16:46
504
Ötən həftə İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Bakıda uzlaşma, əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş NATO-Azərbaycan tədbirlərində iştirak edib.
APA xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında məlumat yayılıb.
Bildirilib ki, tədbirlər çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirib, həmçinin Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstərib.
Sözügedən tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun rəsmi səfəri ilə yekunlaşıb.
Nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini general-leytenant Azər Əliyev ilə görüşlər keçirib.
Səfir Luis Morsinqlə yanaşı, tədbirdə iştirak edən Azərbaycanın NATO yanında səfiri Cəfər Hüseynzadə də regional təhlükəsizlik və sabitliyin təmin olunmasında NATO-Azərbaycan əməkdaşlığının və beynəlxalq tərəfdaşlıqların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.