“Müqavilə Azərbaycan üçün iqtisadi-siyasi cəhətdən çox vacibdir” Siyasət

“Müqavilə Azərbaycan üçün iqtisadi-siyasi cəhətdən çox vacibdir”

"Əsrin müqaviləsi"nin yenilənməsi sayəsində Azərbaycana 40 milyard dollara yaxın investisiya qoyulacaq". Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadılması barədə danışarkən deyib.
O, müqavilənin Azərbaycan üçün iqtisadi-siyasi cəhətdən çox vacib olduğunu bildirib: "Məlum olduğu kimi, bu gün "Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi ilə bağlı neft müqaviləsinin imzalanma mərasimi baş tutub. Bu müqavilə "Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının uzun müddət işlədilməsini nəzərdə tutur. Burada əsas şərtlərdən biri SOCAR neft şirkətinin pay faizinin artması ilə bağlıdır. Əgər SOCAR-ın 1994-cü ildə imzalanan müqavilədə payı 11.6% olubsa, hazırda bu rəqəm 25% təşkil edəcək. Bundan əlavə, SOCAR-a 3.6 milyard dollar bonus veriləcək. Yəni müqavilə imzalandıqdan sonra həmin şirkətlər dövlətə 3.6 milyard dollar ödəyəcəklər. Digər tərəfdən bu layihə ilə əlaqədar Azərbaycana 40 milyard dollara yaxın investisiya qoyulacaq. Bu da "Əsrin müqaviləsi"nin yenilənməsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu göstərir.
Amma əvvəllər deyirdilər ki, bu yataqda cəmi 500 milyon ton neft var. Bu vaxta qədər biz 500 milyon tondan çox neft çıxarmışıq. Təxmini bir o qədər də neft ehtiyatımız var".
Millət vəkili qeyd edib ki, "Əsrin müqaviləsi"nin yenilənməsi həm iqtisadi, həm də siyasi cəhətdən çox vacibdir:
"Hər iki halda Azərbaycan layihədən kifayət qədər gəlir əldə edəcək və bu gəlir Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün istifadə ediləcək".
Ekspert bildirib ki, bu gün yenilənmiş müqavilənin 1994-cü ildə imzalanmış müqavilədən əsas üstünlüyü SOCAR-ın payının xeyli yüksək olmasıdır:
"1994-cü ildə müqavilə imzalananda siyasi şəraitdən asılı olaraq Azərbaycan müəyyən güzəştlərə getməyə məcbur olmuşdu. Lakin indi Azərbaycan artıq özü bəzi məsələlərə diktə edir və sərmayə qoymaq imkanları xeyli genişlənib.
Bu cür müttəfiq müqavilələr dövlətimizin müstəqil dövlət kimi yaşaması üçün çox vacibdir. Çünki bir sıra böyük dövlətlərin iri şirkətləri bu layihədə iştirak edəcək. Bu da Azərbaycanın müstəqil dövlət kimi daha da möhkəmlənib inkişaf etməsinə zəmin yaradacaq".