeva daha sonra din-dövlət münasibətlərində tənzimlənmə işləri aparılmasının vacibliyini vurğulayıb. O deyib ki, din xadimlərinin bilikləri təkmilləşdirilməlidir: "Müxtəlif regionda vətəndaşlarımız İslam dinini istədikləri formada qavrayırlar. Çox vaxt da həqiqətdən kənarda qalırlar ki, bu da fəsad törədir. Buna nəzarət eləmək lazımdır. Mollaların və ruhanilərin bir çoxu savadsızdır. Onların savadları, bilikləri artırılmalıdır. Ümumi dini-mədəni səviyyəsi aşağı olan insanlar bu sahədən uzaqlaşdırılmalıdır. Onlara azərbaycançılıq prinsipləri əsasında tədris keçilməlidir. Bu istiqamətdə müntəzəm, gərgin iş aparılmalıdır".
Parlamentin spikeri Oqtay Əsədov bu təklifə cavabında qeyd edib ki, ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərim insanlara həm də Azərbaycan dilində oxunmalıdır: "Bizim dinimizin əsas kitabı Qurani-Kərimdir. Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Yavaş-yavaş bu fikrə də baxmaq lazımdır ki, əgər bu kəlamlar bizə lazımdırsa, öz dilimizdə deyilsin ki, hamı başa düşsün. Oturub dini işçilər arasında attestasiya keçirməyəcəyik ki?! Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var, dini mərkəzlər var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik, Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Bu istiqamətdə də fikirləşmək lazımdır. Bizim ruhanilər, din xadimləri və bu işə nəzarət edənlər İslamı vətəndaşlara başa düşdüyü dildə təbliğ etməlidir ki, ayrı-ayrı qüvvələr yaranan boşluqdan istifadə etməsin".
Daha sonra iş planı haqqında məlumat verən sədr Oqtay Əsədov bildirib ki, yaz sessiyası müddətində Rəqabət Məcəlləsi, reklam haqqında, dəniz limanları, hərbi qulluqçuların statusu haqqında, silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında, elm haqqında qanun layihələri müzakirəyə çıxarılacaq. Spiker əlavə edib ki, deputatlar eyni zamanda kənd təsərrüfatı kooperasiyası haqqında, yaşıllıqların mühafizəsi haqqında, akkreditasiya haqqında qanun layihələrini, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər, o cümlədən təşəbbüs qaydasında daxil olan qanun layihələrini müzakirə edəcəklər.
İş planı səsə qoyularaq qəbul olunub.

Cavanşir Həsənli