16:26
483
“Azərbaycan Respablukasının Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəmizdə səhiyyə sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ilə xüsusi Fərman imzalayıb. Hesab edirəm ki, bu sənəd Fərmanda da ətraflı göstərildiyi kimi, Azərbaycan əhalisinə göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsi, səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və tibb xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması sahəsində böyük imkanlar yaradır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Deputat diqqətə çatdırıb ki, TƏBİB səhiyyə sahəsində islahatların ilk illərində, xüsusən də icbarı tibbi sığortaya keçidin daha çevik olması üçün yaradılmışdı: “Hesab edirəm ki, TƏBİB öz işini bitirdi. İndi isə vahid mərkəzləşdirilmiş rəhbərliyin idarəetməsinin tam vaxtı idi və bu da Dövlət Başçımız tərəfindən həll edildi. Bir daha qeyd edirəm ki, TƏBİB icbari tibbi sığortaya keçid dövrünün daha çevik idarə edilməsində koordinasiyaedici mexanizm idi. Artıq 7-8 ildir ki, ölkədə icbari tibbi sığorta tətbiq edilir və keçid mərhələ yekunlaşıb. Əminik ki, imzalanmış bu Fərmanda əks olunmuş bütün məsələlər uğurla həyata keçiriləcək. Fürsətdən istifadə edib, yeni təyin olunmuş səhiyyə nazirini təbrik edir, ona şərəfli və məsuliyyətli vəzifəsində uğurlar arzulayıram”.
Röya İsrafilova